25 Sentyabr - 06:36
“Ermənistan 30 il əvvəl qurduğu tələyə indi özü düşüb”

“Ermənistan 30 il əvvəl qurduğu tələyə indi özü düşüb”

Siyasət

23 Sentyabr 2022 18:35 641


“30 il əvvəl Azərbaycan əleyhinə hüquqi boşluqdan istifadə edib başlatdığı müharibə metodologiyasının tələsinə indi Ermənistanın özü düşüb”.

Yenisabah.az xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı 21 dəqiqəlik çıxışı zamanı səsləndirdiyi bir sıra məqamlara toxunan siyasi şərhçi qeyd edib ki, hökumət başçısının iftira və yalan dolu çıxışının bir neçə arqumentinə asanlıqla cavab vermək mümkündür:

“Əvvəla, erməni silahlı birləşmələri və eyni zamanda erməni terrorçuları tərəfindən Azərbaycan vətəndaşları soyqırımına məruz qalıb ki, bu da ümumi şəkildə müharibə cinayətləri kateqoriyasına aid edilir. Həmçinin ölkənin daxilində öz yurdlarından köçə məcbur edilən şəxslər də var. Bu, birmənalı şəkildə onu göstərir ki, Ermənistanın hərbi əməliyyatları mülki xarakter daşıyıb və birbaşa Azərbaycanın mülki vətəndaşlarına qarşı yönəlib. Müharibənin aparılması ilə bağlı qəbul edilmiş beynəlxalq standartların pozulması məsələsində də Ermənistan cinayət törədib. Vətən müharibəsi dövründə Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərinin bombalanması faktını unutmaq olmaz. Qeyri-hərbi zonada yerləşən şəhərlərin bombalanması hərbi cinayətdir. Bu mənada Ermənistanın əhaliyə qarşı atılmış addım ilə bağlı göstərə biləcəyi heç bir faktı yoxdur. Bir sözlə, ermənilər öz adlarını bizə qoymağa çalışırlar, lakin gözlə görülən faktlar buna imkan verməyəcək”.

Politoloq əlavə edib ki, digər bir məsələ isə sərhədlərin tanınması ilə əlaqədardır:

“Bir dövlət digər dövlətin müstəqilliyini və ərazi bütövlüyünü o zaman tanıyır ki, iki dövlət arasında ərazi tanınması ilə bağlı müqavilə olsun. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başladı və heç bir halda bunu müharibə elanı ilə müşayiət etmədi. 30 il əvvəl Ermənistan Azərbaycan əleyhinə hüquqi boşluqdan istifadə edib başlatdığı müharibə metodologiyasının tələsinə indi özü düşüb. Belə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, deməli Azərbaycan da Ermənistan ərazisinin hansı xətlərdən keçməsi ilə bağlı heç bir hüquqi öhdəlik götürmür. İndi Paşinyan “29,8 min kvadrat kilometr Ermənistan ərazisidir” deyib qışqırmağa başlayıb. Amma beynəlxalq səviyyədə tanınmış ərazilər dedikləri tezis Ermənistanın ərazi bütövlüyünü ehtiva etməyən bir məsələdir. Çünki biz Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttinin hansı koordinatlardan keçdiyi barədə məlumata malik deyilik. Ona görə də Paşinyanın bu açıqlaması da blefdir”.

N.Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışını ümumilikdə təhlil edən Ə.Əlibəyli vurğulayıb ki, o, bu nitqində Qarabağ üzərindən siyasi və hüquqi deyil, daha çox humanitar problem kimi çıxış edib:

“Məsələ bundan ibarətdir ki, Paşinyan özü də Ermənistanın Qarabağla bağlı hazırkı siyasətinin və gələcək siyasətinin konturlarının istiqamətləri barədə yetkin bir fikrə malik deyil. Qeyd edək ki, Paşinyanın indiki çıxışı Nensi Pelosinin Ermənistana səfəri ilə eyni vaxta təsadüf edir. Nensi Pelosi Ermənistana çox yox, 24 saat gec gəlsəydi, ölkənin yarım hərbiləşmiş müxalifəti artıq Paşinyanı hakimiyyətdən devirmişdi. Hesab edirəm ki, məhz buna görə Qarabağ üzərində yeni bir yanaşma izləməyə başladılar. Bir sözlə, Paşinyanın sözügedən çıxışı başdan sona qədər yalan, blef və iftiralardan ibarət idi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!