“Bütün bəlaların arxasında Ermənistan yox, Rusiya dayanır”

“Bütün bəlaların arxasında Ermənistan yox, Rusiya dayanır”

Siyasət

29 Noyabr 2022 15:32 1079


“Monitorinq mərkəzində Rusiya ilə Türkiyənin arasında razılıq olmadığına görə çoxfikirlilik yaranıb və onlar bir-birini qəbul etmir. Türkiyə daha çox həqiqətin tərəfini tutmaq istəyir. Rusiya da bunu Azərbaycana dəstək kimi qiymətləndirir. Bütün bəlaların arxasında Ermənistan yox, Rusiya dayanır və bunu açıq demək lazımdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Ukraynada uğursuzluğa düçar olsa da, Rusiya yenə də öz imperiya ambisiyalarından əl çəkmir:

“Sülhməramlıları bölgəyə Azərbaycanı sevərək yerləşdirməyib ki. Biz Şuşanı alandan sonra üçtərəfli bəyanatı imzalamağa və rus ordusunun yenidən Azərbaycana, həm də başqa adla girməsinə məcbur qaldıq. Amma Rusiya burada özünü müvəqqəti yox, daimi hiss etmək istəyir. Daha doğrusu, bu arzunu həqiqətə çevirməyə çalışır. Ona görə də təxribatların sayı çoxalıb. 

Azərbaycan Müdafiə Nazirliyi dönə-dönə qeyd etsə də, Rusiya Müdafiə Nazirliyi Qarabağdakı əraziləri keçmiş erməni yaşayış məntəqələrinin adı ilə adlandırır, “Dağlıq Qarabağ” terminindən istifadə edir və yenə də haqsız olaraq Azərbaycanı təqsirləndirir. 

Üçtərəfli bəyanatın 4-cü bəndinin əksinə, erməni silahlı qüvvələri yenə də Azərbaycan ərazisindədir, yenə də istehkamlar qurur və yenə də rus ordusu buna göz yumur”.

Siyasi şərhçinin fikrincə, sülhməramlı adı ilə bölgəyə gələn rus ordusu hazırda Azərbaycana qarşı təkcə hərbi yox, həm də mədəni-demoqrafik təxribatlar aparır:

“Əhalini süni şəkildə artırmaq, onlara məktəb tikmək... Az qalır erməniyə yemək də bişirib versinlər. Görünən odur ki, sülhməramlılar, ümumiyyətlə, heç bir qayda-qanuna əməl etmir, öz “qanunlar”ı ilə hərəkət edirlər. 

Artıq Azərbaycan başqa müstəviyə keçməlidir. Çünki Müdafiə Nazirliyi bəyanat verir, xeyri olmur. Xarici işlər naziri danışır, xeyri yoxdur. Milli Məclis deyir, xeyri yoxdur. 

Üçtərəfli bəyannamə ratifikasiya olunmayıb və sülhməramlıların orada yerləşməsi qeyri-qanunidir.

Bu məsələ Azərbaycan mediasında qabardılmalı, Milli Məclis bununla bağlı müraciət qəbul etməlidir. Təkcə Rusiyanın Dövlət Dumasına yox, eləcə də beynəlxalq təşkilatlara, xüsusilə BMT-yə. Çünki sülhməramlıların Qarabağa yerləşdirilməsinə dair BMT Təhlükəsizlik Şurasının hər hansı bir qərarı yoxdur. Digər tərəfdən, Rusiya çalışır ki, Qarabağ ərazisində yeni bir münaqişə ocağı yaransın. Çoxyaruslu və çoxpilləli bir münaqişə ocağı...”

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!