“Birincisi, Pünhanla Alim Qasımov haqqında yayılan məsələyə mən fikrimi bildirmişdim. Çünki Pünhan ilk çıxışında məsələ ilə bağlı açıqlamanı düzgün verməmişdi. O, belə bir açıqlama vermişdi ki, “Mən Alim Qasımova zəng vurdum ki, gəl mənim toyuma xeyir-dua ver. O da məndən pul istədi və məclisimə gəlmədi”.
Bunu “Yeni Sabah”a açıqlamasında prodüser Tarix Əliyev (Tolik) deyib. O bildirib ki, Pünhan məsələ ilə bağlı ikinci dəfə açıqlama verərək qarışıqlığı aradan qaldırıb:
“Pünhan ilk açıqlamasında desəydi ki, “Mən iki il bundan öncə Alim Qasımovun öz istəyi ilə nəvəsinin toyuna dəvət olunmuşam. Hətta Alim Qasımov təklif edib ki, nə qədər pul istəyirsənsə, verim. Amma sənətkar olduğuna görə mən ondan pul almamışam, gedib orada iştirak etmişəm. Bu, mənim üçün böyük fəxrdir ki, Alim Qasımov kimi ustadın nəvəsi mənim ifamı bəyənib və mən onların məclisində oxumuşam. Mən də ərk elədim, öz toyumda Alim müəllimə zəng vurub dəvət etdim. Gəlmədi və məndən pul istədi deyə bir az ustadımızdan incidim”, – desəydi, bu, başqa məsələ olardı. Dominos pizza
Bəlkə də Alim müəllimin yadından çıxıb ki, Pünhan onun nəvəsinin toyunda iştirak edib. Baxmayaraq ki, Pünhan deyir ki, Alim müəllim ona “Toyunda əvəzini çıxarsan” deyib”.
T. Əliyev qeyd edib ki, hazırda müğənnilər heç bir ünsiyyəti olmayan sənətçinin tədbirinə getmirlər:
“Söhbət Xalq artistlərindən, Əməkdar artistlərdən, populyar müğənnilərdən gedirsə, əgər məclis sahibi ilə dost deyillərsə, həmin şəxslər o məclislərdə iştirak etmirlər.
Düzdür, indi hər kəs özünü şou-biznesdə görür. Bu gün bəzi saz çalanlar da özünü şou-biznesdə görür. Amma yadda saxlayaq ki, bu, başqa bir sahədir. İncəsənət, mədəniyyət tam başqa bir sahədir, toyxana müğənnisi isə tamam başqa sahədir. Hə, nə olsun ki, onların əksəriyyəti efirə çıxırlar? Hər efirə çıxan şəxs şou-biznes nümayəndəsi deyil. Şou-biznesin özünün bir kütləsi var.
Bu gün mənim ad günümə dəvət olunan müğənnilər pul da salırlar. Çünki mənim onlarla illərlə iş birliyim olub, dostluğum var, şəxsi münasibətim var. Bu, tam başqa məsələdir. Bəzi müğənnilər də olur ki, başqa ifaçıları öz məclislərinə dəvət edirlər. Amma sən öz toyunda və ya ad günündə sənin təbəqəndə olmayan, yəni getdiyin bütün məclislərdə görmədiyin və ona gizli də olsa pərəstiş etdiyin müğənniləri dəvət etmək istəyirsənsə, təbii ki, qonorar verməlisən.
Mən buradan açıq-aşkar deyirəm ki, bir çox müğənnilərimizin ad günlərində, məclislərində, toylarında Aygün Kazımovanı, Alim Qasımovu, nə bilim, Röya xanımı görürsünüzsə, onlar qonorar alıb ora gediblər. Miri Yusifi görürsünüzsə, o da qonorar alıb, pul alıb gedir ora. Bəli, gedirlər, orada mikrofonda deyirlər ki, “Bu gün həmkarımızın ad gününə gəlmişəm”. Təbii ki, deyə bilməzlər ki, “Mənə pul verib çağırıb bura”. Ayıbdır. Amma onların istəkləridir ki, övladlarının toyuna gəlsinlər, ya da ad günündə filan müğənni olsun. Onların hər birisi həmin ifaçılara pul veriblər.
Həmin məclislərdə pul verən də olur, bahalı zinət əşyası verənlər də. Mənim bildiyim ad günlərində, toylarda olan bəzi müğənnilər var ki, həmin şəxs ev sahibinin əhatəsinə uyğundur, hamısı da pul veriblər”.
Prodüser bildirib ki, bu gün ölkədə heç kim Alim Qasımovu müzakirəyə çıxara bilməz:
“Çıxsınlar desinlər ki, biz filankəsin bizim tədbirimizə gəlməsinə pul verməmişik. Mən bilirəm ki, kimlər pul verib, özü də nə qədər verib. Yəni məclislərə getdikləri qonorarları da veriblər. Deyirlər ki, məni məclisinizdə görmək istəyirsinizsə, ödənişimi verin, gəlim. Bu da normaldır. Heç kim onların sənət yoldaşı deyil.
Bu sözlərimin, təbii ki, Pünhana aidiyyəti yoxdur. Pünhan özü çıxışını səhv etmişdi və sonra açıqlama verdi. Onda da hamı başa düşdü ki, bəli, Alim müəllimin istəyi ilə o, gəlib Alim Qasımovun məclisində çıxış edib. Bir az Pünhanın orada dedikləri insanlar tərəfindən birmənalı qarşılanmadı.
Alim Qasımovun sənəti haqqında danışan sosial şəbəkədəki insanlar, mənə görə, nəinki sənətdən, heç notun yeddi olduğunu da bilmirlər, amma oturub Alim Qasımovu müzakirə edirlər. Alim Qasımov toxunulmaz bir sənətkardır. Onu heç kim bu ölkədə müzakirə edə bilməz. Heç kim! Çünki o, muğamımızı dünyada tanıdan ilk və ən böyük ifaçılardan biridir.
Ona görə də Alim Qasımov toxunulmazdır. Onun haqqında heç kim, hətta bu “TikTok”un “töküntüləri” və bəzi insanlar danışa bilməzlər. Çünki toxunulmaz insanlar var. Onların içində Alim Qasımov, Zeynəb Xanlarova, Nisə Qasımova, Elmira Rəhimova, Flora Kərimova və başqaları var.
Mənim Pünhanla dostluğum da var, xətrini də çox istəyirəm. Amma onun birinci açıqlaması heç xoşagələn açıqlama deyildi. Məsələn, ikinci açıqlamasında Aygün Kazımova haqqında danışdığı məsələdə də zarafat etdiyini bildirdi. Dedi ki, heç Aygün Kazımova ilə danışmayıb. Yəni pis mənada deməyib.
Amma insanlar bu məsələdə bir az iki tərəfə bölündülər. Ona görə də Allah onu xoşbəxt eləsin. Allah gələn il ona ata yadigarı olsun deyə bir oğul qismət etsin, o da atasının adını qoysun. Orada da bütün istədiyi müğənniləri dəvət etsin”.
Aydan Hacı
Telegram kanalımız