Artıq mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq  - “Qanuna inqilabi dəyişiklikdir”

saytların hazırlanması

Evə çatdırılma

Artıq mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq - “Qanuna inqilabi dəyişiklikdir”

Sosial

15 İyul 2026 12:09 243


Milli Məclisin son iclasında Zahid Orucun “Artıq bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq” cümləsinə sevinənlər çoxdur. Amma bu cümlədəki qətiyyətə inanmaq olarmı?

“Bu yenilik daşınmaz əmlak bazarının iştirakçıları arasında etimad mühitinin yaradılması istiqamətində atılmış çox ciddi addımdır. Azərbaycan 35 ildir ki müstəqildir, amma əmlak reyestri ölkəmizdə tam formalaşmayıb. Düşünürəm ki, bu addım həm də əmlak reyestrinin formalaşması istiqamətində atılan addımlara dayaq olacaq. Həm də təxminən 500 mindən artıq sənədsiz evin rəsmiləşməsi istiqamətində təcrübə mexanizmi kimi çıxış edəcək”.

Bu sözləri “Yeni Sabah”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib. pizza hut

Onun sözlərinə görə, əmlak üzərində dövlət qeydiyyat müddətinin 13 gündən 1 günə endirilməsi inqlabi dəyişiklikdir:

“Bu prosesin sürətlənməsi MTK-ların fərdi qaydada alqı-satqı prosesini apardığı zaman bir çox hallarda qanunsuzluğa yol verməsinin qarşısının alınması və alqı-satqı prosesinin təkcə çıxarışla yox, eyni zamanda, təminat qeydi ilə aparılması və bunun notarial xidmətdə qeydiyyata alınması olduqca ciddi yeniliklərdir. Qanun qüvvəyə mindikdən sonra bu cür yeniliklərin daşınmaz əmlak bazarı iştirakçıları üçün mühüm əhəmiyyətə malik olacağı və alqı-satqı prosesinin operativ şəkildə həll olunacağı, eyni zamanda vətəndaşların hüquqlarının bir çox hallarda pozulmasının qarşısının alınacağı fikrindəyəm”.

V.Oruc əlavə edib ki, şikayətlərin əksəriyyəti 1 mənzilin bir neçə nəfər satılması ilə bağlıdır:

“Bu istiqamətdə 5 mindən çox şikayət var. Bu şikayətlərin əksəriyyəti 1 mənzilin bir neçə nəfər satılması ilə bağlıdır. Artıq reyestrin təkcə çıxarışla deyil, həm də təminat qeydi ilə formalaşması və həmin reyestrdə 1 şəxsin yalnız 1 mənzili almaq imkanının olması, bu istiqamətdə mübahisələrin, məhkəməyə müraciətlərinin sayının azalacağını göstərir.

Yeni dəyişikliklər reyestrin formalaşmasında və alqı-satqı prosesinin operativ şəkildə həyata keçirilməsində çox mühüm rol oynayacaq. Təmin qeydinin 3 iş günü ərzində həyata keçirilməsi və notarial qaydada başqa şəxsə ötürülmə imkanının yaradılması onu göstərir ki, təminat sənədi dövlət tərəfindən əqd kimi qəbul olunacaq”.

Ekspert vurğulayıb ki, yeni dəyişikliklə əlaqədar reyestr sistemi yüksək səviyyədə təşkil edilməlidir:

“Sistemin yüklənməsi reyestr sisteminin daha yüksək səviyyədə qurulması zərurətini yaradır. Ciddi nəzarətin həyata keçirilməsi vacib məsələlərdən biridir. Sistemdə baş verə biləcək qarışıqlıq, yaxud yüklənmə bu prosesdə müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Əhali arasında bu mövzu ilə bağlı maarifləndirmə işinin aparılmasına ciddi ehtiyac var. Çünki daşınmaz əmlak saytlarında bazar dəyərindən kifayət qədər aşağı obyektlər təklif olunur. Vətəndaşların bir çoxu bu ucuz qiymətlərə aldanaraq, sonradan əmlak mübahisələrinə yol aça biləcək razılaşmalar edirlər. Daha sonra bu problem hüquq-mühafizə orqanlarına şikayət və məhkəmə prosesinə qədər gedib-çıxır”.

Xatırlatma: Milli Məclisin iyulun 14-də keçirilən iclasında Torpaq Məcəlləsində, Mülki Məcəllədə, habelə “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

Müzakirə zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, daşınmaz əmlakın dövlət reyestrində təminat qeydinin aparılması eyni mənzilin bir neçə şəxsə satılması riskini aradan qaldıracaq. Deputat əlavə edib ki, bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!