13.dekabr.2019 17:47
560

"Onlardan hansı sürprizi desən, gözləmək olar" –

Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda müxtəlif qərarlar verilib, eyni zamanda futbol üzrə əsas milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin işinə son qoyulub.

Bəs bu qərarlar nəyi həll edəcək, nə dərəcədə effektiv ola bilər? Ümumiyyətlə, göndərilən xorvatın yerinə kim gəlməlidir? "Yeni Sabah" saytı bu suallar ətrafında idman jurnalistləri arasında sorğu keçirib. Onların fikirlərini sizə təqdim edirik:

Ceyhun Əliyev (sport24.az, baş redaktor):

"Qəbələ" kimi klubun maliyyə məngənəsinə düşəcəyi heç kimin ağlına gəlməzdi. Ancaq fakt faktlığında qalır ki, əyalət təmsilçisi qış fasiləsindən sonra əsas sponsorun maliyyələşdirilməsin­dən məhrum olacaq. İndi nə baş verdi? Bank zəmanəti aktivləşdiriləcək və "Qəbələ" rahat formada mövsümü başa vuracaq. Assosiasiya Premyer Liqa klubları qarşısında bu tələbi qoyanda bir çoxları bu qərara ağız büzmüşdü. Zaman isə işə peşəkar yanaşmanın mövsümün gedişatında problemlərdən yayınmaqda, klubun dağılmasında önləyici rol oynamasına necə müsbət təsir etməsini göstərdi.

Milli komandadan Nikola Yurçeviçin uzaqlaşdırılacağı barədə məlumatlar hələ xeyli əvvəl AFFA-nın kuluarlarından gəlməkdə idi. Subyektiv fikrimdir ki, millidə baş məşqçiləri tez-tez dəyişmək müsbət hal deyil. Söhbət Azərbaycan kimi kiçik futbol ölkələrindən gedir. Çünki bizim kimi ölkələrdə məşqçi faktoru nəhəng rol oynamır. Milli - piramidanın zirvəsidir. Təəssüf ki, biz problemi millidə axtarırıq, reallıq isə klublarımızın uşaq futbolunda yetişdirdikləri keyfiyyətsiz oyunçularla bağlıdır. Halbuki, futbolçu klublarda yetişir, milliyə də klublardan gəlir. Stadion var, infrastruktur var, maliyyə var, ancaq bu şəraitin qabağında milliyə yetişdirilən oyunçular Avropa futbolu ilə ayaqlaşa bilmirlər. Şəxsən mənə qalsaydı, milliyə Ayxan Abbasovu təyin edərdim və heyəti gənc futbolçulardan qurmağı tapşırardım".

Zaur Xudiyev (idman jurnalisti):

"Düşünürəm ki, AFFA İK-nın budəfəki iclasında yeni nəsə qəbul olunmadı. Milli komandanın baş məşqçisi Nikola Yurçeviçin və U-17 yığmasının çalışdırıcısı Vüqar Məmmədin istefaya göndəriləcəyi gözlənilən idi. Bundan başqa, qəbul olunan bir sıra digər qərarlar var idi ki, bunlar bu gün Azərbaycan futbolu adına nəsə xeyir gətirməyəcək. Belə deyək, hansısa futbol veteranına təsis olunan təqaüdün ölkə futbolu üçün nə mənası var ki? İndiki halda bu addımlar sadəcə kimlərinsə könlünü xoş etmək naminə atılır. Qaldı ki, milli komandaya yeni baş məşqçi kim təyin olunmalıdır? İnanın ki, bu barədə heç kim nə proqnoz verə bilməz, nə də təklif. Çünki bu rəhbərlik Yurçeviç kimi təcrübəsiz, səriştəsiz birini baş məşqçi təyin edibsə, onlardan hansı sürprizi desən, gözləmək olar. Amma mənim şəxsi fikrim belədir ki, baş məşqçinin kimliyindən asılı olmayaraq yaxın gələcəkdə Azərbaycan millisinin hansısa əlahiddə uğur qazanması mümkünsüzdür. Uzaqbaşı yenə San Marino zad düşəcək qrupumuza, 6-7 xal toplayıb təsəlli tapacağıq. Gözləyək, görək, prosesin axırı necə olacaq".

Amal Abuşov: (sport7.az, baş redaktor):

"İcraiyyə Komitəsi elə bir ab-havada keçirildi ki, adamın orda hansısa müzakirələrin aparılmasına heç inanmağı gəlmir. Baş katib Elxan Məmmədov öz köməkçilərini də İK-nin iclasına aparıbmış. Bunun özü çox maraqlı və incə nüansdı. Baş katibi başa düşdük, bəs onun köməkçilərinin İcraiyyə Komitəsinin iclasında nə işi var? Çox güman ki, qərarları elə həmin o adamlar üzündən oxuyub, üzvlər də formallıq xətrinə əllərini qaldırıblar. Burada xüsusi şərhə də lüzum görmürəm. Özləri yazır, özləri pozur, özləri də əl qaldırırlar. Azərbaycan futbolunun o qədər ciddi problemi var ki, millinin baş məşqçisi postu onların ən axrıncılarındandı. Ona qədər həmin problemləri həll etmək lazımdı. Yerli məşqçilərin çoxu millini çalışdıra bilər. Nazim Süleymanov, Mahmud Qurbanov, Arif Əsədov, Şahin Diniyev bizim futbolumuza yetərincə bələd insanlardı".

