Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Qaytarılan ermənilər terrorçu deyildi”  - Polkovnik
15 İyn 2021 13:14
1485

“Qaytarılan ermənilər terrorçu deyildi” - Polkovnik

İyunun 12-də tərəflər arasında əldə olunan razılığa əsasən, Ermənistanın Ağdamın mina xəritəsini 15 erməni hərbçisi müqabilində Azərbaycana verməsi ümumilikdə müsbət qarşılansa da, müəyyən qədər narahatlıq da doğurub. Cəmiyyətdə xəritədə yalan məlumatların olmasından ehtiyatlananlar da var.

Maraqlıdır, Ağdamın mina xəritəsinin saxta olub-olmadığını nə vaxt müəyyənləşdirmək mümkün olacaq?

Məsələni Yenisabah.az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov ilk əvvəl erməni hərbçilərin geri qaytarılma səbəblərindən söz açıb. Hərbi ekspert  Azərbaycanın cinayət törədən erməni diversantlarını hətta xəritələrin müqabilində də geri qaytarmayacağını vurğulayıb:

“Biz diversantları verməmişik. Azərbaycan tərəfi saxlanılan ermənilərlə bağlı istintaqın getdiyini açıqlamışdı və nəticə olaraq əli qana batmayan, terrorçuluq fəaliyyətilə məşğul olmayan şəxslərin geri qaytarılacağı bildirmişdi. Belə də oldu, 15 nəfərlə bağlı istintaq nəticələri onların geri verilməsinə şərait yaratdı. Çünki onların terrorçu fəaliyyəti təsbit edilmədi və Azərbaycan buna görə də humanist addım ataraq onları geri qaytardı. O şəxslər ki Azərbaycana qarşı cinayət törədiblər, onlar lazımi cəzanı alırlar və nə xəritə, nə də başqa bir şey qarşılığında geri veriləcəklər. Məsələn, dünən terrorçulardan biri 20 il həbs cəzasına məhkum edildi. Ona görə də mən istəməzdim ki, xəritəyə görə cinayətkarları qaytardığımız düşünülsün”.

Xəritənin hansı müddətə yoxlanılması məsələsinə gəldikdə isə həmsöhbətimiz onun olduqca ciddi bir sənəd olduğunu və dəqiq vaxt deməyin hazırda mümkün görünmədiyini vurğulayıb:

“Biz hazırda dəqiq vaxt deyə bilmərik. Xəritənin hansı səviyyədə peşəkarlıqla işləndiyini ərazini minalardan təmizləməyə başlayanda müəyyənləşdirəcəyik. Göstərilən məlumatlar mina sahələri ilə üst-üstə düşsə, onun fayda daşıdığını deyə biləcəyik. Nə qədər dəqiq işlənsə, o qədər də faydalı olacaq. Hər şey onu tərtib edən zabitlərin peşəkarlığından asılıdır. Onlar peşəkardırsa, xəritə dəqiq işlənib. Çünki xəritənin işlənməsində hətta minanın 1 metr sağ və ya solda olması da fərq edir. Məsələn, biz təmas xəttində mina yerləşdirəndə xəritələri dəqiqliklə işləmişik. Onlar da yəqin ki, ərazidəki vəziyyəti əks etdirib. Düzü, məsələyə çox böyük şübhə ilə yanaşmazdım. Çünki o, birdən-birə tərtib edilən bir xəritə deyil. Xəritələr məxfi yerlərdə saxlanılır. Onların bir tarixi, qeydiyyatı var. Orada bir çox məlumatlar əks olunub ki, bu onun, doğrudan da, xüsusi işləndiyini göstərir. Düşünürəm ki, bizə köməyi dəyəcək. Onların faydasını görsək, proses də davam edəcək. Yox, saxta çıxsa, aşağı keyfiyyətlə işləndiyi məlum olsa, bizə əlavə xəritə lazım deyil.  Çünki hər hansısa qeydiyyata alınmayan mina ölümlə nəticələnən faciədir. Sadəcə bu ilkin addımdır və dediyim kimi, istəməzdim ki, buna müəyyən şübhə ilə yanaşaraq qabardaq. Gözləyək, peşəkarlarımız xəritələri istifadə edib rəy versinlər. Çünki xəritədə əks olunan ərazidən kənarda da minanın olub-olmaması məsələsi də var”.

Şair Ramaldanovun sözlərinə görə, prosesi müəyyən qədər siyasi addım kimi də qəbul etməliyik:

“Xəritələrin verilməsi sadə bir şey deyil. Prezident İlham Əliyevin qurduğu diplomatiya sahəsində olan inkişaf və bu məsələlərin dəqiq və konkret qoyulması artıq beynəlxalq qurumların Ermənistana bu formada təsiri deməkdir. Əsasən də, bizim hörmətli jurnalistlərimizin minaya düşərək şəhid olmasından sonra dünya bu məsələyə bir də baxdı. Bu, dünyanı bəzi məsələlərdə ayıltdı. Ona görə də sənədin verilməsi həm də təzyiq, hətta məsləhət nəticəsidir. Bu addımların atılması ilə dünya onu göstərməyə çalışır ki, “Biz müəyyən şəkildə bu məsələlərlə məşğuluq”.  Biz bu gün Minsk qrupunun heç bir addım atmadığını deyirik, fəaliyyətsizliyindən söz açırıq, lakin bu da müəyyən addımdır”.

Polkovnik hadisələrin necə inkişaf edəcəyini Ermənistandakı növbədənkənar parlament seçkilərindən sonra deməyin mümkün olacağını diqqətə çatdırıb:

“Biz iyunun 20-dən sonra Ermənistanın hansı Ermənistan olacağını biləcəyik. Ondan sonra isə hansı addımlar atılmalı olduğunu müəyyənləşdirəcəyik. Seçkiqabağı proseslərdə nəyisə dəqiq proqnozlaşdırmaq çətindir. Hər halda Azərbaycan-Ermənistan münasibətlərinin Ermənistanda seçkiqabağı ən çox manipulyasiya olunan mövzu olduğunu bilirik. Ona görə də bir az gözləyək”.

Sayad HƏSƏNLİ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər