Alıcının bilmədiyi həqiqət: Bonus kartları həqiqətən ailə büdcəsinə qənaət etdirir?

saytların hazırlanması

Evə çatdırılma

Alıcının bilmədiyi həqiqət: Bonus kartları həqiqətən ailə büdcəsinə qənaət etdirir?

Sosial

23 İyul 2026 10:55 335


Demək olar ki, bütün iri market şəbəkələri müştərilərinə bonus kartları, cashback və xüsusi endirimlər təklif edir. Kassada "kartınız varmı" sualı artıq gündəlik alış-verişin ayrılmaz hissəsinə çevrilib.

Bu kartlar həqiqətən ailə büdcəsinə qənaət edir, yoxsa istehlakçıların daha çox alış-veriş etməsi üçün hazırlanmış marketinq alətidir?

Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov “Yeni Sabah”a bildirib ki, bonus proqramlarının görünməyən tərəfləri var: pizza sifarişi

“Bonus kartı istehlakçıya real endirim verir, amma onun əsas dizayn məqsədi daha çox və daha tez-tez alış-verişə yönləndirməkdir. İkisi bir-birini istisna etmir.

Beynəlxalq tədqiqatlar bunu kifayət qədər aydın göstərir ki, loyallıq proqramına üzv olan istehlakçılar üzv olmayanlara nisbətən 12-18% daha çox xərcləyir. Bəzi araşdırmalarin nəticəsinə əsasən, istehlakçıların 72%-i loyallıq proqramlarının onları sevdikləri brendə daha çox pul xərcləməyə yönəltdiyini, 56%-i isə proqram səbəbindən faktiki olaraq xərclərini artırdığını təsdiqləyir.

Yəni bu, təsadüf deyil çünki sistem məhz belə işləmək üçün qurulub. Kartın "qənaət etdirməsi" ilə " daha çox xərcləməyə sövq etməsi" arasında ziddiyyət yoxdur, çünki hər ikisi eyni anda baş verir. İstehlakçı bəlkə də hər manatdan bir qəpik-iki qəpik "qazanır", amma bunun üçün əvvəllər almayacağı şeyləri də səbətə atır”.

S.Aslanov real qənaət üçün istehlakçılara bir sıra tövsiyələr də verib:

“Real qənaət üçün bunlara diqqət etmək lazımdır: endirimi "əvvəlki qiymətlə" deyil, oxşar məhsulun bazar qiyməti ilə müqayisə edin. "30% endirim" rəqəmi əhəmiyyətsizdir, əgər baza qiymət artıq şişirdilibsə.

Yalnız artıq almağı planlaşdırdığınız məhsullar üçün kartı işlədin, kartın sizi əlavə məhsul almağa "təhrik etdiyi" anlarda diqqətli olun. Xüsusən "bonusu yandırmayın" mesajları göndərəndə.

Xalların/cashback-in son istifadə tarixini və minimum həddini izləyin. Yoxsa "qənaət" kağız üzərində qalır.

Neçə karta üzv olduğunuzu real qiymətləndirin. Bir neçə supermarket şəbəkəsinin kartını daşımaq faktiki heç birinin üstünlüklərindən tam yararlanmağa imkan vermir.

“Cashback” faizini nominal faizlə yox illik effektiv gəlirlə ölçün. Adətən 1-3% cashback, orta hesabla 10-15% əlavə xərcləmə vərdişini kompensasiya etmir.

Data razılığını şüurlu verin. Kartın şərtlərində məlumatlarınızın necə istifadə olunacağına baxın. Bu da "ödədiyiniz qiymətin" bir hissəsidir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!