29 Sentyabr - 23:44
Şuşada Türkiyə konsulluğu: Düşmənlərə daha bir layiqli cavab

Şuşada Türkiyə konsulluğu: Düşmənlərə daha bir layiqli cavab

Siyasət

14 Avqust 2022 08:42 7018


İranın Qafanda konsulluq açması gündəmdədir. Xüsusilə rəsmi Tehranın belə kritik vəziyyətdə bu addımı atması birmənalı qarşılanmadı. 

Hər fürsətdə Zəngəzur dəhlizinə qarşı olduğunu açıq söyləyən İran tərəfinin Qafana konsul təyin etməsi birmənalı qarşılanmayıb. Artıq konsulun Zəngəzurun Qafan vilayətindəki vəzifəsinə başladığı da açıqlanıb.

Xatırladaq ki, Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə bittikdən sonra Türkiyənin Şuşada konsulluq açacağı  gündəmə gəlmişdi. Amma İranın son addımı Türkiyənin Şuşada konsulluq açmaq məsələsini yenidən aktuallaşdırıb. Reallıq budur ki, Azərbaycan xalqı hər zaman öz qardaşının yanında olmasını arzulayır.

Millət vəkili Bəhruz Məhərrəmov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın gücü Cənubi Qafqazda sülhün və sabitliyin yeganə qarantıdır: 

"Türkiyənin bölgədə varlığı isə Azərbaycanın gücünə güc qatır. Cənab İlham Əliyev də dəfələrlə bəyan edib ki, bizim münasibətlərimiz unikal xarakter daşıyır və dünyada Türkiyə və Azərbaycan qədər ikinci yaxın dövlət yoxdur. Bizim birliyimizin ən əsas xüsusiyyəti odur ki, bu müttəfiqlik eyni kök, dil-din amilləri ilə yanaşı, həm də beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təcavüzkar mahiyyətdən uzaqdır. Yəni bu günə qədər heç bir dövlət, yaxud güc Azərbaycan- Türkiyə birliyinin ona qarşı yönəldiyini iddia edə bilməz. Bizim birliyimizin yeganə hədəfi haqqın, ədalətin və təhlükəsizliyin təmininə yönəlib. 

Bu mənada Zəngəzurda və Qarabağda da Türkiyənin diplomatik missiyasının olması həm münasibətlərimizə, həm də sülh və əməkdaşlıq mühitinə xidmət etmiş olar. Bu ideya Ağalıda, Ağdamda, yaxud əvvəldən də versiya kimi irəli sürüldüyü kimi Şuşada Türkiyənin baş konsulluq formasında reallaşdırıla bilər. Qərbi Zəngəzurda təcavüzkarla əməkdaşlıq edən, təcavüzə dəstək verənlərdən fərqli olaraq bölgədə işğala, təcavüzə son qoyulmasında müstəsna siyasi rola malik Türkiyə bunu haqq edir".

Deputat deyib ki, hazırda çox həssas bir dövrdəyik:

"44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərinin nəticəsində son 32 ildə ilk dəfə olaraq, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Hesab edirəm ki, bölgədə sülh və əməkdaşlıq arzu edən hər bir dövlət bu həssaslığın fərqinə varmalıdır. Artıq münasibətlərin təkrar gərginləşməsinə aparacaq addımlardan, səbəblərdən və şəraitdən çəkinmək lazımdır. Buna görə də İran İslam Respublikasının Qafan şəhərində Baş konsulluq açması Tehran və İrəvanın daxili işi olsa da, bölgədə yaranmaqda olan sülh və etimad mühiti üçün ən az indiki məqamda yumşaq desək, faydalı deyil. Maraqlıdır, İrandan Qafana nə qədər adam gəlir və hansı iqtisadi şərait Tehranı Qərbi Zəngəzurda diplomatik missiya açmağa vadar edir? Hamı çox gözəl bilir ki, indi nə belə bir siyasi, nə də iqtisadi zərurət yoxdur. Bu cür addımlar bölgə və hətta İranın özü üçün müsbət heç nə vəd etmir".

Bəhruz Məhərrəmov düşünür ki, Türkiyə Zəngəzurda da Baş konsulluq açmalıdır:

"Hesab edirəm ki, Zəngəzurda da yalnız və yalnız bölgənin işğaldan azad olunması, məscidlərin donuz tapdağından qurtarılması, minaların təmizlənməsi, quruculuq və bərpa proseslərində mühüm dəstəyi olan ölkənin baş konsulluğunun açılması arzuediləndir. Bu mənada Zəngilanda, Ağalıda və üzü xan Araza sarı möhtəşəm bir imarət ucaldaraq orada qardaş Türkiyənin Baş konsulluğu açılmalıdır. Bu, millətimiz, dövlətimiz, türk dünyası və bütövlükdə İslam ümməti adına gözəl bir qərar olar. Ümumiyyətlə, qardaş Tükiyənin Zəngəzurda varlığı gücümüzə güc qatar. Bu, bütün haqq tərəfdarlarını sevindirər, nahaqları isə xar edər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!