Sosial şəbəkələrdə din təhlükəsi: onları kim “yem”ləyir? 

Sosial şəbəkələrdə din təhlükəsi: onları kim “yem”ləyir? 
Avq 29, 2019 13:50
Oxunma sayı: 240

"Sosial şəbəkələrdə din pərdəsi altında Azərbaycanda anti-din təbliğatı aparan qruplar var". 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri "Dini Qurumlar və QHT-lər: Birgə Fəaliyyətin Təşkili və Əhəmiyyəti" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Sədr müavini bildirib ki, həmin qruplar Azərbaycanda deyil, xaricdədirlər.

Onun sözlərinə görə, bu proses əsasən azərbaycanlıların da aktiv olduğu "Facebook" sosial şəbəkəsində daha çox olur: 

"Onlar Azərbaycanda din pərdəsi altında anti-din təbliğatı aparan saytlarla bu cür təbliğat aparırlar. Həmin saytlar Azərbaycanda deyil, xarici ölkələrdə fəaliyyət göstərirlər.

Çox istərdim ki, cəmiyyət, ictimai qurumlar sosial şəbəkələrdə bu cür qruplara mane olmaq üçün müzakirələr aparsın, aktiv fəaliyyət göstərməyi müzakirə etsin".

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan dini mövzularında yazan tanınmış jurnalist Kənan Rövşənoğlu sosial şəbəkələrdə fəal dini qrupların mövcudluğunu təsdiqləyib. Jurnalistin sözlərinə görə, onların konkret hansı ölkədə olduqlarını müəyyən etmək çətindir. 

“Onlar faktiki olaraq mövcud dini vəziyyət, dövlət siyasəti, eləcə də loyal dini qruplara qarşı aktiv təbliğat aparırlar. Belə demək mümkündürsə bu dini müxalifət və ya başqa sözlə siyasi islamçı qruplardır. Mövcud dini şəraiti, eləcə də hakimiyyəti tənqid edirlər”, - deyə Kənan Rövşənoğlu bildirib.

Jurnalist əlavə edib ki, bu kimi hallara qarşı administrativ mübarizə effektiv nəticə vermir. “Burada bir mənfi nüans da var. Dini sahədə olan çoxsaylı neqativ addımlar, eləcə də dini sahədə əsassız qadağalar, həbslər  həmin qrupların maraqlarına uyğundur, belə demək olarsa əlinə işləyir. 

Məsələn, Gəncə hadisələri ilə bağlı haqsız cəzalar, işgəncə və etirazlar, xüsusən də hadisə ilə əlaqəsi olmayan dindarların həbs olunub işgəncəyə məruz qalması kimi iddialar bu cür qrupların çıxışlarına dəstəyi artırır”,-  deyə Kənan Rövşənoğlu vurğulayıb. 

Jurnalist bildirib ki, belə hallara qarşı mübarizə aparmaq üçün yalnız cəmiyyətin sosial şəbəkədə aktivləşməsi yetərli deyil: “Belə halları şərtləndirən problemləri aradan qaldırmaq lazımdır. Məsələn, din sahəsində istənilən dövlət müdaxiləsi və məhdudiyyətlər, bu qruplar üçün təbliğat məhsuluna çevrilir. Sadə dindarlar isə çaşbaş qalır. Bir tərəfdə məhdudiyyətləri görür, digər tərəfdə isə onu ifşa edən, tənqid edən qrupları. Bu, tendensiya bütün dünya ölkələrində belədir. Ona görə də problemi aradan qaldırmaq üçün həm də din sahəsində aparılan siyasətə yenidən baxılmalıdır. Yoxsa hər hansı əks-təbliğat nəticə verməyəcək”.

Yenisabah.az