16 Avqust - 05:31
Əli Nur: “Bədii Şurada mənim kimi ensklopedik aktyor olmamalıdır?“

Əli Nur: “Bədii Şurada mənim kimi ensklopedik aktyor olmamalıdır?“

Mədəniyyət

21 İyun 2022 10:09 1802


Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Əli Nur Akademik Milli Dram Teatrında rəhbərliklə qarşıdurma yaşayıb.

Yenisabah.az xəbər verir ki, o, Kult.az-a müsahibəsində iyunun 17-də teatrında baş verən hadisənin təfərrüatını danışıb:

- Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov Vatsap qrupuna elan yazdı ki, iyunun 17-də saat 15:00-da “Medeya” mono-tamaşasının ictimai baxışı keçiriləcək, bütün yaradıcı heyət dəvət olunur. Mən də həmin gün telekanallardan birinə dəvət olunmuşdum, amma ora getməyib teatra gəldim.

Tamaşa teatrın 4-cü mərtəbəsində, Şərifzadə adına zalda oynanılırdı. Evripidin əsəri əsasında hazırlanan tamaşada Medeya obrazını teatrımızın istedadlı aktrisası Münəvvər Əliyev ifa edir.

İçəri keçmək istəyəndə truppa müdiri Elnur Məmmədov məni saxladı, içəri girməyə imkan vermədi, əlimdən tutub kənara çəkdi. Sanki məni sürüyərək oradan uzaqlaşdırmağa çalışdı. Dedim, teatrın direktoru Azər Paşanı çağırın. Amma Elnur özünü elə aparır ki, sanki Mədəniyyət Nazirliyindəkilər onun köməkçiləridir. Dedi ki, tamaşaya baxmaq olmaz. Soruşuram, niyə? Bu hansı qanunda yazılıb? Bu hansı idarəetmə sistemidir? Bunu Azər Paşa gətirib. Azər Paşa, vaxtilə səni teatra direktor və rejissor kimi biz gətirmişik. Biz İsrafili qovmasaydıq, sən teatra gəlməyəcəkdin...

Sən gəlmisən, xoş gəlmisən: gözəl rejissorsan, bədii rəhbərsən, ağsaqqal kişisən, sənə bizim böyük hörmətimiz var. Sən niyə özbaşınalıq edirsən?

İctimai baxışda Bədii Şuranın üzvləri var idi. Bu hansı Bədii Şuradır? 13 il bundan əvvəl teatrdan qovulmuş İsrafil İsrafilovun yaratdığı kiçik bir heyətdir.

- Həmin şurada kimlər təmsil olunur?

- Teatrşünas Məryəm Əlizadə, aktrisa Bəsti Cəfərova, aktyor Ramiz Novruz, teatrın baş rəssamı Nazim Bəykişiyev və Siyavuş Kərimi.

Halbuki Bədii Şurada ən azı 10 nəfər olmalıdır. Teatrın sanballı, bilikli, istedadlı, aparıcı, həmçinin pedoqoq aktyorları o şurada təmsil olunmalıdır. Lazım gəlsə, kənar şəxslər də dəvət oluna bilər: universitet direktoru, nazirliyin nümayənləri və sair.

Şuranın üzvləri də hər 3-5 ildən bir dəyişilməlidir.

Bu gün ev dustağı olan, rüşvətxor, Azərbaycan mədəniyyətinin dağıdıcısı Əbülfəs Qarayevin 13 il əvvəl təsdiq elədiyi Bədii Şura niyə hələ də fəaliyyət göstərməlidir? Bədii Şurada niyə Nurəddin Mehdixanlı, Ramiz Məlik, Firəngiz Mütəllimova, Laləzar Mustafayeva, Şükufə Yusifova, mənim kimi ensklopedik aktyor olmamalıdır?

50 ildən çoxdur ki, Azərbaycan teatrında çalışıram. Vaxtilə Sumqayıt Teatrında işləmişəm, Ulu öndərin göstərişi ilə 1982-ci ildə həmin teatra direktor təyin olunmuşam.

