Sabiq nazir “Paşinyan Azərbaycana işləyir” iddiasına cavab verdi

Sabiq nazir “Paşinyan Azərbaycana işləyir” iddiasına cavab verdi

Siyasət Veb saytların hazırlanması

12 Fevral 2024 14:43 610


Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyan Paşinyanı erməni xalqının maraqlarını ayaqlar altına atmaqda ittiham edib. Surenyan baş naziri Avropa və Azərbaycanla razılığa gəlməkdə və Rusiyaya qarşı addımlar atmaqda günahlandırıb. Siyasətçi iddia edib ki, əgər yeni Konstitusiya qəbul ediləcəksə, onda Ermənistan Azərbaycan subdövləti olacaq. 

Qeyd edək ki, Nikol Paşinyan Ermənistan baş naziri seçildiyi gündən Türkiyə və Azərbaycana casusluq etməkdə və “türk” olmaqda ittiham olunur. Bəs görəsən bu iddialar nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu iddiaların sadəcə reallığı görə bilməyən ermənilər tərəfindən ortaya atıldığını deyib: 

“Siyasi məntiq ondan ibarətdir ki, müxalifət Ermənistanda real məsuliyyəti daşımır. Bu baxımdan onlar istədikləri şeyləri danışa bilər. Amma Paşinyan reallığı dərk etməyə məcburdur. Reallıq isə çox sadədir. Azərbaycan və Türkiyə ilə sülh olmadan, müxtəlif sahələrdə əməkdaşlıqlar bərpa olunmadan Ermənistanın inkişafı hər zaman sual altında qalacaq. Hələ İkinci Qarabağ müharibəsindən öncə Ermənistanın əhalisi iqtisadi blokada və işsizlik ucbatından durmadan azalırdı. Bu tendensiya indi də davam edir. Bu baxımdan Paşinyanın başqa yolu yoxdur. Ona görə də o, bu cür iddiaları görməzdən gələrək hər iki qonşusu ilə əlaqələri normallaşdırmağa çalışır. İkincisi isə nə vaxta kimi qonşularına ərazi iddiaları irəli sürmək olar? Erməni məntiqi biraz fərqli çalışır, onlar elə bilirlər ki, hər kəs onlara borcludur. Ancaq gec və ya tez reallığı dərk etməlidirlər”. 

Tofiq Zülfüqarov ermənilərin Paşinyanın Qarabağ ermənisi olmaması səbəbindən bu məsələyə biganə yanaşması ilə bağlı iddialarının da əsassız olduğunu vurğulayıb: 

“Məntiqi baxımdan yanaşsaq, bu iddialar da əsassızdır. Bəyəm qarabağlı olan erməni rəhbərlər müharibə zamanı ciddi müqavimət göstərə bildi? Bu sadəcə Paşinyanın bəzi siyasi addımları və Azərbaycanla sülhə digər erməni rəsmilərinə nisbətən daha meyilli olması ilə bağlı ortaya atılmış iddiadır. 11 min fərarisi olan bir xalqdın “qarabağlısan” və ya “qarabağlı deyilsən” kimi iddialarla danışması gülüncdür. Qarabağ ermənilərindən olan hansısa rəhbər döyüşlər vaxtı Qarabağa gələ bildi? Təbii ki, yox. Ona görə də bu cür iddialar sadəcə Ermənistanda daxili vəziyyəti daha da gərginləşdirəcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!