Azərbaycan mediası sosial şəbəkələrdən nə qədər asılıdır? 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan mediası sosial şəbəkələrdən nə qədər asılıdır? 

Sosial

25 Avqust 2023 10:02 576


“Onlayn mətbuat, əslində, oxucu sayı baxımından sosial şəbəkələrdən asılıdır. Bu, bütün dünyada gedən bir prosesdir. Asılı sözü bəlkə də bir az yerinə düşmür. Bu barədə daha çox bu ifadə işlətmək olardı ki, qlobal sosial şəbəkələr onlayn medianın oxucu sayını böyük mənada əlindən alıb və bir növ özündən asılı vəziyyətə salıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Qaynarinfo” saytının baş redaktoru Zahir Əzəmət deyib.

Jurnalist onlayn media strukturlarının xəbər baxımından sosial şəbəkələrdən asılılığı barəsində fikirlərini bölüşüb. Toyuqlu pizza

Z. Əzəmət söyləyib ki, mövzu baxımdan asılı vəziyyətə düşməyə gəldikdə isə, bu, artıq fərdi məsələdir və hər saytda başqa cür özünü göstərə bilər:

“Ümumilikdə isə bütün dünyada “Facebook” və “X” kimi sosial şəbəkələr onlayn media ilə bağlı məsələni bir az mürəkkəbləşdiriblər. Bəlkə də həmin ölkələrdə onlayn media subyektləri sosial şəbəkələrlə münasibətləri fərqli şəkildə tənzimləyirlər. Məsələn, “Google”a xəbər başlığından başqa xəbərin spotunu, yəni özətini verməyi qadağan ediblər. Hətta bəzi ölkələrdə məhkəmə çəkişmələri oldu və “Google” böyük mənada cərimələnib. Və yaxud ABŞ və digər ölkələrdə “Facebook” buna görə media qurumlarına pul ödəyir ki, onların kontentlərini müəyyən mənada işıqlandırsın. Bu baxımdan, Azərbaycan kimi kiçik ölkələrdə bu məsələ daha qəlizdir və saytların oxucu sayı sosial şəbəkələrin onlara nə qədər IP verəcəyi ilə bağlıdır. Çünki alternativlər azalıb”.

Z. Əzəmətin fikrincə, bu, yaxşı tendensiya deyil, lakin “buna qarşı alternativ nələr etmək olar” sualının cavabı daha mürəkkəbdir:

“Biz “Qaynarinfo”da buna xeyli cəhdlər etdik, yeni texnoloji amillər yaratdıq, lakin gücü trilyonlara çatan sosial şəbəkələrlə mübarizədə heç nə edə bilmərik. Texnologiya da sürətlə  dəyişir. Artıq elə bir dövr gəlib çatıb ki, bu gün populyar olan “Facebook” 3 il sonra mövcud olmaya bilər. Bu da məsələni başqa səviyyəyə daşıya bilər. Bu baxımdan, sadalananlar həm pisdir, həm də format dəyişir. Deməli, sabahın xəbər saytı başqa formada ola bilər, çünki indiki xəbər saytlarının forması sürətlə köhnəlir. Bir neçə il sonra təsəvvür etməyəcəyimiz yeni şeylər ortaya çıxa bilər ki, bu format köhnələrək sıradan çıxa bilər. Necə ki qəzetlər Azərbaycanda sıradan çıxıbsa, xəbər saytlarını da eyni aqibət gözləyə bilər”.

Globalinfo.az saytının baş redaktoru Azər Ayxan isə bildirib ki, artıq 10 ildən çoxdur ki, bu mövzu mediada və ictimaiyyətdə, o cümlədən mediada müzakirə olunur:

“Medianın xammalı cəmiyyətdə və dünyada gedən proseslərdən formalaşır. Necə ki bal arısı çiçəklərə qonub oradan şirə çəkir, sonra onu yuvasında bal kimi emal edirsə, jurnalistin də informasiya çəkdiyi məkan cəmiyyətin ən müxtəlif təbəqələridir. Qısası, media hər şeydən yazır. Əgər evdə bir qadın əri tərəfindən öldürülürsə, yaxud Özbəkistan prezidentinin Qarabağa getməsi, Priqojinin təyyarədə qətlə yetirilməsi bizim üçün xəbərdir. Xəbər ilk harada yayılırsa, məlumatımızı oradan alırıq”.

