Deputatlığa namizəd jurnalistlər İslahatlar Naminə Media Bloku yaratdı
24.yanvar.2020 21:14
274

Deputatlığa namizəd jurnalistlər İslahatlar Naminə Media Bloku yaratdı

İslahatlar Naminə Media Bloku yaradılıb.

"Yeni Sabah" Namizəd jurnalistlərin bir araya gələrək yaydığı bəyanatı təqdim edir.

"Əziz və hörmətli Azərbaycan xalqı,

2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisində ölkənin tanınmış jurnalistləri də namizəd kimi iştirak edirlər. Müxtəlif dairələr üzrə namizədlikləri qeydə alınmış həmkarlarımızın təbliğat-təşviqat kampaniyası uğurla aparılır. Seçicilərin də bu seçkiyə münasibəti yaxşı mənada fərqlidir. Onlar köhnə parlamentin məhz səriştəsiz fəaliyyət üzündən buraxıldığını bilir və yeni parlamentin daha çevik, dünyada yaşanan sərt siyasi iqlimə adekvat cavab vermə gücünə malik, xalqın rifahının yaxşılaşdırılmasına çalışanlardan ibarət tərkibdə formalaşacağına ümid bəsləyirlər.

Ölkənin bütün sahələrində ciddi islahatlar aparılır. Azərbaycan Prezidenti cəmiyyəti aktiv olmağa, ictimai nəzarəti gücləndirməyə çağırır və jurnalistləri özünün köməkçiləri adlandıraraq, medianı dəyişikliklərə dəstək verməyə sövq edir. Belə vəziyyətdə təbii ki, KİV daha məsuliyyətli olmağa borcludur, tanınmış jurnalistlərin də deputatlığa namizəd olması bu konteksdə alqışa layiqdir.

Biz həmkarıq, seçki prosesi boyunca bir-birimizin yanında olmaq mənəvi öhdəliyimizdir. Bununla yanaşı, birlikdə xalqın, cəmiyyətin, daha dəqiq, seçicinin yanında olmalıyıq.

Seçici şəffaf, ədalətli, demokratik seçkinin iştirakçısı olmaq istəyir. O, əvvəlki dövrlərdə olduğu kimi seçki prosesində yaşanan neqativləri daha görmək istəmir. Belədə seçicini arzusuna çatdırmaq bizim əsas məqsədimizə çevrilməlidir.

İslahatlar Naminə Media Bloku (İNMB) da məhz bu ehtiyacdan yarandı. Blokun üzvü olan namizəd jurnalistlər seçki prosesi boyu yaşanan həm neqativ, həm də pozitiv hadisələri bir mənbədən işıqlandırmağı hədəf seçiblər. Mübarək seçki adına xələl gətirən, o cümlədən şəffaf mühitin formalaşmasına xidmət edən hər bir hadisə yerli və dünya ictimaiyyətinin nəzərinə çatdıracağıq. Seçkinin yekun bəyanatı da İNMB tərəfindən hazırlanaraq yayılacaq.

Namizəd jurnalistlərin təmsil olunduğu blok həmkarların təbliğat-təşviqat prosesinə də dəstək verəcək. "Birimiz hamı üçün, hamımız birimiz üçün" prinsipi ilə jurnalistlərin təbliğat kampaniyasına qoşulacaq, dəyərli namizədimizi bir daha seçiciyə tanıtdıracağıq.

Ali məqsədimiz ölkədə yaşanan islahatlara dəstək olmaq, ictimaiyyətin demokratik dəyərlərə sahib çıxmasına çalışmaq, ölkəmizin və dövlətimizin adını uca tutmaqdır.

Bu yolda bizimlə birgə addımlayan bütün həmkarlarımıza uğurlar diləyir, 2020-ci il Milli Məclisinə keçiriləcək seçkinin başımızı uca edəcəyinə əminliyimizi ifadə edirik. Ölkəmizə rifah yaşadacaq islahatlara dəstək verənlər sırasında olmaq, prosesin önündə getmək media üçün şərəfdir.

23 saylı Nəsimi - Sabail seçki dairəsindən deputatlığa namizəd Şahsuvarov Taleh Novruz oğlu

28 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızı

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Abbasov Rauf Arif oğlu

45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Musayev Ceyhun Musa oğlu

48 Yevlax seçki dairəsindən deputatlığa namizəd İsmayılbəyli Süleyman Nəbi oğlu

80 saylı İmişli - Beyləqan Seçki dairəsindən deputatlığa namizəd Nəcəfov Kəramət Qəşəm oğlu

92 saylı Zərdab - Ucar seçki dairəsindən deputatlığa namizəd Seyidli Jalə Mütəllim qızı

96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputatlığa namizəd İsmayılov Rufik Afis oğlu

96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputatlığa namizəd Həziquliyev Əli Sevindik oğlu

102 saylı Samux - Şəmkir seçki dairəsindən deputatlığa namizəd Turan Tural Mətləb oğlu

117 saylı Oğuz - Qəbələ seçki dairəsindən deputatlığa namizəd İsmayılova Ləman Aləşrəf qızı

120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsindən deputatlığa namizəd Məmmədov Zaur Əhməd oğlu

125 saylı Zəngilan - Qubadlı seçki dairəsindən deputatlığa namizəd Məhərrəmova Afət Telman qızı

Qeyd: Siyahı açıqdır, adı siyahıda olmayan namizəd jurnalistlər müraciət edə bilərlər".

Oxşar xəbərlər