29.yanvar.2020 07:47
273

"Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı realdır" –

Koronavirusun dünyada doğurduğu təşviş və həyəcan hər ötən gün daha da artmaqdadır. Bəs bu infeksiyanın Azərbaycanda yayılmasını önləmək üçün hansısa qabaqlayıcı addımlar atılmalıdırmı? Bu yöndə yalnız təbliğati tədbirlərin görülməsi nə dərəcədə qənaətbəxş hesab edilə bilər?

"Yeni Sabah" xəbər verir ki, Moderator.az-a açıqlama verən professor Adil Qeybulla bu istiqamətdə hərtərəfli addımalrın atılmasının vacib olduğunu qeyd etdi:

"Səhiyyə Nazirliyi artıq bu məsələyə müdaxilə edib. Hesab edirəm ki, biz vaxtında bununla bağlı tədbirlər görməliyik. İstər profilaktik, istərsə də müalicə istiqamətində addımlar atmalıyıq.  İlk növbədə sərhəd keçid zonalarına nəzarət gücləndirilməlidir.

Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da koronavirusu təhlükəli adlandırıb. Bundan xeyli sayda insan dünyasını dəyişib. Bu infeksiya qısa müddətdə ağırlaşmaya səbəb olur.

Azərbaycanla Çin arasımda ticarət əlaqələri güclüdür. Ölkəyə idxal edilən məhsulların təxminən 70%-ə qədəri bu ölkənin payına düşür. İnsanların bu ölkəyə aktiv şəkildə gediş-gəlişi var. Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır. Ona görə də biz əhali arasında ilk növbədə təbliğati iş aparmalıyıq. Maarifləndirmə işləri həyata keçirməliyik. Insanlar bilməlidir ki, onlar necə qorunmalı, xəstələndikləri halda nələrə riayət etməlidirlər. Bunlar çox vacibdir. Çünki təcrübə göstərir ki, infeksiyanın lokallaşdırılması üçün bu tədbirlərin düzgün görülməsi böyük önəm kəsb edir. Bu, insan tələfatının da qarşısını xeyli dərəcədə alır. Odur ki, bütün bunlara, eləcə də Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə riayət etmək lazımdır".

Məlumat üçün qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi ölkəmizdə koronavirusa yoluxma halının müşahidə edilmədiyini bildirib. 

Oxşar xəbərlər