27.dekabr.2019 08:16
608

"Dobro" versələr namizədliyimi irəli sürəcəm...

Harada aparılmasından asılı olmayaraq son günlərin siyasi söhbətlərində tez-tez təxminən belə bir dialoqların şahidi olmamaq mümkün deyil.

-Seçkiyə gedirsən?

-Cavab gözləyirəm.

-Nə cavabı?

-"Dobro" versələr gedəcəm.

Bu, "dobro" sözü siyasi leksikonumuza bu günlərdə tam yerləşib. Sual edəndə ki, bu "dobro"nu kim verir, deyirlər ki, yuxarıya yaxın adam var, daha ondan da yaxını yoxdur, o ağızlarını arayacaq, "dobro" versələr gedəcəm. Başqaları öz yerində, bu "dobro" haqq-hesabını keçmiş millət vəkilləri də deyir, təzə namizəd olanlar da. Təzələri hardasa anlamaq olar, bəs köhnələr nə deyib, yenidən deputat olmaq istəyirlər? 

Biabırçı halda öz əlləri ilə qovulan- məhz qovulan-  keçmiş parlament üzvləri arasında qayğılı görünənlər də var, yəni onlar özlərinin dediyi kimi, hələ "dobro" almayıblar. Bəzi keçmiş deputatlar da var ki, artıq dünya veclərinə deyil, "dobro" alınıb, yola davam. Hansı yola? Parlamentdə susmaq yoluna, televerilişlərdə isə yalnz yarınmaq, məddahlıq etmək yoluna, yalan danışmaq yoluna. Bu iki aylıq aralıqda da məddahlıq yarışı davam edir. 

Bu gün namizədliyini verməyəcək keçmiş deputatlardan biri ilə söhbətim oldu. Açıq dedi ki, deputatlıq ona "biznesini sığortalamaq" üçün, bir də uşaqlarını yerləşdirmək üçün lazım idi və kolleqaları arasında belələri çoxdu. Düzdür, elələri də oldu ki, məhz deputat olandan sonra bizneslə məşğul olmağa başladı və ticarəti genişləndikcə deputatlıqdan ikiəlli yapışdı. Sonra da əlavə etdi ki, mənim üçün daha bəsdi.  Bir baməzə millət vəkilindən də danışdı, dedi az qala bütün çağırışlarda deputat olub. İndi deyir ki, bir o qədər yaşlı olmasam da, hiss edirəm ki, "dobro" verməyəcəklər. Deyir ki, amma yaxşıydı, rahat gəlib otururduq, söhbətləşirdik, arada da nəsə düymə basırdıq, ildə bir-iki nazir Milli Məclisə gələndə xahişlərimizi edirdik. Rahat idi, əziyyətli iş deyildi, maaş yaxşı, məsuliyyət yox, hamı da hörmət edirdi...

Soruşanda ki, bu illərdə niyə Qarabağ problemini müzakirə etmirdiniz parlamentdə, əlini yellədib cavab verdi ki, birincisi, o bizlik deyil, ikincisi, heç yada da düşmürdü. Və gülüb əlavə etdi ki, biri sizin rayonun deputatı, bir dəfə danışdı, onda da dedi ki, "bizə kabab şişləri istehsal edən zavod lazımdır". Nəyinə lazımdır onun Qarabağ, Tərtər? Heç özü də qarabağlı deyil. Tanışım ardınca da: "guya qarabağlı üç – dörd deputat var idi, onlar danışırdı ki?"-sual etdi. Bəzi dəyişiklik olsa da, əvvəlki siyasət davam edəcək, Qarabağdan yerli adamların deputatlığı bəlkə bu dəfə azaldı-dedi sabiq millət vəkili. Ürəyimdə dedim ki, guya çox idi ki, azala. Onsuz da mənim rayonumdan, qonşu rayondan təyin olunmuş deputatlar yerli adamlar deyillər. Yazıq camaat, torpağı bir cür tapdanır, hüququ da başqa cür. 

Sabiq millət vəkili, namizədliyini irəli sürməyəcək tanışım son iyirmi ilin tam real mənzərəsindən danışırdı. 

Hələ ki, "dobro" almağı fikirləşməyən bir xeyli namizədlər də var ki, sadəlövhcəsinə düşünürlər ki, bəlkə seçki prosesində vəziyyət dəyişdi, onlara ehtiyac yarandı və "dobro" verdilər. Yəni gələcək "dobro parlament"ə nə desələr, onlar da "dobro" verəcəklər. Əlbəttə ki, bu dobrolar elə-belə verilmir, bir də gördün millətin Qarabağ kimi taleyüklü məsələsini müzakirəyə çıxardılar ki, bəs məsləhət belədi: Dağlıq Qarabağa "Xortdanın cəhənnəm məktubları"nda təsvir olunan "Nikolayın qoşunu" gəlməlidir və sizlər də ona "dobro" verməlisiniz. Dobro dobroya bağlıdır, cənablar! Sizlər də tarixə belə düşəcəksiniz.

Nə edirsiniz edin, istəyirsiniz, on dənə kabab şişləri zavodu tikin, biznesinizi inkişaf etdirin, övladlarınızı harda istəyirsiniz, rəis, prokuror edin, maaşlarınız pik nöqtəyə qaldırın, amma... Amma, bu vətənə, torpaqlara xəyanət etməyin. Sizdən nəinki torpaq azad edən, heç tələb edən də olası deyil, heç ummuruq da.., təki qol çəkib torpağımızı düşmənə peşkəş etməyəsiniz. Vətəni azad etmək işini başqa nəsil, başqa KİŞİLƏR görəcək. 

"Dobro" almağı narahatçılıqla gözləyənlərin ümidi hələ gələn ilin ilk həftəsinə qədər davam edəcək. Mirzə Cəlil demişkən- " bu nigarançılıq yaman pis şeydir". 

P.S. Ah, bu "dobro" verənlər.., ah bu "dobro" parlament...

İlham İsmayıl

Oxşar xəbərlər