26 May - 12:30
Paşinyan sərhədlə bağlı Bakıya yeni təklif göndərib

Paşinyan sərhədlə bağlı Bakıya yeni təklif göndərib

Siyasət

19 Yan 2022 07:11


Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Ermənistanın Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Bakı üçün yeni təkliflər göndərildiyini təsdiqləyib. Amma o təkliflərin konkret nədən ibarət olduğunu deməyib.

Bu barədə nə baş nazir Nikol Paşinyanın ofisindən, nə də Xarici İşlər Nazirliyindən şərh ala bilməyib. Rubinyan qeyd edib ki, “təkliflər bizim müvafiq idarə və vəzifəli şəxslərimizin bəyanatlarında səslənmiş sahələrə aiddir”. Erməni tərəfinin təkliflərinin Bakıya çatdırılacağını Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında demişdi.

O bildirmişdi ki, Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycan üçün yeni təkliflər verib və Moskva bu təklifləri Bakıya təqdim edəcək. Lavrov elə həmin mətbuat konfransında xırdalığına varmadan “prosesin mürəkkəb olacağını” da demişdi.

Azatuyunun yazdığına görə, Ermənistan müxalifəti narahatdır ki, erməni cəmiyyəti növbəti proses barədə xəbəri də başqa ölkələrin rəsmilərindən alır. Müxalif “Şərəfim var” fraksiyasından deputat Tiqran Abraamyan deyib ki, indiyədək bu məsələyə dair hökumətin mövqeyi bilinmir, çünki hər dəfə ziddiyyətli bəyanatlar verilib:

“Təbiidir ki, bizə heç bir məlumat verilməyib. Biz son aylar ərzində delimitasiya və demarkasiya prosesinə dair hansısa təfərrüatları öyrənmək istəyəndə, iqtidar ya bir-birinə zidd yanaşmalardan söhbət açır, ya da heç bir ciddi faktik məlumat vermirdi. Ümumiyyətlə, mənə belə gəlir ki, hakimiyyətin özü də ümumi məntiqlə hansı nöqtədən başlayıb hansı nöqtədə qurtarmaq barədə təsəvvürə malik deyil”.

Müxalif deputat deyib ki, bu prosesə başlanmasından və onun gedişatında yarana biləcək təhlükələr lazımınca qiymətləndirilməyib. Millət vəkili gileylənib ki, hakimiyyət bu məsələdə heç vaxt açıq və şəffaf olmayıb: “Mən hətta şübhə edirəm ki, onlar bu barədə öz komanda yoldaşlarına məlumat veriblər. Düşünürəm ki, bir neçə şəxsi çıxmaq şərtilə hakimiyyətdəkilər tam məlumata malik deyillər”.

 


Youtube kanalımız


Digər xəbərlər