“Azərbaycanda vəzifədən çıxan insanların mülkləri barədə məlumatların yayılması çoxdankı bir “ənənə”dir. Çünki bu adam vəzifədə olanda heç kim onun haqqında yazmır, amma vəzifəsindən gedəndən sonra onun haqqında məlumatlar mətbuata ötürülür. Ona görə də bu məsələdə hər 2 məqamı qeyd etmək lazımdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar jurnalist, media eksperti Elçin Şıxlı deyib.
O, bəzi məmurların vəzifəsindən azad olmasından sonra onların “vurulması” faktından söz açıb. Dominos pizza
Xatırladaq ki, Daşkəsən rayonun sabiq icra başçısı Əhəd Abıyevin vəzifəsindən azad edilməsindən sonra mətbuatda onun mülkləri ilə bağlı siyahıların dərc olunması geniş rezonans doğurub. Lakin, eks-deputatının rayona rəhbərlik etdiyi 12 il ərzində onun haqqında mətbuatda hər hansı bir məlumatın getməməyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Öz növbəsində, E.Şıxlı bildirib:
“Əgər mətbuatımız azad olsaydı, söylədiyim məqamlar həmin şəxslər vəzifədə olanda qeyd olunardı. Bizdə belə bir “adət” var ki, biz yıxılanı təpikləyirik. Adam at belində olanda heç kimin onun haqqında nə isə yazmağa cəsarəti çatmır, amma yıxılanda hamı özünə borc bilir ki, həmin adamı təpikləsin. İndi düz, yaxud əri yıxıldı, bu, başqa məsələdir”.
Müsahibimiz əmindir ki, bəzi dairələrdən icazə gəlir ki, bu adamın mülkləri haqqında yazın:
“Hamısı da ondan irəli gəlir ki, mətbuatımız tam şəkildə müstəqil və azad deyil. Həmçinin, kimdənsə nəyisə almaq mexanizmlərini bu şəkildə etmirlər. Çünki bunu etməyin başqa üsul və metodları var. Ola bilsin ki, təzyiq vasitəsi kimi bundan istifadə etsinlər, amma kimdənsə nəyisə almaq istəyirlərsə, bu barədə tamam başqa mexanizmlər mövcuddur. İndi bu nədir, necədir, deyə bilmərəm. Azərbaycanda mətbuatın vəzifədə olanlardan çox gedənlərdən yazmasına gəldikdə isə onlar artıq yıxılıb, qorxulu deyillər. Çünki təhlükəli olanda yazmırlar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız