“13 il Azərbaycan Ordusunda gizir kimi fəaliyyət göstərmişəm. Aprel döyüşləri və İkinci Vətən Müharibəsinin iştirakçısı olmuşam. İkinci Qarabağ Savaşı zamanı Suqovuşan istiqamətində ağır yaralanmışam və səhhətimlə əlaqədar ordudan təxris edilmişəm.
Qaziyəm, ailəliyəm, 3 övlad atasıyam. İstəyirəm ki, bir peşəkar hərbçi kimi orta məktəblərdən birində hərbi hazırlıq fənni üzrə müəllim işləyim. Bildiklərimi, təcrübəmi gələcəyimiz olan uşaqlara öyrətmək istəyirəm. İnanıram ki, əlaqədar qurumlar tezliklə bu arzumu reallaşdıracaq”.
Bunları Şəki şəhərinin Göynük kəndindən olan qazimiz Qaçay Dursunəli oğlu Abdullayev dilə gətirib. Qeyd edib ki, artıq onun ailə durumu, səhhəti nəzərə alınmalı, işlə bağlı müraciətlərinə konkret və müsbət cavab verilməlidir. pizza mizza
Qeyd edək ki, Vətən sevdalısı qazimiz 1989-cu ilin fevral ayının 12-də sadə bir ailədə dünyaya gəlib. Ailənin üç övladından biri, iki bacının tək qardaşıdır.Orta məktəbi bitirdikdən sonra 2007-2009-cu illərdə Qazax istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib və elə o vaxtdan həyatını ordu, hərb ilə bağlayıb. Gizirlik kursunda oxuyub, Gizir kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib. 2016-cı ilin Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı olub. İkinci Qarabağ Savaşı zamanı isə 9 günlük şərəfli döyüş yolu keçib və oktyabr ayının 5-də Suqovuşan istiqamətində hər iki, xüsusilə, sağ ayağından ağır yaralanıb. Günlərlə ağır müalicə-müayindən keçib, əməliyyat olunub və 2021-ci ildə səhhəti ilə bağlı ordudan təxris olunub, 3-cü qrup (ömürlük) əlillik dərəcəsi alıb. İkinci Vətən Müharibəsindən əvvəl “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, İkinci Qarabağ Savaşından sonra isə “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd etdiyimiz kimi, Qaçay həm də ailəlidir, üç övlad-iki qız və bir oğul atasıdır. Böyük qızı-Aylin 2013-cü ilin, tək oğlu Aqşin 2017-ci ilin iyul ayının 13-də, balaca qızı Mədinə isə bu ilin yanvarında dünyaya gəlib. Hazırda Göyünük kəndində yaşayırlar. O, övladlarını Vətənə və dövlətə məhəbbət hissi ilə böyüdür, onlara doğru yol göstərir.
Qazimizin dediklərindən:
“Bu Vətənə xidmət etmək, onun keşiyində dayanmaq hər bir Azərbaycan kişisinin borcudur. Mən də bir Azərbaycan övlad olaraq, 13 il bu Vətənin keşiyində dayanmşımam, ağır yaralanmışam, ölümlərdən dönmüşəm. Bu, mənim bir Vətən övladı kimi vətəndaşlıq borcumdur.Amma həm də işləmək, ailəmə dəstək olmaq istəyirəm. Bu, mənim ən böyük arzumdur”.
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız