60 yaş və yuxarı şəxslər arasında nikahın pozulması hallarının artması diqqət çəkir. Statistik göstəricilər göstərir ki, əvvəlki illərlə müqayisədə bu yaş qrupunda həm kişilər, həm də qadınlar arasında boşanmaların sayı yüksəlib.
Bəs uzun illər davam edən nikahların bu yaşda pozulması zamanı əmlak və miras bölgüsü necə aparılır? Onilliklər ərzində toplanmış ev, torpaq və digər əmlakın bölünməsi zamanı hansı hüquqi çətinliklər yaranır? Uzun illər işləməyən, evdar qadınların boşanmadan sonra sosial və maddi təminatı, o cümlədən aliment və dolanışıq xərcləri necə tənzimlənir?
Vəkil Ramil Süleymanov “Yeni Sabah”a açıqlamasında məsələyə hüquqi baxımdan aydınlıq gətirib. O bildirib ki, şəxsin yaşından asılı olmayaraq, nikah pozulduğu halda tərəflərin nikah dövründə əldə etdiyi əmlakla bağlı hüquqları qorunur: pizza
“Şəxsin yaşından asılı olmayaraq, istər gənc, istərsə də yaşlılıq dövründə olsun, hər hansı yaşda nikah pozulursa, həmin şəxs nikah dövründə əldə olunmuş əmlakın bölgüsünü tələb edə bilər. Bununla bağlı nikahın pozulmasından sonra 3 il müddətində nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi və əmlakın bölünməsinə dair məhkəmədə iddia qaldıra bilər”.
Vəkil həmçinin nikah pozulduqdan sonra tərəflərdən birinin əmlakı satması halında digər tərəfin hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə biləcəyini qeyd edib.

“Eyni zamanda bildirmək istəyirəm ki, tərəflər arasında nikah pozulduğu halda, tərəflərdən biri hər hansı formada əmlakın satışını həyata keçirərsə, digər tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Bu halda həmin şəxs alqı-satqıdan əldə olunmuş pul vəsaitində öz pay hüququnun tanınmasını və satılmış əmlakdan ona düşən payın verilməsini tələb etmək hüququna malikdir”.
Hüquqşünas Tağı Hüseynov isə “Yeni Sabah”a açıqlamasında 60 yaşdan yuxarı şəxslərin boşanmasına münasibətdə ayrıca hüquqi tənzimləmənin olmadığını bildirib.
“Nikahın pozulması zamanı hansısa yaş kateqoriyası üçün fərqli hüquqi tənzimləmələr yoxdur. Hüquq hər bir yaş kateqoriyası üçün eyni hökmə və eyni qüvvəyə malikdir. Təbii ki, boşanma yaxşı hal deyil. Amma statistikaya baxanda görürük ki, son illərdə evliliklərin sayı ilə boşanmaların nisbəti kifayət qədər yüksəkdir. Bu artıq kütləvi xarakter alan bir prosesdir. Kütləvi boşanmaların içərisində 60 yaşdan yuxarı insanların da olması qaçılmazdır”.
Hüquqşünasın sözlərinə görə, cəmiyyətdə yaşlı insanların boşanmasına münasibət fərqli olur və bu, adətən gözlənilməz hal kimi qəbul edilir:
“Sadəcə, bu, insanların psixoloji baxımdan gözləmədiyi bir haldır. Cəmiyyətdə belə düşünürlər ki, yaşlı insanlar niyə boşansınlar? Bu baxımdan onların boşanmasına təəccüblə yanaşılır. Əslində isə məsələ bir qədər fərqlidir”.

T.Hüseynov sosial şəbəkələrin yaşlı insanların həyatındakı rolunun da artdığını vurğulayıb:
“Bu gün sosial şəbəkələrdən istifadə etmək artıq yalnız gənclərə aid deyil. İstər TikTok, istər Instagram, istərsə də digər sosial şəbəkələrdən istifadə 60 yaşdan yuxarı insanlara da aiddir. Bu gün nənələrin, babaların, xüsusən də evdə daha çox vaxt keçirən qadınların sosial şəbəkələrdən istifadə etdiyini görürük. Onların artıq öz səhifələri var, müxtəlif paylaşımları izləyirlər”.
