25 May - 23:24
Dində Yeni ili qeyd etmək haramdır?  - İlahiyyatçıdan açıqlama

Dində Yeni ili qeyd etmək haramdır? - İlahiyyatçıdan açıqlama

Din

24 Dek 2021 17:25


Hər il olduğu kimi, bu il də Yeni il ərəfəsində bir çox sosial şəbəkələrdə "bu profilin sahibi Yeni ili qeyd etmir" tipli, üzərində çarpaz xətt çəkilmiş Yeni il şəkillərinin olduğu insanlar tez-tez paylaşımlar edirlər.  

Bəs görəsən, uşaqların və əksər böyüklərin marağına səbəb olan şam ağacının qurulmasında, Yeni il şənliklərində iştirak etməkdə, Şaxta Babayla şəkil çəkdirməkdə hansı qəbahət var? İslam dini bu əyləncəni qadağan edirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri Yeni ilin sırf xristian bayramı kimi qələmə verilməsinin düzgün olmadığını deyib:

“Yeni il anlayışında bir neçə məsələ var. Birincisi, Yeni il həqiqətən xristianların bayramıdırmı? Yaxud xristianların özlərinin bu məsələ ilə bağlı fikirləri, görüşləri nələrdir? Yaxud bunun İslamdakı bayramlardan fərqi, özəlliyi, eyniliyi nələrdir? Bir insan Ramazan bayramını qeyd etsə, yaxud Qurban bayramında qurban kəsərsə, müsəlman olurmu? Yaxud qurban kəsməzsə müsəlman sayılmazmı? Əvvəlcə bu kimi suallara cavab tapılmalıdır.

Xristianlarla bağlı məsələyə gəldikdə, onlar bu bayrama “Christmas”, “Noel”, “Milad” deyir. Yəni bu sözlər bir ifadənin fərqli dilərdə olan versiyalarıdır. “Christmas” İsa Məsihin doğumu ilə bağlı istifadə olunan ifadədir. Amma xristian teologiyası ilə baxsaq görərik ki, onlarda İsa peyğəmbərin hansı tarixdə doğulması heç bəlli deyil. Çünki era İsa peyğəmbərin doğumu ilə sıfırıncı ildə başlamasına baxmayaq, bütün xristian teoloqları belə bir məqamı qeyd edirlər ki, İsa peyğəmdər eradan əvvəl ya dördüncü, ya da beşinci ildə dünyaya gəlib. İlin dekabrın sonunda gəlməsi ilə bağlı belə bir fikir də var, həmin dövrdə xristianlığı rəsmi din halına gətirən Roma olub. 313-cü il fərmanı ilə xristianlığın Roma imperatorluğunda yayılması dövlət tərəfindən himayəyə götürülür. Həmin dövrdən xristianlıq rəsmi din halına gələnə qədər, yəni ilk 3 əsrdə yeni il, İsa peyğəmbərin doğumu, Yeni il anlayışı olmayıb. Bu, dinin rəsmi olmasından sonra insanları bir çətir altında birləşdirmək üçün meydana gəlib. Çünki Roma özü paqan, yəni bütpərəst din anlayışına sahib idi. Paqanizmdə isə nə rəsmi din qurucusu, nədə yazılı hər hansı qanun olur. Həmin dövrdə  Mitraizm yayılırdı. Bu, Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran, hind  məşəli bir din idi.  Onlar Günəş Tanrıçasını dekabrın 25-i ilə əlaqələndirirdilər və elə qeyd edirdilər. Ona görə də xristianlıq rəsmi din halına gələndən sonra bunu İsa peyğəmbərin anadan olması ilə əlaqələndirdilər. Konkret olaraq Yeni ilin qeyd edilib, edilməməsi hər kəsin şəxsi yanaşmasıdır. Mən düşünürəm ki, bir insan buna dini məqsədlərlə yanaşmırsa, onu rituallaşdırmırsa, ibadət halına salmırsa, onu heç kəs qınaya bilməz. Qeyd etməyənləri də qınamaq düzgün deyil, bu onların fikri və yanaşmasıdır. Təbii ki, Yeni ili ibadət halına çevirmək doğru yanaşma deyil”.

Onun sözlərinə görə Yeni il  bu gün sırf kapitalist maraqlara xidmət edən bayram halını alıb:

"Faktiki olaraq bu gün kapitalizmin dini, mənəvi məslələri də hesaba qataraq Yeni ili keçirməsi isə tamamilə başqa məsələdir. Yeni il ərəfəsində insanlar bu gün bir-birinə yardım edirmi? Xeyr, bunu görmürük. “Sent Klaus” deyilən Əziz Nikolas adlı xristian rahibin özünün hədiyyə paylamaq anlayışı var idi. Gəlin, görək biz bunu bu gün görürükmü? Yeni il bu gün kapitalist istehlakçılığına yönəlmiş bayram kimi qarşımıza çıxır. Bayramı keçirənlərə və keçirməyənlərə heç kim heç bir şəkildə bir söz deyə bilməz. Biz sekulyar dövlətdə yaşayırıq". 

Əsmətxanım


Youtube kanalımız


Digər xəbərlər