Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) rəsmi üzv qəbul edilib.
“Yeni Sabah” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın təşkilata qoşulması ölkənin rəqəmsal inkişafı və beynəlxalq texnologiya əməkdaşlığı baxımından yeni imkanlar yaradacaq.
Üzvlük çərçivəsində Azərbaycan DCO platformasında rəqəmsal siyasət və texnologiyalar üzrə qabaqcıl təcrübələrdən yararlana, digər üzv ölkələrlə təcrübə mübadiləsi apara və beynəlxalq standartlara çıxış əldə edə biləcək. Marqarita pizza
Yeni əməkdaşlıq imkanlarının yerli startaplar üçün də əhəmiyyətli olacağı bildirilir. Belə ki, Azərbaycan startaplarının üzv ölkələrin bazarlarına çıxışı, birgə akselerasiya proqramlarında iştirakı və vençur maliyyələşdirmə imkanlarından yararlanması gözlənilir.
Bundan başqa, gənclərin və İKT mütəxəssislərinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlim və sertifikasiya proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Elektron ticarət və data əsaslı biznes modelləri üzrə də yeni əməkdaşlıq imkanlarının yaranacağı qeyd olunur.
Nazirliyin məlumatına əsasən, Azərbaycan DCO çərçivəsində Cənubi Qafqaz və Orta Asiya arasında rəqəmsal əlaqələrin gücləndirilməsinə də töhfə verə bilər. E-hökumət, süni intellekt və smart texnologiyalar sahəsində digər üzv ölkələrin təcrübəsindən istifadə imkanları da genişlənəcək.
Azərbaycan öz növbəsində ölkədə rəqəmsallaşma sahəsində həyata keçirilən layihələri və formalaşdırılmış İKT potensialını DCO üzvləri ilə bölüşəcək. Bunun gələcəkdə yerli rəqəmsal məhsul və xidmətlərin xarici bazarlara çıxarılmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradacağı gözlənilir.
Ölkənin əsas rəqəmsal layihələri arasında vətəndaşlar, dövlət qurumları və biznes üçün elektron xidmətləri bir platformada birləşdirən “mygov” və “mygov Business”, qurumlar arasında məlumat mübadiləsini təmin edən “Digital Bridge”, vahid giriş sistemi “Digital Login”, Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi və biometrik rəqəmsal imza həlli SIMA göstərilir.
DCO-ya üzvlüyün Azərbaycanın rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində beynəlxalq əməkdaşlığının genişlənməsinə də imkan verəcəyi bildirilir. Eyni zamanda rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən qanunvericilik və siyasətlərin əlaqələndirilməsi istiqamətində əməkdaşlığın güclənməsi gözlənilir.
Qeyd edək ki, Rəqəmsal Əməkdaşlıq Təşkilatı 2020-ci ilin noyabrında yaradılıb. Təşkilatın əsas məqsədi rəqəmsal iqtisadiyyatın inklüziv inkişafını sürətləndirmək və rəqəmsal imkanlardan hamının faydalanmasına şərait yaratmaqdır.
Cəlalə
Telegram kanalımız