Yay mövsümünün gəlişi ilə çimərliklərdə canlanma yaşanır. Kimi sərin dənizdə çimərək istirahət edir, kimi günəş vannası qəbul edir, kimisi isə saatlarla ayaqlarını və ya bədənini isti, narın quma basdırır. Maraqlıdır ki, insanların illərdir vərdiş etdiyi bu üsul sadəcə istirahət məqsədi daşımır. Dünyanın müxtəlif ölkələrində isti qumla müalicə – psammoterapiya fizioterapiyanın köməkçi üsullarından biri kimi də tətbiq olunur.
Bəs isti quma ayaqları basdırmaq həqiqətən sağlamlığa faydalıdırmı? Hansı xəstəliklər zamanı bu üsuldan istifadə edilir?
“Yeni Sabah” mövzunu araşdırıb. Marqarita pizza
Psammoterapiya qədim Misirdən, Yunanıstandan və Roma dövründən məlum olan istilik terapiyası üsullarından biridir. Hazırda da Yaponiya, İtaliya, İspaniya, Misir və bəzi digər ölkələrdə xüsusi qum terapiyası mərkəzləri fəaliyyət göstərir. Günəş altında qızan təbii qum istiliyi uzun müddət saxladığı üçün bədənə tədricən istilik ötürür. Bunun nəticəsində qan damarları genişlənir, qan dövranı sürətlənir, əzələlər boşalır və tərləmə artır.
Mütəxəssislər bildirirlər ki, isti qum xüsusilə ayaqlarda uzun müddət davam edən yorğunluğun azalmasına, əzələ gərginliyinin aradan qalxmasına və oynaqlarda hərəkətin nisbətən rahatlaşmasına kömək edə bilər. Artrozdan əziyyət çəkən bəzi insanlarda istilik qısamüddətli rahatlıq yaradır. Uzun müddət ayaqüstə çalışanlar və ya gün ərzində saatlarla oturaq vəziyyətdə işləyən şəxslərdə də ayaqlardakı ağırlıq hissinin azalmasına müsbət təsir göstərə bilər.
Bundan əlavə, qum dənəciklərinin ayaqaltına göstərdiyi mexaniki təsir sinir uclarını stimullaşdırır. Bu isə həm rahatlama hissini artırır, həm də stressin azalmasına kömək edir.
ABŞ-nin “Yale” Universitetinin Tibb Fakültəsinin revmatoloqu, professor Riçard Bukala bildirib ki, istilik terapiyasının uzun illərdir revmatologiyada köməkçi üsullardan biri kimi istifadə edilir. Onun sözlərinə görə, istilik qan axınını artırır, əzələləri boşaldır və bəzi xroniki ağrıların müvəqqəti azalmasına kömək edir. Lakin o vurğulayır ki, bu üsul yalnız simptomları yüngülləşdirə bilər və heç bir halda əsas müalicəni əvəz etmir.
Mütəxəssisin sözlərinə görə, xüsusilə osteoartrit, xroniki bel ağrıları və əzələ spazmları olan şəxslər istilik terapiyasından fayda görə bilərlər. Ancaq oynaqlarda aktiv iltihab, güclü şişkinlik və qızartı olduqda istilik vəziyyəti daha da ağırlaşdırır.
Hər kəs üçün uyğun deyil
Həkimlər xəbərdarlıq edirlər ki, isti qum terapiyası bəzi insanlar üçün təhlükə yarada bilər. Şəkərli diabet səbəbindən ayaqlarda hissiyyatı zəifləyən şəxslər qumun həddindən artıq isti olduğunu hiss etməyə və yana bilərlər. Ayaqlarda açıq yara, infeksiya, venaların trombozu, ağır ürək-damar xəstəlikləri və yüksək hərarət zamanı da bu üsul tövsiyə edilmir.
Mütəxəssislər ayaqları günün ən isti saatlarında deyil, səhər və ya axşamüstü 15-20 dəqiqə müddətində isti quma basdırmağın daha təhlükəsiz olduğunu bildirirlər. Prosedurdan sonra kifayət qədər su qəbul etmək və bədənin həddindən artıq qızmasının qarşısını almaq vacib sayılır.
Həkim bildirir ki, sağlam insanlarda isti qum üzərində gəzmək və ayaqları qısa müddət quma basdırmaq qan dövranını aktivləşdirə, əzələləri rahatlaşdıra və ümumi rahatlıq hissini artıra bilər.
Xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər isə qum terapiyasından istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız