Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sədr seçkisi ətrafında yaranan müzakirələr davam edir.
Mayın 26-da keçirilən toplantıda rejissor Əli İsa Cabbarov AKİ-nin yeni sədri seçilib. Lakin ittifaqın bir qrup üzvü toplantının nəticələrini tanımadığını bildirib.
Bundan sonra “Yeni Sabah”ın suallarını cavablandıran Əli İsa Cabbarov bildirib ki, Şəfiqə Məmmədova ilə yaranmış vəziyyəti müzakirə ediblər: Dördpendirli pizza
“Şəfiqə xanımla bir yerdə yaranmış vəziyyəti müzakirə etdik. Durumun həm hüquqi, həm də kino ictimaiyyətinin ovqatı baxımından bütün aspektlərini danışdıq. Şəfiqə xanımla münasibətimizdə qarşılıqlı hörmət qalmaqdadır. Təşkilatımızın hüquqi və legitim müstəvidə daha da güclü fəaliyyət göstərməsi üçün çalışacağıq. Bəzi həmkarlarıma şiddət ritorikasından barış ritorikasına keçməyi məsləhət görürəm. AKİ-nin birinci katibi Şəfiqə xanımdır və biz həmişəki qaydada işləyirik. Son söz Ədliyyə Nazirliyinindir”.
Qeyd edək ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat etdikdən sonra quruma rəhbərlik səlahiyyətləri Şəfiqə Məmmədova tərəfindən icra olunurdu. Hazırda sədr seçkisinin hüquqi taleyi ilə bağlı yekun qərarın aidiyyəti dövlət qurumları tərəfindən veriləcəyi gözlənilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız