Son günlər “Arsenal”ın erməni əsilli futbolçusu Mxitariyanın Bakıdakı AL finalına gətirilib-gətirilməməsi bütün gündəmi zəbt etdi. Bilirsiniz, onlar zəbt etməyi yaxşı bacarırlar...
Baxmayaraq ki, AFFA futbolçunun təhlükəsizliyinə tam təminat verdi, amma futbolçu klub rəhbərliyinə müraciət edib Bakı finalına gəlmək istəmədiyini bildirdi. Nəticədə, Mxitariyan əsas oyundan kənarda qaldı. Hər bir futbolçu tarixi an yaşamaq istəyər.
Bəs niyə Mxitariyan istəmədi? Bəlkə də, istədi. Amma deyəsən, yuxarılardan əmr gəldiyinə görə, erməni futbolçu fikrini dəyişdi. Bununla da, istər “Arsenal”ın ingilis, istərsə də, erməni azarkeşlərini üstümüzə qaldırmağı bacardılar. Biz onların gözündə qaniçən, başkəsən kimi təssəvvür olunduq.
Sual oluna bilər ki, o zaman niyə “Arsenal” “Qarabağ”la oyun zamanı bu kimi məsələləri qaldırmadı? Burada çox böyük faktor-ad amili var. Məhz Qarabağ adı. İllərdir, “o torpaqlar bizimdir” deyən ermənilər “Arsenal”ın “Qarabağ”la oyununda ağızlarına su alıb oturdular. Erməni azarkeşin stadiona Qondarma Dağlıq Qarabağ bayrağı ilə düşməsini çıxmaqla. Çünki biz Qarabağ adı ilə Azərbaycanı təmsil edirdik. Sözsüz ki, Mxitariyanın Azərbaycana gəlməyini onda da belə qabartsalar, necə rüsvayçı hala düşəcəklərini əvvəlcədən gözəl bilirdilər. Elə buna görə də susmağa məcbur qaldılar. İndi isə final oyunudur. Adı üstündə - Final oyunu. Və artıq belə bir “fürsət”dən istifadə etmək lazım idi. Etdilər də. “Arsenal”ın da bunda pay sahibi olduğunu xüsusilə vurğulayaq. Klub heç də futbolçusunun ölkəsindən geri qalan addımlar atmadı. Daha artığını etdi hətta. Gah futbolçular, gah rəhbərlik verdikləri açıqlamalarla azərbaycanlı azarkeşlərin tənqid və təhqirlərinə tuş gəldilər. Futbolçunun gətirilməsi bir kənara, Azərbaycana gəlməyi də problem etməyə başladılar. Bəhanə: Yol uzundur. O yolu onlar daha əvvəldə də qeyd etdiyim kimi, “Qarabağ”la oyun üçün qət edib gəlmişdilər. Hansı ki, o yol onları finala gətirib çıxardı. Qalib ola-ola final qapısını açmağı bacardılar.
Kiçik bir o qədər də böyük nüansı diqqətinizə çatdırmaq istəyirəm. Dünən “Arsenal” azarkeşləri final oyununun “Wembley” stadionuna salınması üçün petisiya təşkil edib. Hansı ki bu azarkeşlərin çox hissəsinin erməni olduğunu xarici mətbuat yazır. Bu petisiya da sonda UEFA-ya göndəriləcək. Lakin finala qədər çoxdan iş-işdən keçmiş olacaq. Mxitariyanın bu qədər qabardılmasında ingilis azarkeşlərin əl-ayağa düşməsi də sözün açığı, gülməlidir. Çünki Mxitariyan hər zaman əsas heyətdə oyuna daxil edilməyib axı. Nədir, bu Mxitariyan sevgisi?!
Keçək, “Çelsi” siyasətinə. “Arsenal” tərəfinin ölkəmizə qarşı bu qədər “üstüaçıq” münasibətindən “zadəganlar” son dərəcə yararlandılar. Buna düşünülmüş, ağıllı futbol siyasəti adını əminliklə verə bilərik. “Çelsi”li futbolçuların Mxitariyanın Azərbaycana gətirilməməsinə normal yanaşmağından tutmuş, ölkəmizi tərifləməklərinə qədər...
Baxmayaraq ki, digər yanda “Arsenal”da çıxış edən türk futbolçu Özil var, Azərbaycandakı futbol sevərlərin çoxunun “Çelsi”ni dəstəkləyəcəyi gün kimi aydındır. Yeri gəlmişkən, Özilin yaxın günlərdə “twitter”də etdiyi paylaşım da “xala-xətir” məsələsi idi. “Azərbaycanlı qardaşlarım, biz bunu etdik-finaldayıq!” – bu paylaşım yerli azarkeşlərə xəyal qırıqlığı yaşatdı. Çünki azərbaycanlılar ondan daha böyük dəstək gözləyirdi. Məsələn, “yol uzaq olsa da, rahatdır”, “Azərbaycanda oynamaq çətinlik yaratmayacaq” kimi açıqlamalar. Məsələnin heç siyasi tərəflərinə toxunmadan bunu etmək olardı. Amma olmadı, etmədi.
Biz isə səbrsizliklə, bundan sonrasını-finalı gözləyirik.
Ardı finaldan sonra...
Naibə Məmmədova
Telegram kanalımız