Arıq inəklər parlamentdə müzakirəyə çıxarıldı

Arıq inəklər parlamentdə müzakirəyə çıxarıldı
Yan 24, 2019 20:15
Oxunma sayı: 86

“Özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib. Deputat qeyd edib ki, nöqsanlar aradan qaldırılmalıdır: “Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”.

Deputat Araz Əlizadə isə bildirib ki, ölkə başçısı əlindən gələni edir, yerdəki məmurlar prezidentin əməyini yerə vururlar. “Sosial şəbəkələrdə şəkilləri yayılan özünəməşğulluq proqramı çərçivəsində insanlara verilən xəstə heyvanlar məsələsi düzdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində düşünülməmiş qərar qəbul edilir".

A.Əlizadə qeyd edib ki, özünəməşğulluq proqramı çərçivəsinə əhaliyə verilən heyvanlar yerli heyvanlardır. "Əslində insanlara cins heyvanlar verilməlidir ki, onlar onu inkişaf etdirsinlər, saylarını artırsınlar və bir nəticə əldə etsinlər.

Nazirlik deyir ki, sənə verilən xəstə heyva öldüsə bizi ver məhkəməyə. Sən öz cibindən almırsan ki, bu heyvanı, buna büdccədən cənab prezident tərəfindən pul ayrılır. Olmaz belə. İnsanlara hörmət etmək lazımdır. Bu gün insanlara verilən əksər heyvanlar bazara çıxarılan heyvanlardır.

Bazara hansı heyvanlar çıxarılır? Kəsilmək üçün 600-700 manatlıq heyvanlar çıxarılır. Amma müraciət edən insanlara bir neçə minlik yazılır həmin heyvanlar. İndi həmin insanlar həmin xəstə heyvanlarla özünü və ailəsini necə dolandırsınlar?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz...”

Modern.az

Yenisabah.az