Azərbaycan təhsilində yeni dövr: İki önəmli universitet fəaliyyətə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan təhsilində yeni dövr: İki önəmli universitet fəaliyyətə başlayır

Sosial

07 Mart 2024 12:49 1013


2024-cü il Azərbaycanda təhsil mühitinin inkişafı baxımından olduqca yadda qalan il olacaq. Belə ki, artıq sentyabrdan tələbə qəbuluna başlanacaq Qarabağ Universiteti və yaxın vaxtlarda istifadəyə verilməsi ilə bağlı addımlar atılan Türkiyə-Azərbaycan universiteti ölkə təhsilinin inkişafı istiqamətində olduqca mütərəqqi addımdır. 

Hər iki universitet öz müasir imkanları və təhsil xidmətləri baxımından hələ indidən bir çox abituriyent və tələbənin diqqət mərkəzindədir. Bu yeni ali təhsil müəssisələri özlüyündə həm də strateji baxımdan Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına ciddi töhfə verəcək. 

Türk-İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə universitetinin yaradılması iki qardaş ölkənin əlaqələrinin daha da möhkəmləndirəcək. Pepperoni pizza

“Əvvəlcə onu deyim ki, bu Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi baxımından olduqca strateji addımdır. Bu gün dünya elm və texnologiyada hakim olanların üstün olduğu dünyadır. Bu baxımdan iki qardaş ölkənin intellektual potensialının birləşdirilməsi çox mühümdür. 

Təbii ki, bu universitet ilkin olaraq Azərbaycanda fəaliyyət göstərəcək, amma gələcəkdə Türkiyədə də açılması mümkündür. Bildiyim qədəri ilə, universitet Bakıda fəaliyyət göstərəcək. Ölkə başçısının da dediyi kimi, bu universitet təkcə Azərbaycanın deyil, bütün regionun cazibə mərkəzi olacaq. Azərbaycan təkcə öz coğrafiyası ilə məhdudlaşan mədəniyyəti təmsil etmir, daha geniş təsir dairələrinə sahibdir”. 

Telman Nüsrətoğlu universitetdə hansı bölmələrin açılacağını da qeyd edib.

“Biz bu universiteti Qafqazın ən böyük təhsil mərkəzinə çevirməliyik. Dünyanın önəmli reytinq cədvəllərində ön planda olan universitet halına gətirməliyik. Verilən açıqlamalara görə, universitet başlanğıc olaraq tibb və mühəndislik bölümləri, texnoloji bölümlər olaraq fəaliyyətə başlayacaq. 

Arzu edərdik ki, sosial elmlər, türk dünyası araşdırmaları kimi çox mühüm institutlar bu universitetin tərkibində yaradılsın. Türk dünyasının inteqrasiyasının dərinləşməsi, kultural birliyi və mənəvi dəyərləri nöqtəsində kadrlar yetişdirilin, fəaliyyət və araşdırılmalara davam etsin. Düşünürəm ki, ixtisasların sferası genişlənəcək və bu doğurdan da Azərbaycan və Türkiyə qardaşlığının son dövrlər həyata keçirdiyi ən dəyərli addımlarından biri olacaq”.

Təhsil eksperti Kamran Əsədov Qarabağ Universitetinin fəaliyyəti başlamasının Azərbaycanın təhsil mühitində yeni rəqabətin yaranmasına səbəb olacağını diqqətə çatdırıb.

“Hal-hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və bu ali təhsil müəssisələrinin bakalavr-magistr pilləsində 187 min tələbə təhsil alır. 2024-cü il Azərbaycan təhsili üçün kifayət qədər yaddaqalan il olacaq. Həm Qarabağ Universitetinin, həm də Türkiyə-Azərbaycan universitetinin açılması ölkədə ali təhsil baxımından yeni bir mühit yaradacaq. 

Hazırda Azərbaycan universitetləri arasında ciddi rəqabət yoxdur. Abituryentlərin əksəriyyəti Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Unveristetini seçir. 

Amma Qarabağ Unveristetinin yaradılması və bu universitetdə təhsil alacaq tələbələrə xüsusi olaraq diqqət göstərilməsi indidən abituriyentlər, hətta tələbələr arasında marağın artmasına səbəb olub. Qarabağ Universitetinə indidən köçürülmələrlə bağlı müraciətlər kifayət qədər çoxdur. Bu universitetdə təhsil tamamilə pulsuz, yəni dövlət sifarişli olacaq. Həmçinin yüksək balla qəbul olanlara dövlət tərəfindən əlavə təqaüd veriləcək”. 

Ekspert Qarabağ Universitetində təhsilini başa vurmuş gənclərin əmək bazarında daha yaxşı iş imkanlarına malik olacağını qeyd edib.

“Digər tərəfdən yataqxana və qidalanma xidmətləri pulsuz həyata keçiriləcək. Bu ailələrin sosial vəziyyətinə kifayət qədər müsbət təsir göstərəcək. Ona görə də, Qarabağ Universiteti tələbə qəbulu seçimlərində ölkənin bir çox prestijli universitetini geridə qoyacaq. Abituriyentlərin ən azı 1000 nəfəri Qarabağ Universitetini seçə biləcək. Bu isə özlüyündə yeni rəqabət mühiti yaradacaq. 

Bu universitetin məzunu olmuş gənclərin gələcəkdə əmək bazarında daha yaxşı işlərlə təmin olunma imkanı var. Hətta onların işğaldan azad edilmiş ərazilərdə qalıb yaşamaq və işləmək imkanları meydana çıxacaq. Digər tərəfdən dövlət Qarabağ Universitetində tam müasir və keyfiyyətli təhsili təmin edəcək. Bu universitet kadr, infrastruktur və idarəetmə baxımından olduqca güclü və müasir standartlara uyğun imkanlar yaradacaq”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!