Tiktoker “Arzum9999” kimi tanınan İlduzə Hacıyevanın barəsində çıxarılan həbs hökmündən apellyasiya şikayəti veriləcək. Bunu vəkili artıq bildirib, amma cəmiyyəti maraqlandıran sual budur: Qarşı tərəf barışığa gedərsə, “Arzum”un cəzası azaldıla və ya yüngülləşdirilə bilər?
Sonsuz müzakirələrdə meyxanaçı Rəşad Dağlı ilə müqayisə aparılır. Onunla bağlı məhkəmədə zərərçəkmiş tərəf heç bir iddia qaldırmamışdı. Bəs yol-nəqliyyat hadisələrində bu cəhət nəzərə alınırmı?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki, apellyasiya məhkəməsi uyğun hesab edərsə, həbs cəzasını azaltması mümkündür: Dördpendirli pizza
“Cinayət-prosessual qanunvericiliyinə əsasən, apellyasiya məhkəməsi hesab etsə ki, təyin olunmuş cəza törədilmiş əmələ, təqsirləndirilənin şəxsiyyətinə və işin hallarına uyğun deyil, cəzanı yüngülləşdirə bilər. Lakin bu hər iş üzrə avtomatik deyil, fərdi qiymətləndirilir.
Məhkəmə cəzanı yüngülləşdirərkən Cinayət Məcəlləsində nəzərdə tutulan yüngülləşdirici halları nəzərə alır. Bunlara aiddir məsələn, zərərin könüllü ödənilməsi, zərərçəkmiş şəxslə barışmaq, himayəsində azyaşlı uşaqların olması və s. aiddir.
Apellyasiya instansiyası bu halların birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmadığı qənaətinə gələrsə, təyin olunmuş cəzanı yüngülləşdirə bilər”.
Vəkilin sözlərinə görə, apellyasiya məhkəməsi cəzanı azalda, hətta bəraət verə bilər:
“Apellyasiya məhkəməsi nəinki cəzanı yüngülləşdirə bilər, hətta təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəldiyi halda onun barəsində bəraət hökmü də çıxara bilər. Zərərçəkmiş tərəflə barışıq və ya zərərin ödənilməsi cəza təyini zamanı nəzərə alınır, lakin hər zaman cinayət məsuliyyətini aradan qaldırmır.
Nəzərə alınmalıdır ki, Rəşad Dağlının məhkum olunduğu qəsdən adam öldürmə cinayəti ilə ölümə səbəb olan ehtiyatsızlıqdan törədilmiş yol nəqliyyat hadisəsi ictimai təhlükəlilik dərəcəsinə görə fərqli cinayətlər olduğu üçün eyni halın işin nəticəsinə təsiri də fərqli ola bilir”.
“Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov da qeyd edib ki, apellyasiya məhkəməsi hökmü dəyişə bilər:
“Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş hökmdən apelyasiya məhkəməsinin səlahiyyəti var ki, təqsirkar şəxsə bəraət versin yaxud cəzanı artırsın və ya mahiyyəti üzrə digər qərar qəbul etsin. Bu, məhkəmənin müstəsna səlahiyyətinə aiddir. Zərərçəkmis şəxslə təqsirləndirilən şəxsin barışması, zərərin ödənilməsi cəzanın aşağı salınması üçün əsas ola bilər. Təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, himayəsində azyaşlı uşaq olması, səmimi peşman olması cəzanı yüngülləşdirən hallardır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız