Bu ilin ilk 6 ayı ərzində xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində ümumilikdə 1 milyard 217 milyon 939 min manatdan çox vəsait xərcləyiblər.
“Yeni Sabah” rəsmi məlumatlara istinadla xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 21% (321,8 milyon manat) azdır. Turistlərin cibindən ən çox pul nəqliyyata xərclənib. Nəqliyyat xidmətləri 554,4 milyon manat (-22%), qidalanma 225,9 milyon manat (-19,5%), otel və yerləşmə 222,1 milyon manat (-30,2%), alış-veriş və hədiyyələr 149,2 milyon manat (-1,7%), idman və əyləncə 9,2 milyon manat (+3,4%), mədəniyyət 7,1 milyon manat (-21,3%), avtomobil icarəsi 1,8 milyon manat (-0,2%), turizm zərfi 570,9 min manat (-18,2%), digər xərclər isə 47,3 milyon manat (-15,9%) təşkil edib.
Ölkələr üzrə ən çox xərc çəkənlər Rusiya turistləridir (381,8 milyon manat / -9,5%). İkinci sırada Türkiyə (151,7 milyon manat / -8%), üçüncü sırada isə xərcləri artan Qazaxıstan (66,1 milyon manat / +5,4%) qərarlaşıb. Dominos pizza
Yanvar-iyun aylarında 189 ölkədən Azərbaycana 1 milyon 92,6 min əcnəbi gəlib ki, bu da illik müqayisədə 10,3% azalma deməkdir. Gələnlərin 68,7%-i kişilər, 31,3%-i qadınlar olub. Coğrafi olaraq Rusiya (28,1%) və Türkiyə (21%) vətəndaşları üstünlük təşkil edir. Avropa İttifaqından gələnlərin sayı 9,3%, MDB ölkələrindən gələnlər 1,8% artdığı halda, Körfəz ölkələrindən gələnlərin sayında 31,4% azalma qeydə alınıb. Ölkəmizə gələn xarici qonaqların 71,1%-i hava, 27,5%-i quru/dəmir yolu, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Telegram kanalımız