Təhsil naziri Biləsuvarda məktəbin açılışında iştirak etdi
14 Sen 2019 12:43
429

Təhsil naziri Biləsuvarda məktəbin açılışında iştirak etdi

Sentyabrın 14-də Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, açılışda Təhsil naziri Ceyhun Bayramov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov çıxışında “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.

Təhsil naziri son illər ölkəmizdə çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Ceyhun Bayramov deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir.

Daha sonra Ceyhun Bayramov yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb.

Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1  linqafon otağı və 48 sinif otaqları, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

Oxşar xəbərlər