Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azad olunan torpaqlarda evlər hansı formada tikiləcək? – “Dövran o dövran deyil”
23 İyl 2021 16:48
4618

Azad olunan torpaqlarda evlər hansı formada tikiləcək? – “Dövran o dövran deyil”

İşğaldan azad edilən ərazilərimizdə şəhərsalma ilə bağlı ciddi addımlar atılır. Artıq Ağdam şəhərinin baş planı təsdiqlənib. Füzuli və Cəbrayılın baş planı isə ölkə başçısına təqdim edilib. 

Prezident İlham Əliyev ötən gün AzTV-yə müsahibəsində bu məsələyə xüsusi diqqət çəkdi. Dövlət başçısı yaxın günlərdə bu iki şəhərin baş planının ictimaiyyətə təqdim ediləcəyini, o cümlədən Zəngilanın baş planının da hazırlanması prosesinə start verildiyini diqqətə çatdırdı. Prezident Qubadlı, Laçın və Kəlbəcər kimi düşmən tərəfindən bütün infrastrukturu darmadağın edilən şəhərlərimizin də qısa zamanda yenidən qurulacağını bildirdi.

“Bir neçə xarici dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək, doğrudan da, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür, təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”,-deyə İlham Əliyev qeyd edib.

Ölkə başçısının tapşırığı ilə yenidənqurma üçün atılan bu addımlar məcburi köçkünlər arasında böyük ruh yüksəkliyi yaratsa da, cəmiyyətdə şəhərlərin əvvəlki yerlərində salınmayacağı ilə bağlı fikirlər də dolaşır. Hətta həmin ərazilərin açıq muzey kimi saxlanılacağı deyilir.

Mövzu ətrafında fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov ilk olaraq bütün şəhər və kəndlərimizin işğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmasına diqqət çəkib:

“Biz gələcək nəsillərin ermənilərin törətdiyi vəhşilikləri unutmaması üçün belə muzeyləri qurmalıyıq. Ağdamda həm zəfər, həm də işğal muzeyi yaradıldı və bu muzeylər digər rayonlarımızda, kəndlərimizdə də salınacaq. 

Bu gün məcburi köçkünlərimizi də ən çox düşündürən məsələ odur ki, evlər hansı formada bərpa olunacaq? Çünki bizim insanlarımızın çıxarkən geridə qoyduğu evlərdən əsər-əlamət yoxdur. Lakin bir məsələ də var ki, 30 il bundan əvvəlki dövrlə hazırkı dövrün memarlıq üslubu, evlərin tikilişi eyni deyil. Bu gün dünyada yeni standartlar, yanaşmalar var. Biz bunun bariz nümunəsini Zəngilanda gördük, Ağalı kəndində artıq “ağıllı kənd” layihəsinə başlanılıb. Dövlət prosesləri çox ciddi şəkildə təhlil edir və buna uyğun müəyyən qərarlar verilir”.

Millət vəkili hesab edir ki, hazırda vacib məqam torpaqlarımızın qayıtmasıdır:

“Uzun illər həsrətində olduğumuz dədə-baba yurdumuza qayıdırıq. Yeni evlər tikilərkən layihələrdə bəzi məsələlər nəzərə alınmalıdır, məsələn, yaşıl enerji, günəş və külək enerjisindən istifadə və digər məqamlara diqqət yetirilməlidir. Vətəndaşlarımız narahat olmasınlar, dövlət bu proseslərdə onları düşündürən sualları təhlil edir və nəzərə almağa çalışır. 

Amma əvvəldə də qeyd etdiyim kimi, biz nəzərə almalıyıq ki, artıq dövran o dövran deyil. Məsələn, Cəbrayılın 93 kəndi var, bu kəndlərin arasında bəziləri 2-3 evdən ibarətdir və onlar əsas yoldan, dəmiryolundan, şəhər mərkəzindən uzaqlıqda yerəşir.

Bərpa prosesində bunlar mütləq ki, nəzərə alınacaq. Yeni evlərin tikilməsi və qəsəbələrin salınmasınmasında müasir standartların tətbiqi önəmlidir. Əhalinin heyvandarlıq və əkin-biçinlə məşğul olması üçün bu gün dünyada yeni layihələr, Azərbaycan da onları tətbiq edəcək, bu əraziləri dünyanın ən gözəl yerlərindən birinə çevirəcək”.

Həmsöhbətimiz məcburi köçkünlərin çoxsaylı müraciətlərindən də söz açıb:

“Bəziləri istəyir ki, öz dədə-baba yurdlarında evləri tikilsin, oraya getsinlər. Lakin bu fikri söyləyən şəxslərin çoxu həmin yerləri görmədiyinə görə onlarda tam təsəvvür yoxdur. Mən isə gedib gözümlə bu vəhşiliyin miqyasının hansı səviyyədə olduğunu gördüm, həddən artıq böyükdür. 

Məsələn, mən Cəbrayılın Şükürbəyli kəndindənəm, oranı görəndə insanda elə təəssürat yaranır ki, sanki bu yerlərin relyefi, coğrafiyası da dəyişib, ona görə də tələsmək lazım deyil.  İşğaldan əvvəl həyətləri böyük-kiçik, şəraiti yaxşı-pis olan insanlar vardı. Həmçinin bəzi evlər, dediyim kimi, harada gəldi tikilmişdi. İndi iş şərait daha yüksək səviyyədə olacaq. Zəngəzur dəhlizi bu bölgədən keçir, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı yolu inşa edilir. Yeni infrastruktur yaradılır, ona görə də biz bəzi məqamları nəzərə almalıyıq. 

Təsəvvür edin 10 evdən ibarət bir kənddir, evlər də bir-birindən olduqca uzaqda yerləşir, onların yenidən eyni şəkildə işıq, qaz, su və yol təminatı müəyyən vəsait tələb edir. Bunlara diqqət yetirildiyi üçün düşünülmüş müasir standartların əks olunduğu layihələr həyata keçirilir. Düzdür, insanların arzuları da nəzərdən keçiriləcək, ancaq biz yenə də hazırda vəziyyəti başa düşməliyik. Əminəm ki, vətəndaşlarımız yerində onlara yaradılan şəraitlə tanış olduqdan sonra real vəziyyəti anlayacaq və dövlətin düzgün siyasət yeritdiyini görəcəklər. Növbəti mərhələdə isə insanlara da şərait yaradılacaq ki, bu və ya digər formada bizneslə məşğul olsunlar”.

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Azad olunan torpaqlarda evlər hansı formada tikiləcək? – “Dövran o dövran deyil”
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər