Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə İcra Hakimiyyətində araşdırmalara başlayıb.
Yoxlama Hesablama Palatasının müraciəti əsasında aparılır. Çünki qurum Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlayıb. Audit 2023-2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.
Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub. Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.
Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.
“Yeni Sabah” yoxlamalarla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb, lakin zənglərə cavab verən olmayıb.
Gəncədən seçilən deputatlar Naqif Həmzəyev, Musa Quliyev, Müşfiq Cəfərov və Pərvin Kərimzadə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. Onların heç biri sualları cavablandırmayıb.
Yoxlamalar aparıldığı bir dövrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iş başında deyil. Onun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Çinin Çindao şəhərinə gedib.
N.Bayramov adıçəkilən şəhərin merinin müavini Qen Tao, Çindaoda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin rəhbəri Vu Çianyu ilə görüşüb, şəhərdə fəaliyyət göstərən bərk məişət tullantılarının emalı müəssisəsinə baş çəkib, “Haitian” Mənzərə və İncəsənət Mərkəzində olub, şəhərin Fuşan parkında yerləşən beynəlxalq dostluq xiyabanında olub, burada Gəncə şəhəri adından ağac əkib.
Səfər çərçivəsində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə Çinin iki şirkəti arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
N.Bayramov dünyanın ən möhtəşəm tarixi abidələrindən biri hesab olunan Böyük Çin səddini də ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti səddin müxtəlif hissələrini gəzərək, onun möhtəşəm quruluşu və strateji əhəmiyyəti ilə yaxından tanış olub.
Xatırladaq ki, N.Bayramov 2018-ci ildən Gəncə Şəhər İcra Hakimiyyətinə rəhbərlik edir.
Nazim Hacıyev




Telegram kanalımız