Azərbaycan mediası güneydəki soydaşlarımıza necə dəstək olmalıdır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan mediası güneydəki soydaşlarımıza necə dəstək olmalıdır?

Sosial

29 Noyabr 2022 10:55 927


Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın İrandakı molla rejiminin basqısı altındakı fikir və söz azadlığı problemləri hələ də hökm sürməkdədir. Zaman-zaman bu məsələ yerli mətbuatda silsilə məqalələrlə dərc olunsa da, təəssüflər olsun ki, çox zaman bu məsələnin üstündən keçmişik.

Doğrudur, son dövrlər müvafiq problem, hətta dövlət başçısı səviyyəsində belə səslənsə də, indinin özündə belə cənubdakı soydaşlarımızın bu məsələdəki problemləri özünü qüvvədə saxlayır.

Bəs yaxşı, Azərbaycan mətbuatı soydaşlarımızın söz azadlığının təmin olunması üçün dəstək vermək məqsədilə nə etməlidir? Cənubi Azərbaycana informasiya dəstəyi ilə bağlı daha nələr etmək mümkündür? pizza sifarişi

Məsələ ilə bağlı Yenisabah.az-a danışan əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət deyib ki, Güney Azərbaycanda və bütövlükdə İran coğrafiyasında baş verən proseslər sadəcə Azərbaycan Respublikası və onun vətəndaşlarını deyil, dünyanı maraqlandıran bir prosesdir:

“Bu proses hər kəsdən əvvəl biz azərbaycanlıların olduqca maraq dairəsindədir. Güney Azərbaycan bütöv Azərbaycanın bir parçasıdır. Uzun illərdir ki, İran adlanan və orta əsr təfəkkürü ilə idarə olunan bir rejimin əsarəti altında qalmaqdadır. 

Azərbaycan Respublikası 1991-ci ildə SSRİ adı altında maskalanmış Rusiya imperiyasının əsarətindən xilas olduqdan sonra güneydəki soydaşlarımız da özlərinin azad olunacağı günü səbrsizliklə gözləməkdə idilər. Hətta ötən illər ərzində Güney Azərbaycanda yaşayan soydaşlarımız dəfələrlə küçələrə çıxaraq mövcud rejimə etiraz etmiş, müəyyən partiya və təşkilatlar formalaşdırmış, güneyin tam şəkildə azad olunması üçün əllərindən gələni etmişlər”.

Müsahibimiz onu da əlavə edib ki, ötən dövr ərzində siyasi və geosiyasi şərtlər uyğun olmadığına görə buna nail olmaq mümkün olmadı:

“Azərbaycan Respublikasında medianın və dövlətin bu məsələyə münasibəti olduqca yumşaq tərzdə davam edirdi. Bu da başa düşülən hal idi. Çünki Azərbaycan Respublikası o zamanlar tam formalaşmamışdı. Buna görə də güneydə baş tutan münasibətlərə fikir bildirməsi mümkünsüz idi. 

Son zamanlar baş tutan hadisələrdən sonra isə görürük ki, Azərbaycan dövləti öz sözünü tam şəkildə deməyə başlayıb. Bu, olduqca sevindirici haldır. 

Digər tərəfdən, Azərbaycan mətbuatı bütövlükdə dünya azərbaycanlılarına aid baş verən proseslərə biganə deyil. Azərbaycan jurnalistləri güneydə baş tutan hadisələri işıqlandırmağa və daim media dəstəyi verməyə hazırdır. Biz bunu daim edirik. 

Bu baxımdan deyə bilərik ki, medianın güneydə baş tutan hadisələrə verdiyi dəstək təqdirə layiqdir. Vəziyyət belə olduqda biz tezliklə Güney Azərbaycan Cumhuriyyətinin yaranması xəbərin verəcəyik”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə söyləyib ki, Güney Azərbaycanla bağlı məsələlər jurnalistlərimizin olduqca həssas olduğu bir nöqtədir:

“Sovet dönəmində belə bu barədə yazılar yazılmış, şeirlər həsr olunmuşdur. Tarixin müxtəlif dönəmlərində güney məsələsi daim quzey tərəfin diqqətində olub və olmaqdadır. 

Bu gün İranda baş tutan proseslərin fonunda diqqət çəkən bir sıra hadisələr baş verir. Biz daim Güney Azərbaycan milli azadlıq hərəkatının işartılarını görmüşük. Bu işartıların da belə bir mərhələyə qədəm qoymasını düşünmüşük. 

Əlimizdən gələn bütün informasiya dəstəyini də daim vermişik. Dünya Azərbaycanlılar Konqresi (DAK) yaranmış və artıq uzun illərdir ki, fəaliyyət göstərməkdədir. Bundan öncə isə Əbülfəz Elçibəyin “Bütöv Azərbaycan Birliyi” ideyasının əsasın təşkil edən BAB fəaliyyət göstərirdi”.

Mütəxəssis hesab edir ki, indiki mərhələdə bu qurumların fəaliyyətləri güclənməlidir, eyni zamanda biz informasiya dəstəyini də verməliyik:

“Azərbaycan mətbuatı güneydə yaşayan soydaşlarımızın təhsil, mədəniyyət, ədəbiyyat və digər sahələrdəki problemlərini daim diqqətə alıb, onu qabartmalıdır. Qeyri-hökumət təşkilatları bu məsələni daim diqqətdə saxlamalıdır. 

Orada çoxsaylı insan hüquqlarının pozulması halı baş verir. İnsanlar bunun uğrunda daim mübarizə aparır. Kaş ki, qeyri-hökümət təşkilatları bizim mətbuat qədər bu mövzuya həssas yanaşaydı, bu problemi daim qabardardı.

Azərbaycan mətbuatı daim buna olduqca həssas yanaşıb. Həssas olması da anlaşılandır. Cənubi Azərbaycanla bağlı informasiyaları daim çoxaltmalı və soydaşlarımıza dəstək üçün keyfiyyətli tədbirlər həyata keçirməliyik”, – yekunlaşdırıb.

Həcər ƏMİRASLANLI 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!