Bakıda Qasım Süleymani üçün yazı müsabiqəsi keçirilir - REAKSİYALAR
24.yanvar.2020 19:53
292

Bakıda Qasım Süleymani üçün yazı müsabiqəsi keçirilir - REAKSİYALAR

Bakıdakı İran Mədəniyyət Mərkəzi Bağdadda öldürülmüş İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandiri Qasım Süleymaninin xatirəsinə həsr olunmuş poeziya, musiqi, məqalə, rəsm və klip müsabiqəsi keçirəcək. İRNA-nın məlumatına görə, generalın ölümündən sonra İran Mədəniyyət Mərkəzinə "bu böyük generalın cəsarəti haqqında çox sayda ədəbi və bədii əsərlər" verilib.

"Yeni Sabah" xəbrə verir ki, "Tədbir zamanı qaliblərə mükafatlar təqdim ediləcək", - məlumatda  deyilir. Tədbirin keçiriləcəyi tarix və vaxt açıqlanmır. Xəbəri "Turan" agentliyi yayıb.  

Süleymaniyə müsabiqə həsr olunması, onun Bakıda yad edilməsi birmənalı qarşılanmır. Azərbaycanda SEPAH generalının qətlindən sonra cəmiyyətdə müzakirələr ikili mövqe ilə müşahidə olundu.

Onu şəhid hesab edənlərlə etməyənlər arasında ciddi dartışmalar yaşandı. Rəsmi Bakı isə xarici işlər nazirimizin İran dövlətinə generalının ölümünə görə başsağlığı verməsi ilə kifayətləndi.

İndi isə Bakıdakı İran Mədəniyyət Mərkəzinin generalla bağlı müsabiqə keçirməsi sosial mediada fərqli reaksiyalarla nəticələnib.  Yeri gəlmişkən, bundan əvvəl Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 20 yanvar qırğınında əli olan Yevgeni Primakova həsr olunmuş sərgi də etiraza səbəb olmuşdu.

Ana Vətən Partiyasının sədri, V çağırış üzrə deputat Fəzail Ağamalı "Yeni Müsavat"a bildirib ki, Süleymani İran vətəndaşıdır və qonşu dövlətin generalıdır.

Fəzail Ağamalı: "Müsabiqələr İranda keçirilə bilər, vətəndaşlarımızın bu tədbirə qarışması başadüşülən deyil"

F.Ağamalı hesab edir ki, Süleymani öz dövlətinin müəyyən etdiyi xəttə uyğun olaraq hərbçi vəzifəsini yerinə yetirirdi və hərbçi kimi də Amerika tərəfindən qətlə yetirilib: 

"Bu hadisə İranın daxili işidir və müsabiqələr də İranda keçirilə bilər. Vətəndaşlarımızın bu tədbirə qarışması başadüşülən deyil. Çox təəssüf ki, bəzi hallarda İrandakı rejimin təsiri altında olanlar Süleymanini qəhrəman kimi təqdim edirlər. Lakin o, İranın qəhrəmanı ola bilər, Azərbaycanın yox..."

AVP sədri qeyd etdi ki, Süleymani bizim tərəfimizdə İran vətəndaşı və hərbçisi kimi qiymətləndirilməlidir: 

"Mən Bakıda onunla bağlı hər hansı tədbir keçirilməsini məqbul saymıram. Biz ermənilərlə döyüşdə igid, qəhrəman oğullarımızı vermişik. Bəs niyə İran dövləti bu günə qədər bizə başsağlığı verməyib, öz ölkəsində qəhrəman oğullarımızı yad etməyib? Təbii ki, bu, onların öz yanaşmasıdır və tələb edə bilmərik. Lakin Süleymaninin qətlinin də İslam dini ilə əlaqəsi yoxdur. O, general olaraq hərbçi funksiyasını yerinə yetirərkən öldürülüb və onun Azərbaycanda fetişləşdirilməsinin əleyhinəyəm".

Sərdar Cəlaloğlu: "Əgər Azərbaycan dövləti görsə ki, bu müsabiqə bizə təhlükədir..."

ADP sədri Sərdar Cəlaloğlunun "Yeni Müsavat"a bildirdiyinə görə, Azərbaycan vətəndaşları bu məsələdə kənarda qalmalıdır, neytral mövqe sərgiləməlidir.

Onun fikrincə, biz bu müsabiqəyə gərək qoşulmayaq: "Primakova sərgi keçirilibsə, Süleymani yanında "toya getməlidir". Çünki ən azı xalqımızın qanını tökməyib.