40 ilə yaxındır ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoruyam, xalq artisti, Prezident təqaüdçüsüyəm. Eyni zamanda Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan tabor komandiri Rövşən Nurzadənin atasıyam.

Mən teatr bilicisi, obyektiv, demokratik adamam. Teatrda güzəşt olmaz. Teatr elə bir trubinadır ki, onu heç nə ilə əvəz edə bilməzsən. Xalqı, kütləni millət edən birinci teatr olub.

"Azdram" dünya şöhrətli teatrdır. Teatrda qanunlar var: tamaşalar hazırlananda əvvəl daxili, sonra ictimai baxışlar, daha sonra premyera keçirilir. Daxili baxışda tamaşaya teatrın yaradıcı heyəti ilə bərabər Bədii Şura da baxır.

Sonra ictimai baxış olur. İctimai baxışda isə açıq qapı prinsipidir: orada teatrşünaslar, yazıçılar, dramaturqlar, rəssamlar, bir sözlə, sənət adamları baxıb fikir bildirə bilərlər.

Son vaxtlar bizim teatrda qəribə ənənə yaranıb. Tamaşanın baxışına heç kim buraxılmır. Rəhbərlik – direktor və baş rejissor – "Azdram"da bu bir nəfərdir (Azər Paşa Nemətov), o özünün istədiyi adamları yığır və tamaşaya baxış keçirir.

70 yaşı olan aktrisa cavan qız rolunu oynayır. Cavan qızları da qoca qarı qrimində onun yanına köməkçi verirlər. Sən baş rejissor kimi buna necə göz yumursan? Nəyə görə? Sən təmiz adamsansa, üzün ağdırsa, tamaşanı Bədii Şura ilə yanaşı, kollektivlə də müzakirə elə.

- Məsələni qaldırmısınız, nə cavab almısınız?

- Deyir, mən özüm bilirəm. Axı sən özün necə bilərsən? Sənin 27 tamaşan var, onunla məşğul ol! Sən teatrda yaradıcılıq işini apar!

Bu teatr yaranandan burada işləyən direktor və baş rejissorların: Tuqanovun, Adil İsgəndərovun, Mehdi Məmmədovun yanında iki-üç rejissor olub. Azər Paşanın yanında bir rejissor da yoxdur. Tək-tənhadır. Sən direktorluqla, baş rejissorluqla, bədii rəhbərliklə məşğulsan, bəs bu tamaşaları kim hazırlamalıdır? Sənin yanında iki-üç nəfər rejissor olmalıdır.

Teatr aktyorun evidir. Amma siz deyirsiniz, aktyor teatra gəlməsin. Niyə? Bura sizin atanızın idarəsidir? Deyirsiniz ki, kimin tamaşası, məşqi varsa, o gəlsin. Məşq var? İldə bir dənə tamaşa hazırlayırsan. Bəs o biri aktyor və aktrisalar? Aktrisa var ki, 20 ildir səhnəyə çıxmır, 25 ildir tamaşa oynamır. Bu nə özbaşınalıqdır?

- Mədəniyyət Nazirliyinə də bu barədə məlumat vermisiniz. Onların mövqeyi necədir?

- Onlar da susurlar. Yalnız bir söz bilirlər: “Əli müəllim, biz teatrı bilmirik, sizdən öyrənirik”.

Aktyor çayxanada deyil, teatrda, səhnədə olmalıdır.

Azər Paşa, Elnur kimdir ki, məni içəri buraxmasın? İçəri girib görürəm ki, orada başqa adamlar da var. Bu nə özbaşınalıqdır?

Müzakirələr kollektivin içərisində olmalıdır.

Orada mən, Nurəddin Mehdixanlı kimi aktyorlar olanda tamaşanın qüsurları barədə fikir bildirəcəyik. Deyəcəyik, cənab direktor, bu aktrisa bu rola yaramır, qocadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!