Anar Şabanoğlu (idman jurnalisti)

"Elə qlobal qərar qəbul edilməyib ki, nəsə şərh verilsin. Elxan Məmmədov növbəti dəfə icimai rəy üzərində qələbə qazandı. Hamı Elxan Məmmədovun istefasını gözləyirdi, o da olmadı. Yanvarın 8-i növbədənkənar konfrans çağırılıb, ümid edək ki, bəlkə, onda gedə. Qalan məsələlər gözdən pərdə asmaq üçündür. Məsələn, Rafiq Əlizadə, İsgəndər Cavadov, Oqtay Abdullayev və başqaları futbolumuzun tarixidir. Onlara diqqət göstərilməsi yaxşıdır. Amma o siyahıda adı olan veteranların bəlkə də heç birinin AFFA-nın təqaüdünə ehtiyacı yoxdur. Diqqətdən kənarda qalan o qədər ehtiyacı olan veteranlar var...

Divizionda və regionlar liqasında oyun alverinə görə cəzaların verilməsi də müsbət haldır. Amma premyer-liqada belə hallar yoxdurmu?! Və ya buna kimlər rəhbərlik edir? AFFA-da oturanların bu "biznesdə" və ümumiyyətlə futbolumuzun bu hala düşməsində heç bir suçu yoxdurmu?! Əgər AFFA rəhbərliyində oturanlar bərbad vəziyyətə saldıqları Azərbaycan futbolundan birdəfəlik uzaqlaşsaydı, o zaman hansısa şərh vermək, gələcəkdən danışmaq olardı. Region liqasında qəpik-quruşa oynayan həvəskarların qovulması ilə heç nə dəyişəsi deyil.

Və ya Yurçeviçin gedişi ilə nə olasıdır ki?! Yurçeviçi gətirib o yerə qoyan adamlardan hesab sorulmalıydı və ən birinci o adamlar getməli idi. Elxan müəllimlə az-çox işləməyi bacaran Prosineçki idi. Yəqin ki, yenidən onu gətirər. Amma bununla baş katib özü də etiraf edir ki, final mərhələlərinə yüksələn deyilik. Əgər elədirsə, o zaman əcnəbi məşqçilərə, "milliləşdirilmiş" futbolçulara millyonlar verməkdə məqsəd nədir? O pulları uşaq futboluna qoy və 5-10 il sonra faydasını gör. Uşaq futbolunda bir nəfər normal, peşəkar məşqçi yoxdur. Elə əsas millinin baş məşqçisinə, Azərbaycana heç bir aidiyyatı olmayan, milli formanın haqqının verməyən legioner futbolçulara sərf edilən pula görün, neçə uşaq peşəkar uşaq məşqçisi gətirmək olar?! Prosineçkinin iki il öncə seçmə mərhələdə qazandığı 10 xalı Elxan müəllim uğur kimi qələmə verir. Halbuki, biz futbolumuzun pulsuz dövründə də hər seçmə mərhələdə bir təsadüfi qələbə və heç-heçə qazanmışıq. İndi də Norveç üzərində qələbə və Çexiya ilə heç-heçə hansısa inkişaf göstəricisi və qanunauyğunluq deyil, sadəcə hər seçmə mərhələdə ola biləcək təsadüfdür... Həmin 10 xalın qalan altısı isə həvəskar San Marino üzərində qazanılıb. Lap deyək ki, 10 yox, 20 xal qazanmışıq amma qrupdan çıxa bilməmişik. Bunun nəyi uğurdu?! Kimə lazımdı bu "uğur"? Uğur tarixən bizdən zəif olan Latviyanın Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanması idi. Uğur tarixən futbolu olmayan Estoniyanın yetişdirdiyi Raqnar Klavanın "Liverpul"un heyətində çempionlar liqasını qazanması idi. Uğur hər zaman Azərbaycana və futbolumuza aşağıdan baxmış Moldovanın Artur İonitse kimi illərdir, İtaliyanın A Seriyasında sabit çıxış edən futbolçu yetişdirməsidir. Uğur Mxitaryandır...

Azərbaycan futbolunun hazırki rəhbərliyi dönəmində yeganə kiçik uğur "Neftçi"nin və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi, bir az daha ciddi uğur "Qarabağ"ın Çempionlar Liqasının qrupuna çıxması və illərdir, sabit Avropa Liqasının qruplarında oynamasıdır. Bu nəticələrin də Elxan Məmmədova heç bir aidiyyatı yoxdur. "Qəbələ" və "Qarabağ"ın AFFA-dan heç bir asılacağı olmayıb. "Neftçi"ni Avropa Liqasının qruplara yüksəltmiş adamlara göstərilmiş münasibət də bəllidir. Ümumiyyətlə, Azərbaycan futbolunun rəhbərliyi dəyişməsə, bu haqda danışmaq boş vaxt itkisidir".

Anar Xanlarov (Rekord.az, redaktor)

"Ümumiyyətlə, toplantının qapalı keçirilməsi və daha sonra mətbuata heç bir açıqlamanın verilməməsi həm mətbauata, həm də ictimaiyyətə qarşı böyük hörmətsizlikdir. Mənim üçün bu komitə, AFFA rəhbərliyi və onların iclası da çox maraqsızdır. Daha doğrusu mənasızdır. Ona görə şərh bildirməyə ehtiyac duymuram. İctimaiyyət daha çox komanda sayının artırılmasını, iş adamlarının futbola cəlbini, limitin ləğvini gözləsə də, bunların heç biri bu iclasda müzakirə olunmadı. Millinin baş məşqçii postuna gəlincə, mənə görə, indiki durumda yerli olmalıdır. Konkret namizəd demək çox çətindir. Samir Abasova şans vermək olar".

Naibə Məmmədova

 

Oxşar xəbərlər