“Azərbaycana qarşı güclü savaş başlayıb” – Qərbin Bakıdan nə istədiyi məlum oldu

“Azərbaycana qarşı güclü savaş başlayıb” – Qərbin Bakıdan nə istədiyi məlum oldu

Siyasət Veb saytların hazırlanması

03 Dekabr 2023 08:41 2700


“Hazırda ciddi hadisələr baş verir. Avropa Parlamentinin Azərbaycana qarşı ağlasığmaz, qeyri-adi təhqiredici bir sənədi komitə səviyyəsində müzakirəyə çıxarır.O sənədin qəbul edilmə mexanizmini araşdırsanız görərsiniz ki, saytda hələ “qəbul olunmayan” sözünün yazıldığı sənədi artıq “qəbul olunan” kimi ifadə edirlər. Ermənistan artıq bu barədə bizə qarşı kampaniya aparır. Ortada erməni lobbisinin fəaliyyəti var. Bu gün pafoslu səslənsə də deməliyəm ki, Azərbaycana qarşı güclü diplomatik savaş başlayıb”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Gününsəsi.info” saytına müsahibəsində deyib.

Millət vəkili bildirib ki, onun rəhbərlik etdiyi komitə bu barədə sərt bəyanat verib. 

O, Azərbaycana qarşı təzyiqləri və Bakının adekvat reaksiyasını belə şərh edib: “Birinci səbəb odur ki, Ermənistan kapitulasiya sənədi imzalasa da mövqeyini dəyişməyib. İkincisi, bunlar Azərbaycana qarşı kampaniyanı ona görə kəskin şəkildə təşkil ediblər ki, həqiqətlər açılacaq. Söhbət 30 il ərzində Azərbaycan dövlətinə, onun xalqına qarşı cinayətlərin üstünün açılmasından gedir. Bu yerdə bizim məşhur “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsəli yerinə düşür. Digər məsələ, Azərbaycanın davranışını Qərbdəki güclər qəbul etmir. Bu məsələri birlikdə götürəndə “nə baş verir” sualının cavabı ortaya çıxır. Bu saat mənim masamın üzərində Ermənistanla bağlı Avropa Şurasında müzakirə olunacaq sənədlər var. Orada gedən proseslər faktiki baş-ayaq təqdim olunur. Bu gün biz yaxşı bilirik ki, Ermənistanda müxalifətə qarşı nələr olur, jurnalistlər hansı şəraitdə çalışır. Biz bilirik ki, Ermənistan bir əsarətdən çıxıb, digər əsarətə keçir. Bunlar məruzələrdə yoxdur. Ancaq Azərbaycan müstəqil ölkədir. Bizə qarşı kampaniya məhz müstəqil mövqeyimizə görə baş verir. Biz bunu açıq ifadə edirik”.

Səməd Seyidov vurğulayıb ki, Qərbin Azərbaycana qarşı qeyri-obyektiv təsirindən doğan hadisələr var: “Ortadalıqda Azərbaycanın Qarabağdakı qalibiyyətinin həzm olunmamasının görüntüsü var. Ən əsası bizim müstəqil siyasətimizi qəbul etmirlər. Hesab edirlər ki, Azərbaycan bunların aləti olmalıdır. Yaxud da iflasa uğrayan, yazıq, özünü itirmək dövrünü yaşayan məmləkət kimi görmək istəyirlər. Amma Azərbaycan güclü, öz torpaqlarını azad edən bir dövlətdir. Azərbaycan yeni geosiyasi vəziyyətin aparıcı qüvvəsinə çevrilib. Söhbət Türk dünyasında baş verənlərdən gedir”.

Milli Məclisin komitə sədri onu da qeyd edib ki, Qərbdəki məlum qüvvələr Azərbaycandan müstəqilliyimizdən, mənliyimizdən, milli kimliyimizdən imtina etməyi tələb edir: “Bu gün nümayiş olunan Qərbin dəyərlərindən irəli gələn məsələlərə aid deyil. Faktiki əsarətçi siyasətlərini bizə tətbiq edirlər. İndi baş verənlər Qərbin siyasəti deyil. Biz normal, ikitərəfli münasibətlərdə səmimiyik. Cənab O”Braynın təhqiramiz çıxışını unutmadıq. Blinken cənab Prezidentə zəng etdi. Nə oldu, özləri mövqeyini geri götürdülər. İndi həmin şəxsi Azərbaycana göndərirlər və başa düşürlər ki, bizimlə bu tonda danışmaq olmaz. Hesab edirdi ki, onların icazəsi olmadan torpaqlarımızı azad etdiyimiz üçün bizi cəzalandırmalıdırlar. Ona görə də hesab edirlər ki, insan haqları və sair məsələlər adı ilə bizi sıxacaqlar, sanksiyalarla təhdid edəcəklər.

Ermənistan 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti aparıb. Xocalı soyqrımını törədib. Amma sakit, könüllü şəkildə Xankəndindən öz xoşu ilə gedən ermənilərə görə bizi hədəfə alırlar. Ermənistandan qovulan azərbaycanlılar haqqında bir dəfə də danışmayıblar. Qərb əvvəlcə bəyan etsin ki, ən azı 300 min soydaşımızın Ermənistana qayıtmalıdır. Ermənistandan qaçanlar insan yox, amma Xankəndindən gedənlər insandır?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!