"İran prezidenti aşkar təvazökarlıqla ayağa qalxaraq Azərbaycan Prezidentini salamladı. Bu səhnə bəziləri üçün kontekstdən kənar rəy, yanlış təsəvvür və təhlillər yaratma üçün bəhanə oldu".
Yenisabah.az xəbər verir ki, bunu İran Prezidenti Administrasiyasının mərasimlər və protokollar üzrə bölməsinin müdir müavini Abbas Musəvi bildirib.
Onun fikirləri IRNA agentliyinin "Şərq ədəbinə riayət etmə protokol qaydalarından kənara çıxmadırmı?" başlıqlı geniş məqalədə yer alıb.
Məqalə bütünlüklə Məsud Pezeşkianın İƏT (ECO) sammiti çərçivəsində Azərbaycana səfərinə həsr olunub.
Yazının mahiyyətindən belə anlaşılır ki, bəzi siyasi çevrələr, yazarlar və sosial şəbəkə iştirakçıları Pezeşkianın bu səfətrinə mənfi yozumlar verib.
Xüsusən, Xankəndidə Azərbaycan Prezidenti salona daxil olarkən, Məsud Pezeşkianın Şərq ədəbinə məxsus qaydada ayağa qalxmasından xoşhal olmayan şəxslər bundan bədniyyət nəticələr çıxarıblar.
İranın Azərbaycandakı keçmiş səfiri bu məqamlara aydınlıq gətirib:
"Prezidentin Azərbaycan Respublikasında keçiriləcək İƏT sammitinə yollanması barədə qərar qəbul ediləndə İran səması hələ tam təhlükəsiz elan edilməmişdi. Sionist rejimlə (İsrail - red.) 12 günlük müharibədən sonra mühit hələ də gərgin və qeyri-sabit idi. Belə bir şəraitdə bir çoxları, o cümlədən mən, Prezident Aparatında və digər məşvərətçi orqanlarda çalışan bir sıra dostlarım Prezidentin (Məsud Pezeşkian - red.) Azərbaycan Respublikasına səfərinin təxirə salınmasını tövsiyyə etsək də, yekun qərar başqa idi.
Prezident qətiyyətlə bəyan etdi ki, onun region ölkələrinin rəhbərləri arasında olması nəinki faydalı, həm də zəruridir. O bildirdi: "Bu, təkcə İranın mövqeyini ifadə etmək üçün deyil, həm də regionun gücə deyil, dialoqa ehtiyacı olduğu bir şəraitdə əlaqələri gücləndirmək üçün fürsətdir".
Belə də oldu və səfər baş tutdu. Müharibənin bitməsindən sonrakı ilk rəsmi səfər. Başqa sözlə desək, tüstü və dağıntılar arasından dialoqa, qarşılıqlı fəaliyyətə və diplomatiyaya doğru uçuş.
Xankəndində işarətlər əvvəldən fərqli bir səyahətdən xəbər verirdi. Ev sahibi İran prezidentinə qucaq açaraq onu qarşıladı. Bir-birinin ardınca rəsmi görüşlər keçirilirdi. Azərbaycan, Türkiyə və Tacikistan prezidentləri, Pakistanın baş naziri ilə. Bu görüşlərin məzmunu məhsuldar və ruhlandırıcı idi, hətta onların hamısında sionist rejim qəti şəkildə pislənildi. Bu, İran xalqına rəğbət, regional sabitliyə dəstək və hətta ikitərəfli münasibətləri gücləndirmək təklifləri, “İranın regional arenaya qayıtması” kimi şərh edilə bilən şeylərin bariz əlamətləri idi.
Ancaq bu hamısı deyil. Ölkənin media məkanında şayiələr dolaşırdı. Qeyri-rəsmi görüşün videosu yayıldı. Əsas görüşdən əvvəl yalnız çay süfrəsi arxasında söhbət üçün keçirilən dostyana və qeyri-rəsmi görüş.
İran prezidenti aşkar təvazökarlıqla ayağa qalxaraq Azərbaycan Prezidentini salamladı. Bu səhnə bəziləri üçün kontekstdən kənar rəy, yanlış təsəvvür və təhlillər yaratma üçün bəhanə oldu.
Amma bu səhnədə görünməyən hekayətin mahiyyəti idi: Prezident həmişə öz nəzakəti, təmkinliliyi, sadəliyi ilə seçilib. Mühafizə tövsiyələrinin əksinə olsa belə. O, xarici səfərlərdə mərasim və ekspert məsləhətlərinə xüsusi həssaslıqla, hörmətlə yanaşır, eyni zamanda, özünəməxsus təvazökarlığını heç vaxt rəsmi divarlar arxasında gizlətmir.
Yeri gəlmişkən, bu, sammitin digər çərçivə görüşlərində də özünü göstərən xüsusiyyət idi. Prezidentin bir çox ikitərəfli görüşlərində mərasim qaydalarından kənara çıxan mənzərələrin şahidi olduq. Məsələn, bəzi liderlərin İran prezidentini qucaqlayıb öpməsi regionun müsəlman xalqları arasında mədəni yaxınlığı göstərirdi.
Qonşu ölkələr mədəni və dini oxşarlıqları ilə bəzən adi diplomatik məhdudiyyətləri aşan davranışlar nümayiş etdirir və bu, regional siyasətimizin reallığının bir hissəsidir.
Türkiyə prezidenti Ərdoğan İran prezidenti ilə görüşdə Şərq adətlərinə riayət etmə əlaməti olaraq əlini sinəsinə qoyursa, o da protokol qaydalarından kənara çıxmaqda ittiham edilməlidir? Yoxsa başa düşməliyik ki, regional siyasətdə bəzən hörmət jesti 10 rəsmi qaydadan daha dəyərlidir...
Məsələ burasındadır ki, indi səfəri hədəfə alan bəzi tənqidçilər bəlkə də əvvəldən onun mahiyyətinə dair problem yaşayıb. Bəlkə də səfərin baş tutmamasını arzulayırdılar. Amma indi, səfər uğurla başa çatandan və İran diplomatiyasının nüfuzu dünyaya açıq mesaj verəndən sonra onlar marginallaşmanı yeganə həll yolu hesab edirlər.
Yaddaqalan səfərin mahiyyətidir. Doğru zamanda verilən qərar, ən yüksək səviyyədə iştirak, səmimi qarşılanma, möhtəşəm nitq və gələcəyə hesablanmış danışıqlar. Bütün bunlar birlikdə bir həqiqəti deyir, o da budur ki, İran regional diplomatiya sahəsinə qətiyyətlə, özünə inamla və ləyaqətlə qayıdıb.
Qoy tənqidçilər öz yolu ilə getsin, biz də milli maraqlar yolunda öz yolumuza davam edək".
Əziz Rzazadə
Telegram kanalımız