“Əsas problem maliyyə ilə bağlıdır” - Qəzənfər Abbasov

“Əsas problem maliyyə ilə bağlıdır” -
May 15, 2019
Oxunma sayı: 80

Xəbər verdiyimiz kimi “Uğur” “Şahdağ” üzərində qələbə qazanaraq Regional Liqanın 2018/2019 mövsümünün qalibi olub.

“Uğur”un baş məşqçisi Qəzənfər Abbasov “Yeni Sabah”a açıqlamasında çempionluqdan danışıb. O, qalibiyyəti rəqibi yaxşı analiz etmələri sayəsində qazandıqlarını bildirib:

“Bu çempionluğu gözləyirdim. Belə deyək, region liqasında bütün komandalardan daha çox “Uğur” finalda olub. Keçən ildə finalda oynamışdıq, bu il də finaldaydıq. Rəqibi də yaxşı tanıyırdıq. “Şahdağ” da güclü rəqibdir. Finala adlayan ən layiqli rəqiblərdən də biri idi. Sadəcə, bizim üstünlüyümüz rəqibi tanımağımız oldu. O necə oynayacaq, biz ona qarşı necə oynamalıyıq – bunların hamısını bilirdik. Öz oyunumuzu qurduq və qalib gəlib çempion olduq”.  

Baş məşqçi 1-ci diviziona qalxmaq yolunda olan maneələrdən danışıb:

“1-ci diviziona qalxmaqda problemlərimiz çoxdur. Əsas problem isə maliyyə ilə bağlıdır. Bu da rəhbərlikdən asılıdır. Həll etməyə çalışırlar, yəqin ki, növbəti mövsümdən 1-ci divizionda iştirak edərik. Alınsa, biz də istəyirik. 2 il ard-arda Regional Liqada çempion olduq, yerimizdə saymaq da istəmirik. Amma yenə qeyd edim, bizdən asılı bir şey yoxdur, rəhbərlik bilər. Onlar kimlə danışacaqlar, nə alacaqlar, nə edəcəklər, kimlə – nəticədə həll etməyə çalışacaqlar. Bu komanda çempionluğu ilə sübut edib ki, biz 1-ci divizionda oyanaya bilərik”.

Çalışdırıcı 1-ci diviziona yüksəlsələr, komandadan heç bir futbolçunun getməyəcəyini söyləyib:

 “Hazırda heç bir futbolçuya təklif gəlməyib. Amma  çempionat ərəfəsində var idi. Sadəcə, futbolçular getmədi. İndi komanda da ümid edir ki, bəlkə, 1-ci diviziona çıxacağıq. Çıxası olsaq, futbolçulardan heç kim getməyəcək”. 

Naibə Məmmədova