Azərbaycan Ordusunun uğurlu əks-hücumu əməliyyatından təşvişə düşərək danışıqlar üçün yalvaran Ermənistanın siyasi rəhbərliyi masaya oturmamış xislətinə uyğun olaraq destruktiv mövqe sərgiləyir.
Yenisabah.az xəbər verir ki, bu, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyanın “Moskva danışıqları”dan sonra ölkəsinin İctimai Televiziyasına verdiyi açıqlamalardan aydın görünür. Mnasakayan açıqlamasında yenə də köhnə “prinsiplərindən” danışıb.
O bildirib ki, proses olduqca çətin keçir: “Bizim üçün ən vacib şərt müharibənin dayanmasına nail olmaqdır. Azərbaycanın aqressiyası hazırda kifayət qədər açıq konteksdə görünürdü. Azərbaycan Türkiyə və beynəlxalq terror təşkilatları tərəfindən ciddi dəstək alır. Qarabağa təşkil edilmiş hücum olduqca spesifikdir və bunu da həmin qüvvələr həyata keçirirlər”.
Mnasakanyan deyib ki, bölgədə vəziyyət olduqca kövrəkdir, ona görə də, atəşkəsin elan edilməsi lazımdır: “Bu region üçün olduqca mühüm çağırışdır. Xüsusi olaraq da Dağlıq Qarabağ üçün vacibdir. İndidən proqres barədə danışmaq tezdir”.
Erməni nazir qeyd edib ki, danışıqlarda əvvəlcə atəşkəsin əldə olunmasına nail olunmasına çalışılıb: “Müharibə dayandıqdan sonra tərəflər arasında sülh danışıqlarına başlamaq olar. Eyni zamanda, danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcək”.
Mnasaknyan Türkiyə məsələsinə də toxunub: “Türkiyə heç bir şəkildə bu prosesdə tərəf kimi iştirak edə bilməz. İlk tapşırıq budur ki, müharibə dayanmalıdır”.
Göründüyü kimi Mnasakayan Azərbaycanı aqressor adlandırır və Bakı ilə Ankaranı bölgəyə terrorçu qruplar gətirməkdə ittiham edir. Sentyabrın 27-dən başlayan eskalasiyanın ilk günlərindən İrəvan bu iddiaları səsləndirir. Lakin ortaya hər hansı fakt qoyulmayıb. Əksinə, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarda qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində Yaxın Şərq ölkələrindən muzdlu döyüşçülər və PKK və digər terrorçu qrupları bölgəyə yerləşdiridiyinə dair faktlar var.
Aqressor məsələsinə gəlincə, Dağlıq Qarabağ Azərbaycanın tarixı ərazisidir. Burada işğalı həyata keçirən tərəf isə Ermənistandır. Ən azı BMT-nin bununla bağlı 4 qətnaməsi var. Başqa beynəlxalq strukturlar da Azərbaycanın ərazi bütövlüyünü tanımaqla faktiki olaraq Dağlıq Qarabağın Ermənistana aid olmadığını təsdiq etmiş olurlar. Bütün bunlar aydın şəkildə ortada olduğu halda Mnasakayanın belə bir açıqlama ilə çıxış etməsi əlbəttə ki, Ermənistanın təcavüzkar, Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, faşist və quldur dövlət olmasından irəli gəlir. Ermənistan faktiki olaraq “sentyabr eskalasiyası”nın əsas səbəbkarıdır. Məhz bu ölkənin Baş naziri Nikol Paşinyanın təxribatçı açıqlamaları və addımları Bakının səbr kasasının daşmasına və bölgədə gərginliyin artmasına səbəb oldu.
Mnasakayanın açıqlamasından belə nəticəyə gəlmək olar ki, gərginlik aradan qalxmayacaq və bu dəfə də məsuliyyət İrəvanın üzərində qalacaq.
Telegram kanalımız