“Son vaxtlar belə bir tendensiya görürəm ki, sosial şəbəkələrdə yayılan məlumatlardan ənənəvi medianın xəbər düzəltməsi bir qədər doğru deyil. Mən bu yanaşmanı qəbul etmirəm, çünki sosial şəbəkələr xəbərlə qaynayır. Sadəcə olaraq bu xəbərlərə yanaşma bir az təmkin, bir az peşəkarlıq tələb edir. Təbii ki, bütün xəbərləri vermək olmaz. Jurnalist ən uyğun xəbərləri mediaya çatdırmalıdır. Mən belə başa düşürəm”, – əlavə edib.

O, hesab edir ki, bu gün biz sosial mediadan, eləcə də redaksiyanın e-mailinə ünvanlanan məlumatı da ictimailəşdirə bilərik:

“Jurnalistikanın əsas prinsipi o olmalıdır ki, xəbəri birtərəfli şəkildə çatdırmaq olmaz. Azərbaycan mətbuatı son illər bu prinsip və tələbləri gözardı edir və bu da çox ciddi qeyri-peşəkarlıq yaradır. Sadalanan məsələlər həm qeyri-peşəkarlıq yaradır, həm mətbuatın ciddiyyətini azaldır, həm də qarşı tərəfi incitmiş oluruq. Əgər mübahisə edən 2 tərəf varsa, mətbuat buna hakim kimi yanaşmalı və özü mövqesiz olaraq hər 2 tərəfin mövqeyini cəmiyyətə çatdırmalıdır. Nəticəni, yəni kimin haqlı, kimin haqsız olduğunu oxucu anlamlıdır. Biz isə öz maraqlarımızı o xəbərə qatıb təqdim edirik.

Sosial şəbəkədən götürülən məlumat barəsində söz açılan tərəfin mövqeyi öyrənilərək verilməlidir. Problemimiz ondadır ki, xəbəri sosial şəbəkədən götürüb veririk, nəticədə bəzən xəbər təsdiqlənmir, bəzən isə fərqli formada təsdiqlənir. Ona qədər də iş işdən keçir”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə qeyd edib ki, “Azərbaycanda sosial şəbəkələr sürətlə enerji qəbiristanlığına çevrilir:

“İnsanlar burda nəinki vaxtlarını, həm də sağlamlıqlarını itirirlər. Buna səbəb sosial platformada qeyri-sağlam mühitin hökm sürməsidir. Hazırda sosial şəbəkələr Azərbaycan cəmiyyətinin tərəqqisinə heç bir müsbət töhfə verə bilmir, əksinə, vulqarlığın “çiçəklənməsinə” xidmət edir”.

Jurnalistə görə, “TikTok” ölkədə ən çox şikayətlərin olduğu platforma sayılır:

“Vəziyyət o həddə çatıb ki, hətta bu platformanın bağlanmasını tələb edənlər də var. Bu gün "TikTok"da nəinki peşəkarlıqdan danışmaq mümkün deyil, adi etiket qaydalarına əməl olunmadığını da deyə bilərik. Bu platformada hər ağızdan bir avaz eşidilir. Söyüş, təhqir, qarğış adi hərəkət sayılır. İş o yerə çatıb ki, adamın qadın deməyə utandığı bəzi məxluqlar özlərini açıq satışa çıxarıblar. Niyə bu adamlar haqda tədbir görülmür?”

“Mən azad sözün, fikir və ifadə azadlığının tərəfdarıyam. Amma söyüşün, yalan və böhtanın, əxlaqsızlığın insan hüquq və azadlıqları ilə heç bir əlaqəsi yoxdur. Bu cür mənfi davranışlar cəmiyyəti yaralayır, pis tendensiyaların əsasını qoyur. Hesab edirəm ki, bu adamlara qanunların sərt üzünü göstərməyin vaxtı çatıb. Ailə tərbiyəsi görməyənləri qanuni yolla tərbiyələndirmək lazımdır”, – müsahibimiz fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!