Hacı Salayev namizədliyini niyə geri götürdü? – Daha bir neçə namizəd geri çəkiləcək
24.yanvar.2020 12:38
254

Hacı Salayev namizədliyini niyə geri götürdü? – Daha bir neçə namizəd geri çəkiləcək

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayevin namizədliyini geri götürməsi ictimai diqqəti yenidən seçki yarışına qatılan "özünü buraxan" deputatlara yönəlib. 

Yenisabah.az xəbər verir ki, Hacı Salayevin prosesdən geri çəkilməsi son olmaya bilər. Məlumat üçün deyək ki, Hacı Salayevə qədər 95 nəfər namizədliyini geri götürmüşdü. Lakin onların arasında parlamentin köhnə tərkibindən heç kim yox idi. Hazırda isə namizədliyini geri götürənləri sayı 237 nəfərə çatıb.

Ehtimal olunur ki, seçkilərə qədər daha bir neçə deputat namizədliyinin götürə bilər.

Bunun səbəbləri barədə müxtəlif mülahizələr irəli sürülür. Bəzi ekspertlərin fikrincə, xüsusilə hökumətə yaxın bitərəf deputatların yenidən namizədliklərini irəli sürməsi özfəaliyyət olub. Sosial şəbəkələrdə parlamentin yeni tərkibi ilə bağlı müxtəlif siyahıların yayılması və siyahıda hazırkı deputatların yer alması isə seçkilərin şəffaf və ədalətli keçiriləcəyinə şübhələri artırıb. 

Ekspertlər hesab edir ki, ölkədə bütün sahələrdə islahatların aparıldığı bir dönəmdə hakimiyyətin gördüyü müsbət işlərə kölgə salınması iqtidar ideoloqlarını hərəkətə gətirə və "özünü buraxan" deputatlara ziyanlı özfəaliyyətin məqsədəuyğun olmadığı izah edilə bilər. 

Hələlik ilk addımı Hacı Salayev atıb. O namizədliyini geri götürməsi barədə danışarkən "İki dəfə deputat olmuşam bəsdir" deməsi də təsadüfi deyil. Güman edilir ki, seçkilərə qədər digər bitərəf deputatlar da oxşar arqumentlə prosesdən geri çəkilə bilər.

 

Oxşar xəbərlər