Erməni deputat Paşinyanı ittiham etdi
28 May 2020 08:03
408

Erməni deputat Paşinyanı ittiham etdi

"Biz hakimiyyətin məqsədini çox yaxşı başa düşürük. Onların məqsədi referendumun keçirilməməsinə çalışmaqdır, çünki nəticələri əvvəlcədən proqnozlaşdırmaq mümkündür".

Bunu "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Naira Zohrabyan parlamentdə "Referendum haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda son dərəcə gərgin sosial vəziyyət yaranıb. Hakimiyyət koronavirus pandemiyasının ikinci dalğası da daxil olmaqla, aktual problemlərin həlli barədə düşünməli olduğu halda, parlamentdə və cəmiyyətdə süni gündəm yaratmaqdadır.

“Niyə hakimiyyət referendum keçirməkdən çəkinir? Görünən odur ki, nəticələrdən və xalqın onlara etimad səviyyəsindən əmin deyillər", - deyə erməni deputat əlavə edib.

O bildirib ki, hökumət istənilən şəkildə özünün təşəbbüskarı olduğu referendumu keçirmək istəmir.

“Sizə elə gəlmirmi ki, bu cür məntiqlə sadəcə ölkənin konstitusiyasına tüpürdünüz? Siz konstitusiyanı pol əskisinə çevirdiniz və sadəcə aktual siyasi problemi həll etmək üçün konstitusiyanı təhrif etmək qərarına gəldiniz", - Zohrabyan vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, qanunverici təşəbbüs, əslində hakimiyyətə parlament seçkilərinin keçirilməsini bilərəkdən təxirə salmaq imkanı verəcək.

Azvision.az xatırladır ki, Ermənistan parlamenti baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə bu ilin fevralında Konstitusiya Məhkəməsinin yeni tərkibini müəyyən etmək üçün nəzərdə tutulan referendum barədə qanun layihəsini qəbul edib.

Referendum aprel ayında keçirilməliydi. Lakin koronavirus səbəbindən təxirə salınıb. Belə ki, Paşinyan Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasyanı və bir sıra hakimləri postundan uzaqlaşdıra bilmədiyi üçün referenduma əl atıb. Lakin indi o, məğlub olacağını bilərək hər vasitə ilə referendum keçirməkdən imtina edir./Virtualaz.org

Oxşar xəbərlər