Sülh müqaviləsi harada imzalansın?  - “Daha çox Ermənistanın cavabı önəmlidir”

Sülh müqaviləsi harada imzalansın? - “Daha çox Ermənistanın cavabı önəmlidir”

Siyasət Veb saytların hazırlanması

07 Dekabr 2023 19:23 714


“Azərbaycan indiyə qədər bəyan edib ki, o, bütün platformalarda iştiraka hazırdır. Təki o platforma regionda beynəlxalq hüquqa əsaslanan ədalətli sülhə töhfə vermiş olsun”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Siyasi təhlilçi ABŞ dövlət katibinin köməkçisi Ceyms O‘Braynın Bakı səfəri çərçivəsində rəsmi Vaşinqtonun sülh görüşləri ilə bağlı təşəbbüsü yenidən ələ almaq istəməsini şərh edib.

Xatırladaq ki, amerikalı rəsmi görüşdən sonra “X” sosial şəbəkəsində dövlət katibi Entoni Blinkenin növbəti Bayramov-Mirzoyan görüşünün Vaşinqtonda keçirilməsinə ümidli olması ilə bağlı paylaşım etmişdi.

Bundan əvvəl isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Bakının Moskva görüşlərinə hazır olduğunu dilə gətirib. O, İrəvanın bu platformada iştirakdan boyun qaçırdığını diqqətə çatdırmışdı.

O. Qasımovun sözlərinə görə, Azərbaycan üçün məkanın fərqi yoxdur:

“Sadəcə olaraq, son bir neçə ayda Azərbaycanın həm Brüssel, həm də Vaşinqton platformalarına etirazı sırf həmin platformalarda vasitəçilik etmək istəyən tərəflərin Azərbaycana qarşı qərəzli mövqeyi və ona təzyiq etməklə bağlı davranışları olub və Azərbaycan bunu qəbul etməyib”.

Analitikin fikrincə, antiterror əməliyyatlarından sonra yaranmış reallıqlar və Azərbaycanın bütün ərazilərində suveren hüquqlarını bərpa etməsi Qərb dairələrində xüsusi qəzəblə qarşılanıb, Azərbaycana qarşı təzyiq kampaniyasına start verilib:

“Xüsusilə də, Avropa strukturlarının qəbul etdiyi qətnamə və bəyanatlar, eləcə də buna paralel olaraq Vaşinqtonun davranışları, sentyabr və noyabr aylarında ABŞ Konqresində keçirilən dinləmələr zamanı anti-Azərbaycan ritorikasının yüksək səviyyəyə qalxması və Bakıya səfər edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O‘Braynın qəbuledilməz açıqlamaları, təbii ki, Bakıda ciddi etirazlarla qarşılandı.

Azərbaycan oktyabrın əvvəlində nəzərdə tutulan Qranada görüşündən də imtina edib. Həmin görüşdə Azərbaycan tərəfi iştirak etməsə də, orada Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bəyanat qəbul olunub. Təbii ki, Ceyms O‘Braynın fikirləri münasibətlərə ciddi zərbə vurdu. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda planlaşdırılan görüşdən imtina etdiyini bildirdi”.

O. Qasımov əmindir ki, Azərbaycan vasitəçilərə yox, onların davranışları və tutduğu mövqeyə etiraz edirdi:

“Çünki bu günə qədər Azərbaycan həm Vaşinqton, həm də Brüssel formatı ilə bağlı son 3-4 ay bundan öncəyə qədər pozitiv mövqe sərgiləyirdi. O cümlədən rəsmi Bakı Moskva görüşlərində də imtina etməyib. Baxmayaraq ki, son dövrlər Moskva formatında proseslər xüsusi şəkildə irəliləmir və son 1 ildə İrəvan Rusiyanın iştirak etdiyi formatlarda görünməkdən imtina edir. Bu baxımdan, Azərbaycandan daha çox Ermənistanın cavabı önəmlidir. Çünki Azərbaycan bu görüşlərdə iştirak etməyə hazır olduğunu deyir.

Əgər hansısa tərəf daha uyğun formada görüş keçirəcək və sülhə töhfə verəcəksə, təbii ki, Azərbaycan o formatda iştirak edəcək:

“Azərbaycan üçün önəmli olan bölgədə davamlı sülhün əldə olunması və beynəlxalq hüquqa uyğun sülh müqaviləsinin imzalanmasıdır. Hansı tərəf bu mövqedə olacaq və vasitəçi kimi buna cəhd edəcəksə, Azərbaycan da həmin formatda iştirak edəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!