Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! –  RƏSMİ AÇIQLAMA
23 Yan 2020 16:03
30320

Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA

Daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin əməkdaşlarına xüsusi tapşırıqlar verib.

Tapşırıqlar içərisində əsas məsələlərdən biri yol polislərinin sürücülərlə birbaşa təmas etməkdən çəkinmələri və digər məqamlar yer tapıb.

Bu tapşırıqdan sonra vəziyyət necə olacaq?

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

"Yeni Sabah" xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, yenə təmas olacaq.

“Sözsüz ki, xüsusi texniki vasitələrin sayı artdıqca, təmas minimuma endiriləcək. Zərurət olmadıqda artıq yol patrul xidmətinin inspektoru sürücünü yolda saxlamayacaq.

Hansı hissədə ki, xüsusi texniki vasitənin köməyilə qayda pozuntusunu aşkar etmək mümkündürsə, həmin ərazilərdə sürücünü saxlamağa ehtiyac olmayacaq.

Lakin bu gün inspektorun yolda olması, hərəkəti tənzimləməsi mütləqdir. Son vaxtlar hərəkətin intensivliyinin artmasına baxmayaraq, yollarda nəqliyyatın ləngiməsinin aradan qaldırılması prosesi gedir.

Yəni əvvəlki kimi bir neçə qaynar nöqtələrdə yol ayırıcını keçmək daha çox vaxt aparırdısa, indi sürücülər həmin əraziləri rahatlıqla keçirlər.

Buna misal olaraq “20 yanvar” ərazisini göstərmək istəyirəm. Əvvəl orada saxlayan nəqliyyat vasitələrinin çoxluğuna görə nəqliyyatın axını olduqca azalmışdı.

İndi ora polis naryadı cəlb olunub. Onlar PİK saatlarında nəqliyyatın hərəkətini tənzimləyirlər.

Cənab nazirin tapşırığı birinci növbədə nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təmin edilməsi, sürücülərlə qətiyyətli və eyni zamanda nəzakətli davranması tapşırılıb.

Bu o demək deyil ki, əməkdaş hansısa sürücünün yol verdiyi qayda pozuntusuna göz yummalıdır. Əksinə bu məsələyə prinsipial yanaşmaq tapşırılıb.

Sürücünün məsuliyyətdən kənarda qalması yenidən həmin qayda pozuntusuna yol verəcək”, - deyə K.Əliyev bildirib.

Qurum rəsmisi onu da vurğulayıb ki, hansısa qayda pozuntusu müşahidə kamerası, yaxud monitor vasitəsilə aşkar edilirsə, bu halda qayda pozuntusu yol polisi əməkdaşı tərəfindən bilavasitə protokollaşdırıla bilməz.

“Yəni nəqliyyat vasitəsi saxlanılaraq, sürücü barədə protokol tərtib edilə bilməz. Lakin yol polisi tərəfindən qayda pozuntusu aşkar edilirsə, bu sənədləşdirilir, sürücü onunla razılaşmırsa, onun barəsində qərar qəbul edilmir.

Həmin ərazidə müşahidə kamerası varsa, qeydə alınan hadisəyə baxış keçirilir və vəziyyətə uyğun qərar çıxarılır.

Əgər kamerada sürücünün qayda pozuntusu qeydə alınırsa, onda görüntülər əsasında tədbir görülür.

Yol polisinin tətbiq etdiyi protokol isə ləğv edilir.

Nazirin tapşırıqlarından biri də odur ki, vətəndaşların müraciətinə vaxtlı-vaxtında baxılsın. Vətəndaşların müraciətləri cavabsız qalmasın.

Müraciət edən istənilən şəxsin sorğusuna əlavə araşdırma aparmaq zərurəti olmadıqda 15 gün, digər hallarda isə 30 gün müddətinə baxılır və vətəndaşa cavab verilir.

Vətəndaşın şikayət etməsi onun haqlı olduğu demək deyil. Şikayət araşdırılır, əgər şikayət öz təsdiqini tapırsa, onun haqqında tətbiq edilən protokol ləğv edilir, ona məlumat verilir”.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalova bildirib ki, yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

Hesabat dövründə avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.

Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.

Müşavirəyə yekun vuran daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib.

O, hər bir əməkdaşın vəzifə borcunu layiqincə yerinə yetirməsi, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyyə edib.

Nazir tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar.

Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.

General-polkovnik V.Eyvazov yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib.

O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirib.

Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Prezident İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə olacaqlarına əminliyini bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər