Ağdaş rayonunun kəndlərində içməli su təchizatının yaxşılaşdırılması və su infrastrukturunun yenidən qurulması istiqamətində növbəti addımlar atılıb.
“Yeni Sabah” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən bildirir ki, rayonda həm yeni şəbəkələrin istifadəyə verilməsi, həm də gələcək layihələrin planlaşdırılması işləri sürətlə davam etdirilir.
Görülən işlər çərçivəsində rayonun Pirəyir kəndində müasir içməli su şəbəkəsi qurularaq sakinlərin istifadəsinə verilib. Kəndin mərkəzləşdirilmiş su təminatı üçün Ləki qəsəbəsi və Nehrəxəlil kəndini qidalandıran 280 mm diametrli magistral boru xəttindən yeni qol çəkilib. Layihə çərçivəsində kənd daxilində 8.5 kilometr uzunluğunda paylayıcı şəbəkə inşa edilib. 194 fərdi yaşayış evi birbaşa xəttə qoşulub, sudan qənaətlə və dəqiq uçotla istifadə olunması üçün bütün evlərə su sayğacları quraşdırılıb. Bu layihə sayəsində 723 nəfər sakini olan Pirəyir kəndinin gündəlik 140 kubmetrlik təmiz su tələbatı tam şəkildə qarşılanacaq. pizza sifarişi
Ağdaş rayon mərkəzinin su təchizatı Türyançay çayının yatağında yerləşən 8 subartezian quyusu vasitəsilə həyata keçirilir. Hazırda şəhərdə 8 681 abonent qeydiyyatdadır. Şəhərin su-kanalizasiya infrastrukturu olduqca genişdir: su şəbəkəsinin uzunluğu 175 km, magistral kəmərlər 16.5 km, kanalizasiya xətləri isə 126 km təşkil edir. Həmçinin rayonda ümumi tutumu 10 min kubmetr olan iki su anbarı fəaliyyət göstərir.
Ümumilikdə isə rayon üzrə hazırda 31 yaşayış məntəqəsi mərkəzləşdirilmiş qaydada su ilə təmin olunur. Onlardan 3-ü paylayıcı şəbəkə, 3-ü küçə bulaqları, 25-i isə modul tipli təmizləyici qurğular vasitəsilə içməli su alır.
Su təminatının əhatə dairəsini genişləndirmək məqsədilə rayonun daha 4 kəndində (Binələr, Davudlu, Cardam və Kotanarx) yeni su sistemlərinin qurulması üçün layihə-smeta sənədlərinin hazırlanması artıq tamamlanıb.
Bundan başqa, 2026–2027-ci illər ərzində Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud şəbəkələrin böyüdülməsi, eləcə də Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sistemlərinin layihələndirilməsi və tikintisi nəzərdə tutulur.
Telegram kanalımız