Səhnəmizin sonuncu mogikanlarından biri idi…
16 Mart 2020 17:17
309

Səhnəmizin sonuncu mogikanlarından biri idi…

Aktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğlu, aktyor Salman Dadaşovun qardaşı oğlu Rafael Dadaşov bu gün dünyasını dəyişib. 

Xalq artisti 1946-cı ildə Naxçıvanda sənətkarlar ailəsində dünyaya gəlib. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M.İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M.İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Vasif "İblis" (Hüseyn Cavid), Camal "Nişanlı qız" (Sabit Rəhman), Mindövlət və Aydar "Sokratı anma gecəsi" ("Eşşək dərisi üzərində məhkəmə") (Ç.Aytmatov və M.Şahanov), Tesey "Fedra" (J.Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil) və s. maraqlı obrazlar yaradıb. Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib. 

Qeyd edək ki, 74 yaşlı aktyor dekabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

O, Azərbaycan teatrının sonuncu migikanlarından biri idi…

Allah rəhmət eləsin.

 

Oxşar xəbərlər