Biz İran Mədəniyyət Mərkəzinin keçirdiyi müsabiqəyə müdaxilə edə bilmərik. Amma vətəndaşlarımız müsabiqədə iştirak etməsələr yaxşıdır. Digər tərəfdən, Süleymani hərbi komandirdi, siyasi və ya dini lider deyil. Onun özünə İranda etirazlar olmuşdu, şəkilləri cırılmışdı.

Azərbaycanlı şiə qardaşlarımız təriqət təəssübkeşliyimizlə siyasəti qarışdırırlar. Biz qəbul etməliyik ki, Süleymani şiə maraqlarına yox, İran dövlətinin mövqeyinə xidmət edib".

S.Cəlaloğlu hesab edir ki, inanclı insanlar yalnız Allahın əmrlərini yerinə yetirməlidir: 

"İran-İraq müharibəsi olmuşdu və hər ikisi şiədir. İndi yenə iki ölkə arasnda savaş başlasa, hansı mövqeyi tutacaqsan? Ona görə də Qasımın qətlinə etiraz etmək olar, amma onu Azərbaycanda qəhrəman səviyyəsinə qaldırmaq lazım deyil. O baxımdan həmin müsabiqədən kənarda qalmalıyıq. Əgər Azərbaycan dövləti görsə ki, bu müsabiqə bizə təhlükədir, onda vətəndaşlarını kənarda saxlaya bilər".

Yazıçı, V çağırış üzrə deputat Aqil Abbas hesab edir ki, müsabiqəni İran Mədəniyyət Mərkəzi keçirir və burada yaşayan iranlı vətəndaşlar iştirak edə bilərlər: 

"Ancaq Süleymaninin Azərbaycana aidiyyəti yoxdur. O, İran ordusunun generalı olub və onların qəhrəmanıdır. Əgər bizim vətəndaşlar bu müsabiqədə iştirak etsələr, mənə qəribə gələcək.  Çünki başqa dövlətin generalı öldürülüb və bunun bizimlə əlaqəsi yoxdur. Mən də şiəyəm, heç vaxt məzhəb fərqi qoymamışam. Bu məsələnin şiəliklə əlaqəsi də yoxdur.  Süleymani general idi və İran dövlətinin əmrlərini yerinə yetirirdi. Mən ziyalıyam, Ömərə, Osmana və Əliyə hörmətim var, hər biri nüfuzlu xəlifə olublar. Bizdə məsələləri qarışdırırlar. İran Mədəniyyət Mərkəzi müsabiqə elan edibsə, öz vətəndaşları da iştirak etsinlər".

Aqil Abbas: "O, İran ordusunun generalı olub, onların qəhrəmanıdır"

Qeyd etmək yerinə düşər ki, İŞİD-çilərin qorxunc edam videoları dünyaya yayıldıqda, İran və Qərb mediası Süleymaninin "xilafət" lideri Əbubəkr əl-Bağdadinin imperatorluğunu yıxmaq üçün necə səy göstərdiyi haqda məlumatlar dərc edirdi.

İraq və Suriyada İŞİD-lə mübarizənin ön cəbhələrində Süleymanini göstərən videolar virtual məkanda geniş yayılmışdı. Əvvəllər çox da tanınmayan komandir cəsarət simvolu və qəhrəman kimi məşhurlaşmağa başladı.

Onun populyarlığı o dərəcədə artmışdı ki, 2015 və 2016-cı illərdə Qərblə nüvə anlaşmasına nail olan xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bərabərləşdirilirdi.

Nəhayət, yanvarın 3-də öldürülən iranlı generalın meyiti barmağındakı üzüyə əsasən müəyyənləşdirilib.

Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Mehdi əl-Mühəndis adamları ilə birlikdə Bağdad aeroportuna Q.Süleymanini qarşılamağa gəlib.

Aviazərbə Süleymani təyyarəni tərk etdikdən sonra endirilib, partlayış nəticəsində Süleymaninin bədəni hissələrə parçalanıb. Generalın meyiti barmağındakı qırmızı qaşlı gümüş üzüyə əsasən tanınıb. O, bu üzüklə dəfələrlə görüntülənib.

Q.Süleymani və M.Əl-Mühəndisin yaxınlarına başsağlığı verən İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei onların xatirəsinin hər zaman əziz tutulacağını və düşməndən qisas alınacağını demişdi. Bundan sonra ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirildi. Bir müddət sonra Amerika tərəfi etiraf etdi ki, 11 əsgəri yaralanıb.

Oxşar xəbərlər