Hüquqşünasın fikrincə, sosial şəbəkələr vasitəsilə insanların dünyagörüşü və həyata münasibəti də dəyişə bilər:
“Əvvəllər görmədikləri yerləri, məsələn, Maldiv adalarını, Balini sosial şəbəkələr vasitəsilə görürlər. Bəzi hallarda həmin platformalarda psixoloqların və digər şəxslərin insanlara verdiyi müxtəlif tövsiyələrlə qarşılaşırlar. İnsanlara azad olmaq, öz həyatları ilə bağlı qərarları özlərinin verməsi və heç kimin onların həyatına müdaxilə etməməsi kimi çağırışlar edilir”.
O bildirib ki, qarşıya çıxan məlumatların təsiri bəzi hallarda insanların qərarlarına da təsir göstərə bilər:
“Bir sözlə, artıq iradəsi zəif olan, eləcə də psixoloji baxımdan müəyyən problemlər yaşayan insanlar qarşılarına çıxan məlumatların təsiri ilə düzgün qərar qəbul etməkdə çətinlik çəkə bilirlər. Mənim fikrimcə, bu qərarlardan ən doğru olmayanlarından biri də müəyyən yaşdan sonra, xüsusilə ailədə ciddi problem olmadığı halda, boşanmaq qərarıdır”.
Hüquqşünas 60 yaşdan sonra bəzi kişilərin həyatında müşahidə olunan dəyişikliklərin ailə münasibətlərinə də təsir göstərə bildiyini deyib:
“Amma bir məsələni də qeyd etmək lazımdır. Qadınlar yaşlandıqdan sonra çox dəyişmirlər. Kişilərdə isə xüsusilə 60 yaşdan sonra müəyyən dəyişikliklər müşahidə oluna bilir. Mənə bu barədə müraciətlər də olub. Məsələn, kişinin 60, 65, hətta 70 yaşı olur və o, başqa bir qadınla, yaxud daha gənc bir qadınla daimi ünsiyyət qurmağa başlayır. Həmin qadınla ünsiyyət kişidə özünü daha gənc hiss etmək duyğusu yaradır. Nəticədə həyat yoldaşına qarşı münasibəti dəyişir, ona qarşı soyuq davranmağa və hətta pis rəftar etməyə başlayır”.
Hüseynovun sözlərinə görə, bu cür münasibət bəzi hallarda qadınların boşanmaq qərarı verməsinə səbəb olur:
“Qadınlar da belə münasibətə dözmədikdə boşanmaq qərarı verə bilirlər. Eyni zamanda, kişilərin özləri də müəyyən hallarda boşanmaq istəyirlər. Çünki özlərini daha gənc və həyata daha bağlı hiss etdikləri başqa bir münasibətə yönəlirlər”.
Hüquqşünas hesab edir ki, maddi imkanlar və xarici görünüşə diqqət də bəzi hallarda ailədaxili münasibətlərə təsir edən amillər sırasında yer alır:
“Bugünkü reallığı nəzərə alsaq, bu cür halların baş verməsi artıq o qədər də təəccüblü deyil. Xüsusilə maddi imkanları geniş olan kişilər 60 yaşında olsalar belə, bəzi hallarda özlərini daha cavan və daha baxımlı saxlaya bilirlər. Sağlamlıqlarına və xarici görünüşlərinə diqqət yetirirlər. Bu da bəzən onların həyat yoldaşları ilə münasibətlərində müəyyən uçurumun yaranmasına səbəb olur”.
Onun sözlərinə görə, münasibətlərdə yaranan uçurum dərinləşdikcə tərəflərdən biri nikahın pozulmasına qərar verə bilər:
“Həmin uçurum dərinləşdikdə qadın boşanmaq qərarı verə bilər. Eləcə də kişi öz həyat yoldaşına qarşı əvvəlki marağını itirdiyini düşünərək münasibəti bitirmək istəyir. Bu zaman isə bəzən adi məişət mübahisələri də boşanmaq üçün bəhanəyə çevrilir. Məsələn, kişinin həyat yoldaşının çox danışması, irad bildirməsi və ya hansısa davranışı əsas gətirilərək ‘bu qadın belədir, ona görə də ondan boşanıram’ kimi yanaşma ortaya çıxır”.
Aytac Əliyeva
Telegram kanalımız