4 İyul - 04:18
Ukraynaya “Təslim ol!“ çağırışı:  “Dərin dövlət“ adamı dünyaya hansı mesajı verir?

Ukraynaya “Təslim ol!“ çağırışı: “Dərin dövlət“ adamı dünyaya hansı mesajı verir?

Siyasət

26 May 2022 12:25 1107


“Henri Kissincerin subyektiv mövqeyi dünya mediasında sürətlə tirajlanır və müxtəlif siyasi analitiklər ona haqq qazandırmağa çalışırlar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Henri Kissincerin Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, 1973-1977-ci illərdə ABŞ-ın dövlət katibi olmuş Kissincer Ukraynanı işğal faktı ilə razılaşmağa təkid edərək, Rusiya ilə müharibəni bitirməyə çağırıb.

Öz növbəsində, İ. Hüseynov bildirib:

“Artıq Rusiya təcavüzünün fakt olması və bunun labüdlüyü ilə bağlı fərziyyələr irəli sürülür. ABŞ-ın dövlət mövqeyi bundan ibarətdir ki, bu, Kissincerin fərdi yanaşmasıdır. Amma Henri Kissincerin dövlət siyasətinə hansı miqyasda təsir etməsi məlumdur. O, “dərin dövlət” adamıdır, böyük bir strateqdir.

İstənilən halda, işğal faktının dəstəklənməsi anlaşılan deyil. ABŞ kimi böyük bir dövlətin siyasi analitiki, eləcə də uzun illər xarici siyasət sahəsində ABŞ-ın uğurları üçün çalışan bir şəxsin bu mövqeyi bir sıra səbəblərdən qaynaqlanır.

İlk növbədə, Rusiya Avropa və Asiya üçün xammal ehtiyatları məkanıdır. Əsasən də neft-qaz resursları. Çünki bütün böyük bir məkanın enerji asılılığı var”.

Siyasi şərhçi əlavə edib:

“Digər tərəfdən, Rusiya rəsmiləri çox ciddi şəkildə, əgər məğlub olarlarsa, nüvə arsenalından istifadə edəcəkləri ilə bağlı təhdidlər irəli sürür. Ola bilsin ki, Kissincer bu yanaşmanı həmin təhdidlərə görə irəli sürüb. Çünki mümkün bir məğlubiyyət bəşəriyyətin fəlakətə uğramasına gətirib çıxa bilər.

Eyni zamanda, dünya iqtisadiyyatı böyük bir reqressiya dövrünə qədər qoyur. Hindistanın buğda və şəkərlə bağlı müxtəlif açıqlamaları, eləcə də Ukrayna və Rusiyadan ixrac olunan mallara qoyulan məhdudiyyətlər dünyanı böyük tisadi sınaqlarla üz-üzə qoya bilər”.

İlyas Hüseynov vurğulayıb ki, fevralın 24-dən öncəki dünya nizamını yenidn yaratmaq artıq mümkün deyil:

“Bu faktdır. Dünya nizamının və beynəlxalq hüququn böyük bir transformasiyaya ehtiyacı var. Bəs Rusiya-Ukrayna müharibəsi ilə bu mümkün olacaqmı? Bu da bir sualdır. Yəni müharibə dayansa, hansı şərtlər daxilində dayanacaq, Rusiya ələ keçirdiyi əraziləri hansı formada idarəçiliyə verəcək və sonrakı dövrdə bizi nələr gözləyir? Bunlar böyük bir suallardır.

Henri Kissincerin qoyduğu mövqe bu suallara cavab vermir. Ukrayna xalqı, dövləti və silahlı qüvvələri işğal faktı ilə razılaşmır və prezident Volodimir Zelenski də öz fikirini bu barədə ifadə edib”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!