Arıqlama iynələrindən istifadə edən bir çox insan müalicəni dayandırdıqdan sonra yenidən aclıq hissinin artması və çəki alma riski ilə üzləşə bilir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət təkcə iradə zəifliyi ilə bağlı deyil.
“Yeni Sabah” xəbər verir ki, türkiyəli dietoloq Qamzə Ustabaş arıqlama iynəsi dayandırıldıqdan sonra orqanizmdə baş verən dəyişikliklərdən danışıb.
Onun sözlərinə görə, müalicə dövründə istifadə olunan GLP-1 qrupuna aid preparatlar aclıq hissini azaldır, mədənin boşalma sürətini ləngidir və insanın daha az qida ilə doymasına kömək edir. Lakin dərman dayandırıldıqdan sonra bu təsir aradan qalxır və təbii aclıq mexanizmləri yenidən aktivləşir. pizza mizza
Mütəxəssis bildirib ki, bu səbəbdən bəzi insanlarda daha tez-tez aclıq hissi yaranır, xüsusilə karbohidratlı qidalara meyl artır və porsiyalara nəzarət çətinləşir.
Qamzə Ustabaş qeyd edib ki, insan beyni itirilən çəkini enerji itkisi kimi qəbul edə bilər. Nəticədə orqanizm itirdiyi enerjini bərpa etmək üçün iştahı artıran bioloji mexanizmləri işə salır. Bu zaman yeməklər daha cəlbedici görünür və daha çox yemək istəyi yaranır.
Dietoloqun sözlərinə görə, müalicədən sonra yemək haqqında düşüncələrin artması dərmana asılılıq əlaməti deyil. Bu, orqanizmin təbii müdafiə mexanizminin nəticəsidir.
O, əlavə edib ki, stress, yorğunluq və emosional gərginlik səbəbindən yaranan emosional qidalanma vərdişləri də dərman dayandırıldıqdan sonra yenidən qayıda bilər.
Mütəxəssis vurğulayıb ki, piylənmənin müalicəsi yalnız arıqlama iynələrindən ibarət deyil. Müalicə müddətində sağlam qidalanma vərdişlərinin formalaşdırılması, kifayət qədər zülal və lif qəbul edilməsi, əzələ kütləsinin qorunması və dərman kəsildikdən sonrakı dövr üçün xüsusi keçid planının hazırlanması vacibdir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız