“Oyun UEFA-nındır, gəlir də onlara qalacaq” - AFFA-nın rəsmisi

“Oyun UEFA-nındır, gəlir də onlara qalacaq” -
May 15, 2019
Oxunma sayı: 155

Avropa Liqasının final matçı üçün bilet satışından əldə olunacaq məbləğ UEFA-nın büdcəsinə köçürüləcək. Qeyd edilir ki, AL-nın final oyununun Bakıya verilməsinin əsas səbəbi də budur. Bakı finala ev sahibliyi üçün bir sıra şəhərlərlə rəqabət aparıb. Azərbaycan dövlətinin dəstəyi və təmin etdiyi şərtlər sayəsində bu hüquq Bakıya verilib.

Avropa Liqası finalının oyunundan AFFA-nın hesabına hər hansı məbləğdə pul köçürülüb köçürülməməsi ilə bağlı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri  Firuz Abdullaya sual ünvanladıq. O, “Yeni Sabah”a açıqlamasında qitə üzrə futbol qurumlarının keçirdiyi bütün oyunlara təşkilatçılığı yerli federasiyaların yox, qurumların etdiyini bildirib:

“Oyun UEFA-nındır, ev sahibi kimi onları stadionla təmin edirik. Digər təşkilatçılıq məsələlərini onlar həyat keçirir. Bilet satışını da onlar özləri təşkil edir. Ümumilikdə maliyyə detalları ilə bağlı məlumat verə bilmərəm. Bilet AFFA-nın deyil ki, satsın. Amma bir məsələ var ki, UEFA və FİFA-nın təşkilatçılığı ilə keçirilən oyunlarda yatırımı təkcə yerli federasiyalar etmir. Əhəmiyyətli hissəni UEFA və FİFA təmin edir”.

F.Abdulla oyunun AFFA-nın heç bir məbləğ qəbul etmədiyindən dolayı Bakıda keçirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən, bunun həqiqəti əks etdirmədiyini qeyd edib:

“Bu,  yanlış informasiyadır, haradan qaynaqlanıb bilmirəm. Hər hansı kompromis müqavilində oyunun bizə verilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur”.

Naibə Məmmədova