AMEA Heydər Əliyevə həsr olunmuş elmi konfrans keçirib

AMEA Heydər Əliyevə həsr olunmuş elmi konfrans keçirib
İyul 11, 2019 17:42
Oxunma sayı: 137

İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə başlamasının 50 illiyinə həsr olunmuş “Heydər Əliyev epoxası: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

AMEA-dan “Yeni Sabah”a verilən məlumata görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə 14 iyul 1969-cu ilin Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldığını diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycanın müstəqillik dərsləri: Heydər Əliyevdən İlham Əliyevə” adlı məruzə ilə çıxış edib.

“Hansı xalq millətlərin, bəşəriyyətin həyatında mühüm rol oynayan dahi şəxsiyyətləri rəhbər vəzifəyə gətirib taleyini ona etibar edirsə o tarixin bütün sınaqlarından uğurla çıxır, gələcəyə doğru inamla yol gedir” deyən akademik İsa Həbibbəyli Azərbaycana Heydər Əliyev kimi dahi şəxsiyyətin uzun illər rəhbərlik etməsinin Azərbaycan xalqının həyatında da dönüş yaratdığını vurğulayıb.

Sonra millət vəkili, xalq yazıçısı Elmira Axundova “1969-cu ilin 6 avqust plenumu: Böyük dönüşün möhtəşəm başlanğıcı” mövzusunda məruzə edib. Heydər Əliyevin ilk hakimiyyətə gəlişindən söz açıb, şahidlərin bu dönəmlə bağlı söylədikləri xatirələri bölüşüb.

Tədbirdə A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Heydər Əliyev – Dünya şöhrətli, görkəmli dövlət xadimi” adlı məruzəsi dinlənilib.

AMEA-nın Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev “Azərbaycan elmi Heydər Əliyev epoxasında” mövzusu ilə məruzə edib.

Yenisabah.az