28.yanvar.2020 16:34
338

"Bu yaşda insanı hər yola istiqamətləndirə bilərlər" –

Azərbaycan qanunvericiliyi, yeniyetmələrin işə qəbulu üçün minimum yaş həddini, həmçinin bu kateqoriyadan olan şəxslərin işə qəbulu zamanı valideynlərin və işəgötürənin öhdəliklərini dəqiq təyin edir. Qanunvericiliyə görə, uşaqlar yaşlarına, sağlamlıq vəziyyətlərinə, ümumi təhsil və peşəkar hazırlıq səviyyələrinə uyğun olaraq işləmək hüququna malikdirlər. Məşğulluq üçün minimum yaş 15-dir. 

Qanunvericilikdə birmənalı şəkildə qeyd olunur ki, 18 yaşına çatmamış şəxslərin işə qəbulu zamanı azyaşlı olmaları, zəif iş qabiliyyətləri və ya peşəkarlıq səviyyələri səbəb göstərilərək imtina edilə bilməz. Lakin iş yerlərində bu səbəblər bəhanə olaraq gətirilir.

Bəs hazırda ölkənin əmək bazarında 18 yaşdan aşağı yeniyetmələrin işlə təmin olunma faizləri nə dərəcədədir? Məsələ ilə bağlı "Yeni Sabah"a danışan hüquq müdafiəçisi, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev ölkədə bununla bağlı hazırkı durumu belə şərh edib:

"Bu şəxslər yetkinlik yaşına çatmayan şəxslərdir və bunların işə qəbulu məsələsində valideynlərinin razılığı olmalıdır, onların qanuni nümayəndəliyi və yaxud da himayəçilik orqanları bununla bağlı rəy verməlidir. İkinci tərəfdən elə peşə sahibləri var ki, onların həmin fəaliyyətlə məşğul olması qadağandır - ağır peşə sahələri, gecə növbə və s. Bundan əlavə təcrübə məsələsi də var, işə götürənlər adətən çalışırlar ki, təcrübəli işçi işə qəbul etsinlər, eyni zamanda dövlət qulluğu da bilirsiniz ki, 18 yaşındandır. Bu da normal haldır, çünki dövlət qulluğuna ali təhsil şərtdir. 

Bu yaşda şəxslər orta məktəbi başa vururlar, kollecə qəbul oluna bilərlər. Hazırda peşə təhsili mövcuddur. Peşə məktəblərində oxuyub müəyyən peşəyə yiyələnə bilərlər. Adətən işə qəbul üçün 24-35 yaş aralığı daha çox tələb edirilir. Əvvəllər bu yaşda şəxsləri işə götürürdülər, amma əmək müqaviləsi imzalanmırdı. İndi isə əmək müqaviləsinin olmaması cinayət hesab olunur". 

Ekspert yeniyetmələrin daha çox təhsilə yönəlməsinin vacibliyini vurğulayıb:

"Mən heç razı deyiləm ki, yeniyetmələr 15 yaşından işə düzəlsin, onlar oxumalıdırlar. Daha çox kollecə, peşə təhsili almalı, ali məktəbə qəbul üçün meyllənmələri yaxşı olar. Amma bəzən ailələrin ehtiyacları uşaqları məcbur edir ki, işləsinlər. Bu yaşda uşaqları daha çox kuryer, müəyyən iaşə xidmətlərində işə götürürlər. Bu səbəblər kompleksi bu yaşda yeniyetmələrin işə götürülməsinə maneə törədir".

Sabiq deputat həmçinin işin yeniyetmələrin mənfi təsir altına düşməsinin (narkomaniya, alkoqolizm və s.) qarşısının alınmasında nə dərəcədə rol oynaması məsələsinə də toxunub:

"İşləyən şəxslərin narkomaniyanın təsiri altına düşməsi o qədər də böyük olmur. Bunun başqa tərəfləri də var. Bəzi narkotacirlər bu yaşda uşaqlardan istifadə edirlər. Onlardan narkotiklərin satılması, daşınması və s. bunun kimi bir neçə vəzifələr verirlər. Onlar düşünürlər ki, bu yaşdakılar çox az diqqət cəlb edir. 

Burda əsas məsələ onların asudə vaxtının təşkilidir. Hazırda gənclərin siyasəti ilə bağlı milli fəaliyyət planları var, böyük proyektlər var, icra hakimiyyəti orqanları, bələdiyyə orqanları və vətəndaş cəmiyyəti qurumları daha fəal olmalıdırlar. Bu yaş kövrək yaş qrupudur. Bu yaşda insanı hər yola istiqamətləndirə bilərlər. Maksimum dərəcədə onların məşğulluq problemi, yəni asudə vaxtlarının təşkili ilə bağlı məsələlər diqqət mərkəzində olmalıdır. 

Ölkə başçısı tərəfindən könüllülük ili elan olundu. Mənim düşüncəmə görə, 15-18 yaşlı yeniyetmələrin könüllülük prosesinə cəlb edilməsi prosesi ilə bağlı fəaliyyət planı olmalıdır. Eşitdiyim qədəriilə əksər nazirliklər artıq bu işə qoşulublar, fəaliyyət planı hazırlanıb, amma vətəndaş cəmiyyəti bu plana cəlb olunmayıb. Halbuki könüllülük ilinin əsas körpüsü vətəndaş cəmiyyətindən keçir. Ola bilər ki, sənədlərdə qeyri-hökümət təşkilatlarının bu prosesə qoşulduğu qeyd olunsun, amma biz müzakirələrdə bunun şahidi olmuruq". 

Sabrina Eldarqızı

Oxşar xəbərlər