Azərbaycan 26 pillə irəliləyib
23.yanvar.2020 11:59
201

Azərbaycan 26 pillə irəliləyib

"Beynəlxalq Şəffaflıq" Təşkilatının (Transparency International) milli bölməsi olan "Şəffaflıq Azərbaycan" təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edib.

Yenisabah.az xəbər verir ki,  "Beynəlxalq Şəffaflıq" Təşkilatının tərtib etdiyi Korrupsiya Qavrama İndeksi dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

2019-cu il üzrə Azərbaycan KQİ-də 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb.  2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.

 

Oxşar xəbərlər