Erməni jurnalistlərin Azərbaycana səfəri haqqında niyə məlumat verilmir?

saytların hazırlanması

Evə çatdırılma

Erməni jurnalistlərin Azərbaycana səfəri haqqında niyə məlumat verilmir?

Rəsmi

19 Noyabr 2019 09:33 1222


Erməni jurnalistlərin Azərbaycana səfəri haqqında heç bir məlumat verilmir. 

“Yeni Sabah” xatırladır ki, erməni jurnlaistlərin ölkəmizə səfəri noyabrın 17-dən başlayıb. Fəqət, rəsmi qurumlar səfər barədə surur və hansısa səbəbdən bu barədə danışmaq istəmirlər. Analoji hal azərbaycanlı jurnalistlərin Ermənistana səfərində də müşahidə olunur. İrəvan da bu barədə susmağa üstünlük verib. 

Yalnız Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan yerli mətbuata bildirib ki, layihədə hər tərəfdən üç jurnalist iştirak edir. Amma səfər proqramı haqqında heç bir məlumat verilmir.

“Turan” agentliyi isə diplomatik mənbələrə istinadən məlumat yaymışdı noyabrın 18-də erməni jurnalistlər Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbət edəcəklər. 

Siyasi ekspertlərin fikrincə, jurnlaistlərin qarşılıqlı səfər layihəsi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) aiddir. 

Azərbaycan və Ermənistan XİN arasında mövcud razılaşmaya əsasən, tərəflərin qarşılıqlı tədbirləri haqqında razılaşdırılmış şəkildə məlumat verilir. Rəsmi məlumatın hər iki səfər başa çatdıqdan sonra açıqlanacağı güman edilir.

Bu layihə Azərbaycanda birmənalı qarşılanmayıb. Noyabrın 17-də bir qrup jurnalist erməni media nümayəndələrinin Azərbaycana səfərinə etiraz olaraq Xarici İşlər Nzirliyinin qarşısında aksiya keçirib.

Aksiyaçılar “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”, “Şəhid anaları bizi qınayır!”, “Ermənilər Bakını dərhal tərk etsin!”, “Qarabağa azadlıq!” kimi şüarlar səsləndiriblər. XİN-nin nümayəndəsi aksiya iştirakçılarını qəbul edərək, şikayətlərinə baxılacağını bildirib. 

Noyabrın 18-də isə daha bir neçə media nümayəndəsi XİN-in qarşısında aksiya keçirib. Onlar “Erməniləri Bakıya gətirənlərə ar olsun!”, “Ermənilər Bakını tərk etsin!” və s. şüarlar səsləndiriblər.

Deputat Elman Nəsirov isə “pravda.az” saytına açıqlamasında ermənistanlı jurnalistlərin Bakı səfərini müsbət addım kimi dəyərləndirib:

“Mətbuat sözün həqiqi mənasında, IV hakimiyyət rolunu oynayır. Belə olan halda, erməni jurnalistlər Azərbaycana səfər etdikdə ölkəmizdəki inkişafı, sabitliyi, təhlükəsizlik mühitini öz gözləri ilə görəcəklər. Onlar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı ilə tanış olacaqlar. Burada insanlar dinc, təhlükəsiz şəraitdə yaşayırlar. Erməni jurnalistlər əmin olacaqlar ki, ermənilər Azərbaycanın torpaqlarının bir hissəsini işğal etməklə ölkənin zəiflədilməsinə, geri düşməsinə nail ola bilməyiblər. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunu seçib, bu istiqamətdə siyasət davam etdirilir. Erməni jurnalistlər ölkədə bir çox sahələr üzrə islahatların aparıldığının şahidi olacaq. Onlar bunu mətbuatdan oxuyurlar, amma Bakıda olanda öz gözləri ilə görəcəklər, geri döndükdən sonra fərqli ampluada təqdim etmək niyyətləri olsa da belə, bir çox hallarda gördükləri həqiqətləri çatdırmaq məcburiyyətində qalacaqlar. Eyni zamanda, azərbaycanlı jurnalistlər də Ermənistana gedib, oradakı prosesləri izləmək şansı əldə edəcəklər. Ermənistanın işğal siyasəti onlara heç bir zaman fayda verməyib. Hazırda Ermənistan dünyanın ən kasıb ölkələrindən biridir, heç bir investisiya cəlbedicilik əmsalı yoxdur. Orada sözün həqiqi mənasında, heç bir islahatdan söhbət gedə bilməz, ölkədə iqtisadi durum acınacaqlıdır. Bütün bunları azərbaycanlı jurnalistlər öz gözləri ilə görəcəklər və geri döndükdən sonra geniş şəkildə işıqlandıracaqlar. Qoy ermənilər və azərbaycanlılar jurnalistlərin gözü ilə həqiqətləri görsünlər. Görsünlər ki, işğal siyasəti Ermənistana necə zərbə endirib... Ermənistan işğal siyasətinə son qoyarsa, böyük qlobal layihələrdə iştirakına baxıla bilər".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!